Əlaqə Arxiv
news Image
2019.06.22
07:00
| A A A
Azərbaycanın yaratdığı uğurlu sosial dövlət örnəyi
Fuad İbrahimli: “Bu sərəncamlar birmənalı şəkildə onu deməyə əsas verir ki, Azərbaycan bununla uğurlu sosial dövlət modelini, nümunəsini ortaya qoya bilib” Musa Qasımlı: “Pensiya, əmək haqqı, müavinət və minimum əmək haqlarının artırılması onu göstərir ki, Azərbaycan dövləti sosial siyasətində əhali üçün daha yaxşı yaşayış şəraiti təmin etməyə çalışır və buna da nail olur””

Azərbaycan dövləti hər zaman öz vətəndaşlarının rifahı naminə çalışdığını əməli fəaliyyətilə dəfələrlə sübut edib. Prezident İlham Əliyevin iyunun 18-də imzaladığı sərəncamlarla minimum əmək haqqı 180 manatdan sentyabrın 1-dən 250 manata yüksələcək. Eyni zamanda  büdcədən maliyyələşən 23 iri təşkilatda çalışanların vəzifə maaşları sentyabrın 1-dən orta hesabla 40 faiz artacaq. Müəllimlərin əmək haqqında isə 20 faizlik artım olacaq. Beləliklə, 600 mini dövlət sektorunda, 350 mini özəl sektorda olmaqla 950 minədək vətəndaşın birbaşa bu sərəncamla aylıq əmək haqqı artacaq. Bundan əlavə, minimum əmək haqqının məbləğinin 250 manata çatdırılması dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə Vahid Tarif Cədvəli ilə müəyyən edilmiş aylıq tarif (vəzifə) maaşları üzrə orta əmək haqqının da orta hesabla 40 faiz artmaqla 265 manatdan 367 manata çatmasına imkan verəcək. Atılan bu addım mühüm islahat xarakterli addımlardandır.

İqtisadçı alim Fuad İbrahimli bildirdi ki, əmək haqlarının artırılması istiqamətində verilən sərəncamlar Azərbaycanın dünya miqyasında nümunə ola biləcək uğurlu sosial dövlət ideyasını müvəffəqiyyətlə həyata keçirdiyinə bariz bir nümunədir: “Əmək haqlarının artımı istiqamətində verilən son sərəncamlar bir daha göstərdi ki, Azərbaycan dövləti və hökuməti hər zaman xalqın rifah halının yüksəlməsi uğrunda çalışır. Bu sərəncamlar həm də birmənalı şəkildə onu deməyə əsas verir ki, Azərbaycan bununla uğurlu sosial dövlət modelini, nümunəsini ortaya qoyub. Sözün açığı, 2019-cu ildə əhalinin rifah halının yüksəldilməsi istiqamətində bir-birinin ardınca çox möhtəşəm sərəncamlar verilib və bu istiqamətdə addımlar atılıb. Həmin sənərcamlar qısa zamanda həyata da keçib. Maaşların, pensiyaların artımı, problemli kreditlərin həllilə bağlı məsələlər bunu deməyə əsas verir. 

Son sərəncamlar isə bir daha təsdiqlədi ki, Azərbaycan uğurlu sosial dövlət nümunəsini ortaya qoymağı bacarıb. Biz artıq bu eranı yaşayırıq. Praktik baxımdan bu artımlar ölkəmizdə heç bir bahalaşmaya səbəb olmayacaq. Məsələ ondadır ki, Azərbaycan bahalaşma probleminin həlli üçün ilk növbədə iqtisadiyyatın kiçilməsinə doğru gedən bir alətdən istifadə etmişdi. Nəticədə maaşların artımı ilə külli miqdarda pulun bazara emissiya olunması qətiyyən manatın ucuzlaşması və qiymətlərin bahalaşmasına təkan verməyəcək. Çünki bu yola gəlmək üçün hökumət məhz iqtisadiyyatın kiçilməsi alətindən istifadə edib. Gedən proseslər ancaq və ancaq sosial rifahın yaxşılaşdırılmasına istiqamətlənib”.

Milli Məclisin deputatı Musa Qasımlı da qeyd etdi ki, son sərəncamlarla Azərbaycan hökuməti uğurlu sosial dövlət nümunəsi yaratdığını bir daha təsdiqlədi: “Cənab Prezident İlham Əliyevin əhalinin rifah halının yüksəldilməsi istiqamətində atdığı son addımlar dövlətimizin sosial rifah dövləti olduğunu, onun xalqın həyat səviyyəsinin daha da yüksəlməsi uğrunda çalışdığını bir daha ortaya qoydu. Dövlət başçısının siyasətinin təməlində Azərbaycan vətəndaşının daha yaxşı yaşaması üçün hərtərəfli imkanların yaradılması, dövlətin qayğısının artırılması durur. Son zamanlar pensiya, əmək haqqı, müavinət  və minimum əmək haqlarının artırılması onu göstərir ki, Azərbaycan dövləti sosial siysətində əhali üçün daha yaxşı yaşayış şəraiti təmin etməyə çalışır və buna da nail olur”.

R. SOLTANOV

 

Sizin Reklam Yeriniz