Əlaqə Arxiv
news Image
2019.06.28
09:15
| A A A
Sığorta probleminin çözümü uzanır
Nicat Əlibəyli: «Əhaliyə aşınlanmalıdır ki, sığorta onların öhdəliyində olan məsələdir, bundan mütləq faydalanmaq lazımdır»

Son günlərin əksər xəbər başlıqlarının "traktor ot qarışıq yandı", "əkin sahəsində yanğın baş verdi", "avtomobilin yanması səbəbindən yolda tıxac baş verdi", "2 mərtəbəli ev əşyaları ilə birgə yandı" olması həmişə aktual olan sığorta məsələsini bir daha gündəmə gətirir. Nədəndirsə, digər ölkələrdən fərqli olaraq Azərbaycanda sığorta əhali arasında sözün əsl mənasında yaxşı təbliğ oluna bilmir, bu səbəbdən də insanlar istənilən sahədə olunan sığortalara maraq göstərmir.

Səbəb nədir? Sığortaya inamsızlığın kökündə nə dayanır: inamsızlıq, sığorta şirkətlərinin əhalini get-gələ salması, yoxsa maarifləndirmə işinin zəif aparılması?

Sığorta üzrə mütəxəssis Nicat Əlibəyli ilə yuxarıda sadaladığım suallara aydınlıq gətirməyə çalışırıq. Ekspert bildirdi ki, ölkədə 2012-ci ildən avtomobillərlə yanaşı, əmlakın sığortalanması da icbari xarakter daşıyır: "Bakı şəhərində 50 manat ödəməklə əmlakı 25000 manatlıq sığortalamaq mümkündür. Burada 250 manat franşiza (sığorta hadisəsi zamanı sığorta şirkətinin öz üzərinə götürmədiyi məbləğdir-müəl.) olur. Yəni sadə dillə desək, evə 1000 manatlıq ziyan dəyibsə, sığorta şirkəti 250 manatı çıxır, 750 manat ödəyir.  Əmlakın sığorta xərcinin məbləği regionlar üzrə dəyişir. Belə ki, Naxçıvan, Gəncə, Sumqayıtda sığorta üçün 40 manat ödəmək lazımdır, bu zaman sığorta şirkəti 20000 manatlıq öhdəlik daşıyır, burada franşiza 200 manat olur. Rayonlarda isə əmlakın sığortalanması əmlak sahibinə 30 manata başa gəlir, sığorta şirkəti burada 15 min manat öhdəlik daşıyır, franşiza isə 150 manat dəyərləndirilir".

Nicat müəllim qeyd etdi ki, avtomobillərə və əmlaklara şamil  olunan icbari sığorta qanunla tənzimlənsə də, sığorta şirkətləri çalışdığı qədər maarifləndirmə və reklam işi apararaq əhalini sığortaya cəlb etməyə çalışırlar: "Bu yaxınlarda çəkilib ictimaiyyətə tanıdılan videoçarx buna ən gözəl misaldır. Lakin sığorta şirkətləri və agentliklərində sığorta sahəsində çalışan insanlar bununla kifayətlənməməli, bu sahədə maarifləndirmə işlərini fasiləsiz aparmalıdır. Sığorta şirkətləri müəyyən çərçivədə fərdi olaraq maarifləndirmə işləri görür. Müəyyən posterlər çıxarır, broşüralar hazırladıb vətəndaşların qapılarına qədər aparsalar da, sığortaya cəlb olunma işləri çox zəifdir. Nəzərə alaq ki, hər zaman KİV-lərdə sığortaya geniş yer ayrılmağına rəğmən, əhalinin sığortaya cəlb olunması yenə təəssüf ki, faiz nisbətində çox az təşkil edir. Bütün sadaladıqlarımız görünür,  sığortaya maraq üçün kifayət etmir, buna müəyyən bir təsir mexanizmi olmalıdır". 

"Maarifləndirmənin istənilən effekti vermədiyi təqdirdə çıxış yolu nədədir?" sualımıza sığorta eksperti cavab verdi ki, hər bir bölgənin, rayonun, qəsəbənin icra strukturu, bələdiyyəsi, yaxud icra hakimiyyətinin hər hansı bir qurumu bu işlərlə məşğul olmalı, sırf maarifləndirmə işində vətəndaşlarımıza müəyyən lazımi məlumatlar çatdırılmalıdır: "Əhaliyə aşınlanmalıdır ki, sığorta onların öhdəliyində olan məsələdir, bundan mütləq faydalanmaq lazımdır. İndiki zamanda 50 manat elə böyük bir məbləğ deyil, amma 50 manatla evini sığortalayan vətəndaş, hətta qonşusu tərəfindən təmir və ya digər səbəbdən başına su axıdılarsa, təmiri zay olarsa, sığorta şirkəti bu zərəri qarşılayacaq. Bunu çox az adam bilir. Yəni maarifləndirmə yetərincə aparılsa, bunu hər bir vətəndaş bilsə, o zaman hamı evini sığorta etməyə tələsəcək. Əmlak sığortasını avtomobil sığortasından fərqləndirən cəhət məhz budur. Belə ki, avtomobillərdə sığorta 3-cü şəxs üçün nəzərdə tutulub. Qarşı tərəfə bizim təqsirimiz ucbatından dəymiş zərərin qarşısını alır. Əmlakda isə bu, artıq əmlakın sığortasıdır. Biz evimizi sığortalayırıqsa, kənar şəxslərin müdaxiləsinə görə də ödəniş düşür.

Evlər notarial qaydada alınanda vətəndaş sığortadan yayına bilmir, icbari halda əmlakı 1 illik sığortalanır. Əfsus ki, növbəti illərdə vətəndaş buna maraq göstərmir". Sonda Nicat Əlibəyli qeyd etdi ki, əmlakın sığortalanmasında sığorta şirkətləri maraqlıdır: "Onlar hətta 1 illik sığortası başa çatmış mənzil sahiblərinə zəng edərək onları yenidən sığortaya dəvət edir, təəssüf ki, çox aşağı faiz nisbəti ilə onları yeniləyə bilirik.

Hamımız çalışaq maarifləndirmə işində sığorta şirkətlərinin təbliğində əlimizdən gələn köməkliyi əsirgəməyəq. Sığorta şirkətləri də çalışmalıdır ki, sığorta ödənilərkən bürokratik əngəllərə yol verilməsin, əhalini süründürməçilik kimi xoşagəlməz hallara yol verilməsin".

 

Elnurə ABUŞOVA

 

 

 

 

Sizin Reklam Yeriniz