Əlaqə Arxiv
news Image
2019.06.28
10:00
| A A A
Plastik qablarda yol qırağında satılan benzinlə bağlı böyük təhlükə
Mahmud Hacıyev: “Benzinin plastik qablarda satılması ümumiyyətlə, yolverilməzdir” Eyyub Hüseynov: “Plastik qablarda satılan benzindən istifadə edilən avtomobillərin mühərrikində problemlər yaranır”

Bakıətrafı bəzi qəsəbələrdə, eləcə də rayonların bir çox kəndlərində  plastik qablarda benzin doldurub satmaqla məşğul olunmasına tez-tez rast gəlinir. Öüz də bəzən yol kənarlarında plastik qablarda satılan benzin saatlarla günəş şüalarının təsiri altında qalır.  Belə qablarda satılan benzinin qiyməti nisbətən baha olsa da, xüsusilə də yanacaqdoldurma məntəqələrinin olmadığı yerlərdə buna tələbat var. Bu hal istər-istəməz təhlükəsizliklə bağlı ciddi suallar doğurur.

Sabiq polis polkovniki Mahmud Hacıyev bildirdi ki, plastik qablarda benzin satılması qanunazidd əməldir: “Plastik qablara benzin doldurub satılması olduqca təhlükəli tendensiyadır. Plastik qabın özü başdan-ayağa təhlükəli, zəhərli, tez alışmağa qadir, partlayışa meylli kimyəvi maddələrlə doludur. Bu mənada plastik qablara benzin doldurub satmaq təhlükəli olmaqla yanaşı, həm də qanunsuzdur.

Hazırda dünya miqyasında plastik qablar olduqca ciddi problemə çevrilib. Ona görə də sivil dünya onlardan azad olmağa çalışır. Plastik qablar güclü radiasiyaya malik olduğundan ABŞ və Yaponiyada dövlət səviyyəsindən ondan xilas olmağın yolları müzakirə olunur. Yaponiya öz ətrafındakı okean sularını plastik qablardan təmizləyir. Bununla bağlı yaponlar Rusiyaya qarşı Beynəlxalq İqtisad Məhkəməsinə müraciət etməyi düşünürlər. Çünki dənizə daha çox plastik qabları atan elə Rusiya gəmiləridir. Ölkəmizdə isə bunun əksinə olaraq plastik qablarda hətta benzin də satırlar. Yanacaqdoldurma məntəqələri olduğundan benzinin plastik qablarda satılması ümumiyyətlə, yolverilməzdir”.

Həmsöhbətimiz problemlə mübarizə üçün kompleks tədbirlərin görülməsini vacib bildi: “Prosesin qarşısını almaq üçün düşünürəm ki, bələdiyyələr, icra hakimiyyət nümayəndələri polislə birgə kompleks tədbirlər keçirməlidir.  Yolun kənarında plastik qablarda benzin satılması həmçinin xarici arxitektur görkəminə pis təsir edən amillərdən biridir”.

“Azad İstehlakçılar” İctimai Birliyinin sədri Eyyub Hüseynov qeyd etdi ki, plastik qablarda satılan benzindən istifadə edilməsi avtomobil hissələrinin tez sıradan çıxmasına gətirib çıxarır: “Plastik butulkalar ətraf mühitin çirkləndirilməsində “mühüm” rol oynayır. Bölgələrimizdə benzinin də plastik qablara tökülərək satılması halarına rast gəlinir. Benzin isə kifayət qədər kimyəvi aktivli maddədir. Bu özünü xüsusən də isti yay aylarında göstərir.

Şübhəsiz ki, belə vəziyyətdə plastik qabların tərkibindəki kimyəvi maddələr benzinə də keçir. Nəticədə həmin benzindən istifadə edilən avtomobillərin yanacaq sistemində, mühərrikində problem yarana bilər. Xüsusilə də isti havalarda həmin qablardakı benzinin keyfiyyəti aşağı düşdüyündən ondan istifadə edildikdə avtomobilin bəzi detallarının sıradan çıxması da gözləniləndir. Ona görə də sürücülər heç bir halda, plastik qablarda satılan benzini almamalı, saxlanma şəraitinə və keyfiyyətinə nəzarət edilən benzin almalıdırlar.

Qaydalara görə, benzin mütəmadi olaraq təmizlənən xüsusi çənlərdə saxlanılmalıdır. İstər onun saxlanılma şəraiti, istərsə də satışı zamanı xüsusi nəzarət həyata keçirilməlidir. Ancaq məsələ ondadır ki, ölkəmizdə plastik qablarda satılan benzinə tələb olduğundan, həmin proses də belə demək mümkünsə, “çiçəklənir”. Bu tendensiyaya qarşı administrativ yolla mübarizə aparılmalıdır. Məsələn, Vergilər Nazirliyi plastik qablarda benzin satanları vergiyə cəlb etməklə onları kassa çeki vermədikləri üçün həmin prosesdən uzaqlaşdıra bilər”.

Rüfət NADİROĞLU

 

 

 

 

Sizin Reklam Yeriniz