Əlaqə Arxiv
news Image
2019.06.25
10:35
| A A A
Ehtiyatlarımızdakı dolların bir hissəsi qızılla əvəzlənə bilər
Vüqar Bayramov: “Mərkəzi Bankların digər vasitələrə, o cümlədən qızıl alışına əl atması birbaşa risqlərdən sığortalanmaq və yığımların şaxələndirilməsilə bağlıdır”

Son zamanlar dünya miqyasında mərkəzi banklar dollar ehtiyatını qızılla əvəzləyirlər. Yəni qızıla maraq artıb. Buna səbəb nədir və belə vəziyyət dollar üçün nə vəd edir? Azərbaycan bu durumda hansı addımlar atmalıdır?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirdi ki, Mərkəzi Bankların dollar ehtiyatını qızılla əvəzləməyə keçmələri riqslərdən sığortalanmaq və yığımların şaxələndirilməsilə bağlıdır: “Ölkələr öz ehtiyatlarını diversifikasiya etməkdə maraqlıdırlar. Ona görə də vəsaitlərini yalnız ABŞ dollarında saxlamırlar. Vəsaitlərini fərqli valyutalar, o cümlədən qiymətli kağızlar, səhmlər, qızılda da saxlamağa üstünlük verirlər. Baxmayaraq ki, yenə də dollar dünyanın aparıcı yığım vasitəsi olaraq qalır.

Dünya ehtiyatlarının təxminən 60 faizi dollarla saxlanılır. Amma valyuta strukturunun həcmi göstərir ki, son illər ABŞ dolları ilə yığılan ehtiyatların həcmi azalıb, avro və digər valyutalarda isə daha çox ehtiyatların saxlanılması müşahidə olunur. Yəni bu günün özündə ABŞ dolları ilə yığım prosesi dominant olsa belə, son bir ilin yekunları dollar üşün heç də nikbin rəqəmlərlə ifadə olunmayıb. Lakin bütün bunlara rəğmən, dollar hələ ki, aparıcı mövqeyini qoruyub saxlaya bilib.

Mərkəzi Bankların bu mənada digər vasitələrə, o cümlədən qızıl alışına əl atması birbaşa risqlərdən sığortalanmaq və yığımların şaxələndirilməsilə bağlıdır. Çünki Ağ Ev, xüsusən də prezident Donald Trampın dolların ucuzlaşması ilə bağlı təzyiqi vardır. Bu da nəticə etibarı ilə əvvəlki dövrlərdə Federal Ehtiyatlar Sisteminin qərarlarına təsir etməsə də, indi təsir edib. FED belədə indi Ağ Evin təklifləri, bəzi hallarda tənqidlərini və hədələrini nəzərə almaq məcburiyyətindədir. Ona görə də uçot dərəcəsinin azaldılması planları belə müzakirə olunur. FED-in son yığıncağında uçot dərəcəsinin dəyişdirilməməsilə bağlı qərar qəbul olundu. Uçot dərəcəsinin azaldılması ilə bağlı qərar verilərsə, bu dolların dəyərinin zəifləməsinə gətirib çıxara bilər. Təbii ki, dünya yığımında dolların çəkisinin azalması Vaşinqton üçün arzuolunan deyil. Ancaq hələlik dollar aparıcı mövqeyini qoruyub saxlayır. Yığımların 60 faizi dollarla, 25 faizi avro ilədir. Ona görə növbəti illərdə də dollar öz hakim mövqeyini qoruyub saxlayacaq. Dolalrın payının azalması da mərhələli şəkildə gedir”.

Bu situasiyada Azərbaycanın atmalı olduğu addımlara gəldikdə, həmsöhbətimizin fikrincə,  ölkəmiz də öz ehtiyatlarını şaxələndirməlidir: “Mərkəzi Bank, Dövlət Neft Fondu qızıl ehtiyatlarını artırıb. Qızıl ehtiyatların artırılması, vəsaitlərin səhmlərə, daşınmaz əmlaka yönəldilməsinin artırılmasına ehtiyac vardır. Azərbaycan çalışmalıdır ki, yığımların strukturunu şaxələndirsin. Bununla da bir valyutadan, dollardan asılılığı minimumlaşdıra bilsin”.

Rüfət NADİROĞLU    

 

 

 

Sizin Reklam Yeriniz