Əlaqə Arxiv
news Image
2019.06.20
09:20
| A A A
Dollara qarşı qızıl gedişi
Ruslan Atakişiyev: “Uzunmüddətli perspektivdə dollar özünün hazırkı hegemonluğunu qoruyub saxlaya bilməyəcək”

Dünyada dolların hegemonluğuna qarşı hərəkətə keçən Malayziya Cənub-şərqi Asiyada fəaliyyət göstərəcək yeni valyuta sistemi üzərində çalışır. Bu məsələni Malayziyanın baş naziri Mahathir Məhəmməd Yaponiyanın Osaka şəhərində təşkil edilən 25-ci Beynəlxalq Asiyanın Gələcəyi Konfransında gündəmə gətirib.

Baş nazir bildirib ki, yeni valyuta sistemi qızıla indeksli şəkildə istifadə oluna bilər. Dolların beynəlxalq ticarətdə təkəlçiliyini tənqid edən amerikalı iqtisadçı Stiv Hank “Forbes” jurnalına müsahibəsində bildirib ki, qızıl indeksli təklif son dərəcə əhəmiyyətli məsələdir. Bu, Malayziyanın ABŞ-ın dollar tələsindən qurtulmasına kömək edə bilər. Həmçinin qeyd edib ki, İran, Türkiyə, Rusiya kimi ölkələr qızılı üstün tutaraq Malayziyanın getidiyi istiqamətə gedə bilər. Beləcə önəmli bir qızıl bloku qurulmuş olar.

İqtisadçı Adam Qarrinin fikrincə, təkliflər hələ ki, sözdə olsa da, Asiyanın gənc liderləri Malayziya baş nazirinin sözünə qulaq verməli və bu planın gerçəkləşməsinə çalışmalıdırlar. İqtisadçı bildirib ki, qızıla dollardan fərqli olaraq heç bir ölkə tərəfindən nəzarət edilmir, asanlıqla manipulyasiyaya getmir. Malayziyanın Maliyyə ədliyyəsi hərəkatı naziri Əhməd Kamil Mera qeyd edib ki, qlobal maraqlarını müdafiə edən ölkələr baş nazirin təklifini qəbul edəcəklər. Bundan sonra bəlkə ABŞ prezidenti Donald Tramp belə ölkəsini qızıla istiqamətləndirə bilər. Rusiya Mərkəzi Bankı hazırda qızıl indeksli kriptovalyuta çıxarmaq üzərində çalışır. Çin neft ixracında dolların hegemoniyasını qırmaq üçün qızıl indeksli neft razılaşması əldə edib. Türkiyə də yaxın zamanda valyuta böhranı yaşamış ölkə olaraq bu sahədə Malayziya ilə birlikdə hərəkət edə bilər.

İqtisadçı-ekspert Ruslan Atakişiyev qeyd etdi ki, Malaziya hökumətinin atmaq niyyətində olduğu addım dollara qarşı yeni hərəkatın başlandığını göstərsə də, indilikdə ABŞ valyutası öz hegemon mövqeyini qoruyub saxlamaqda davam edəcək: “Yaponiyanın Osaka şəhərində təşkil edilən 25-ci Beynəlxalq Asiyanın Gələcəyi Konfransında məsələ qaldırılıb ki, təkcə dollar deyil, digər valyutalarda dünya ticarəti prosesində əsas ticarət valyutaları olaraq iştirak edə bilsinlər. Məsələ ondan ibarətdir ki, son dövrlər Rusiya, Çin, Hindistan, İran, Türkiyə və bir sıra digər ölkələr dollardan imtina məqsədilə bir-birilə ticarətdə yerli valyutalardan istifadə etməyi düşünürlər. Məsələn, İranla Hindistan arasında olan ticarət əməliyyatlarında, Türkiyə və Rusiya, hətta Ankara ilə Bakı arasında da bu kimi məsələlər müzakirə olunub.

Azərbaycandan dollarla Türkiyəyə pul göndərildikdə müəyyən kommisiya haqqı tutulduğu halda, manatla göndərildikdə heç bir kommisiya haqqı tutulmur. Bunun özü də iki ölkə arasında əməliyaytlarda milli valyutadan istifadənin sürətlənməsinə gətirib çıxara bilər. Dollara qarşı mübarizə isə artıq bu valyutanın dünyada beynəlxalq ticarət vasitəsindən daha çox, Federal Ehtiyatlar Sistemi (FED) vasitəsilə dünyada müəyyən siyasi təzyiq vasitəsi kimi istifadə olunması fonunda daha da aktuallaşıb. Bir sıra hallarda FED-in uçot dərəcəsini qaldırması və ya azaldılması digər ölkələrin valyutalarına mənfi təsir göstərir. Yəni, bu halda digər ölkələrin maliyyə bazarlarının vəziyyəti nəzərə alınmır. Ona görə də həmin ölkələrdə alternativ valyutaların işə salınması məsələsi gündəmə gətirilib. Kriptovalyutalar da hardasa gələcəkdə dollarlaşmaya alternativ ola bilər. Ancaq hazırkı məqamda dollara qarşı belə hərəkatlar başlasa da, onun ABŞ valyutasına sarsıdıcı zərbə endirə biləcəyini düşünmürəm. Hələlik bu barədə danışmaq tezdir.

Beynəlxalq ticaerətdə əsas valyuta rolunda dollar çıxış etməkdə davam edir. Alternativlərin olması üçün həmin valyutanın da dolların fuksiyasını yerinə yetirmək qabiliyyəti olmalıdır. Amma bütün hallarda sözügedən hərəkətlər ABŞ dollarının hegemonluğuna son qoymaq üçün atılan addımların ilk işartılarıdır. Bu hərəkətlər onu göstərir ki, uzunmüddətli perspektivdə dollar özünün hazırkı hegemonluğunu qoruyub saxlaya bilməyəcək”.

Rüfət NADİROĞLU      
 

 

Sizin Reklam Yeriniz