Əlaqə Arxiv
news Image
2019.07.13
09:00
| A A A
Valyutadəyişmə məntəqələrindən hələ də bir xəbər yoxdur
Vüqar Bayramov: «Xarici turistlərin rahat və asanlıqla valyuta mübadiləsini aparması üçün ayrıca məntəqələrin açılması zəruridir»

Son illərdə Azərbaycana gələn turistlərin sayında nəzərəçarpacaq artım var. 2018-ci ilin rəsmi statistikasına əsasən ölkəmizə 2 milyon 850 min turist gəlib ki, bu da əvvəlki illərlə müqayisədə ən yüksək göstəricidir. Yalnız son bir ildə ölkəmizə gələn turistlərin sayında 6 faiz artım qeydə alınıb. 2017-ci ildə Azərbaycan 2 milyon 697 min turisti qəbul etmişdi.

Bir ölkəyə turist gəlirsə, o özüylə həm də xarici valyuta gətirir. Gətirdiyi valyutanın çox hissəsini xərcləyən turist bununla öz istirahətini daha rahat və mənalı təşkil etməyi hədəfləyir. Bəllidir ki, xarici valyuta ilə ölkəmizdə əməliyyat aparmaq, ödəniş həyata keçirmək qanunla qadağandır. Buna görə də əcnəbi hökmən valyutasını manata dəyişdirməlidir. Mərkəzi Bankın statistikasına görə, 2015-ci ildən başlayaraq Azərbaycanın xarici turizmdən gəliri xərclərini keçib. Turizm sektorundan gəlirin artması əsasən turistlərin ölkəmizdəki xərclərinin artması ilə bağlıdır.

Bu istiqamətdə son 2-3 ildə ən çox müzakirə edilən mövzulardan biri də əcnəbi turistlərin xərcləmək üçün gətirdikləri valyutanı manata mübadilə etməkdə çətinlik çəkmələridir. Valyuta mübadilə məntəqələrinin failiyyətini dayandırmasının ardından bu məsələ aktual mövzuya çevrilib. Xarici turistlərin dəfələrlə, hətta Bakıda valyuta dəyişmə məntəqəsi axtarması faktına rast gəlinib.

Bunu problem hesab etməyənlər düşünür ki, əcnəbilər daha müasir, nağdsız mübadilə əməliyyatları aparmağa qadirdilər və buna görə də ayrıca valyuta dəyişmə məntəqələrinin olmaması problem deyil. Qərbi Avropa, ABŞ, Yaponiya kimi ölkələrdən gələn turistlərin əksər hissəsi plastik kartlardan istifadə etməklə mübadilə əməliyyatı aparmaq və ya birbaşa ödəniş etmək vərdişlərinə sahibdirlər. Amma Azərbaycana gələn turistlərin heç də hamısı bu vərdişləri mənimsəməyiblər. Statistika əsaslansaq görərik ki, ölkəmizə gələn əcnəbi turistlərin böyük hissəsi inkişaf etməkdə olan dövlətlərin vətəndaşlarıdır. Bu ölkələrin sakinləri 2016-cı ilə qədər Azərbaycanda olduğu kimi ayrıca valyuta mübadilə məntəqələrində əməliyyat aparmaq təcrübəsinə malikdirlər. 

Fiziki şəxslər tərəfindən yaradılması nəzərdə tutulan valyuta mübadilə məntəqələri yalnız nağd əməliyyatlar apara bilir. Turistlərin müəyyən hissəsi plastik kartlar vasitəsilə mübadilə əməliyyatı aparsa da bəzi turistlər nağd mübadiləyə ehtiyac duyur. Xüsusən həftənin şənbə və bazar günlərində bankların və poçt məntəqələrinin əksəriyyəti fəaliyyət göstərmədiyindən nağd formada valyuta mübadiləsini aparmaq müşkülə çevrilir.  

Buna görə də nağd mübadilə aparmaq istəyən əksər turistlər hökmən valyuta mübadilə məntəqəsi axtarmağa məcbur qalır. İndiki vəziyyətdə mübadilə məntəqələri defisit olduğundan turistlər daha rahat və istədikləri qədər pul xərcləyə bilmir. Deməli, mübadilə məntəqələrinin olmaması həm də turistlərin xərclərinə də təsir edir. Yəni, turistlər özləri ilə gətirdiyi valyutanın bir hissəsini mübadilə edə bilmədiyindən geri aparmalı olur.

Valyuta mübadilə məntəqələrinin lisenziyası Mərkəzi Bank tərəfindən 2016-cı ilin yanvarın 13-də ləğv edilib. Buna səbəb valyutadəyişmə obyektlərinin süni məzənnə artımlarına əsas yaratması olub. Hazırda valyuta mübadilə əməliyyatları bankların baş ofisində, filial və şöbələrində, eləcə də ödəniş terminallarında həyata keçirilir.

2018-ci ildə qüvvəyə minən qaydalar fiziki şəxslər tərəfindən valyuta mübadilə məntəqələri açılmasına icazə verir. Lakin bunun üçün qoyulan tələblər o dərəcədə sərtləşdirilib ki, ayrıca məntəqəni açmaq heç kimə sərf etmir. Qaydalara əsasən Bakıda valyuta mübadilə məntəqəsinin açılması üçün xüsusi tələblərə cavab verən bina, xüsusi avadanlıqlar olmalıdır. Eyni zamanda məntəqənin işləyə bilməsi üçün böyük məbləğdə girov depoziti qoyulmalıdır.

Şərtlərin ağır olması səbəbindən ayrıca mübadilə məntəqələrinin açılması faktına rast gəlinmir.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri, iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki, ayrıca valyuta mübadilə məntəqələrinin açılmasına böyük ehtiyac var. Onun fikrincə, bu, həm valyuta xidməti bazarənda rəqabəti artırar, həm qara bazarda əməliyyatları azaldar, həm də ölkəmizə gələn turistlər üçün daha əlverişli şərait yaranar. O qeyd etdi ki, xarici turistlərin rahat və asanlıqla valyuta mübadiləsini aparması üçün ayrıca məntəqələrin açılması zəruridir.

Ekspert söylədi ki, valyuta mübadilə məntəqələrinin açılması qanunla qadağan edilmir. Ancaq mövcud olan tələblər çox ağırdır və bu şərtlər daxilində valyutadəyişmə məntəqəsini açmaq əlverişli deyil.  Buna görə də V.Bayramov şərtlərin yüngülləşdirilməsini təklif edir. Onun sözlərinə görə, tələb edilən depozit məbləği çoxdur, bu məbləğ ciddi şəkildə azaldılmalıdır. Bayramov depozit məbləğinin həm manat, həm də dollarla olan hissəsinin 5 dəfə azaldılmasını tövsiyə edir.

Valyuta mübadilə məntəqəsinin açılmasına lisenziya almaq üçün girov vəsaitinin məbləği məntəqənin yerləşdiyi yerdən asılı olaraq dəyişir. Əgər məntəqə Bakıda fəaliyyət göstərəcəksə, tələb olunan girov məbləği 50 000 manat və 50 000 dollardır. Abşeron rayonunda, Sumqayıt və Gəncə şəhərlərində valyuta mübadilə məntəqələri açmaq istəyənlər 25 000 manat və 25 000 dollar girov qoymalıdır. Digər bölgələrdə bu işi həyata keçirmək istəyənlər isə 10 000 manat və 10 000 dollar girov ödəməlidir.

V.Bayramov hesab edir ki, valyuta mübadilə məntəqəsinin açılmasından ötrü qeyd edilən qədər yüksək depozit məbləğinə ehtiyac yoxdur. Onun qənaətincə, böyük depozit məbləği tələb etməkdənsə nəzarətin gücləndirilməsi daha yaxşı olardı.  Valyuta mübadilə məntəqələrinin açılışına lisenziya almaq üçün məntəqə ilə bağlı xüsusi və ağır texniki şərtlər də mövcuddur. Şərtlərə əsasən, məntəqənin böyük sahəsi olmalıdır, tavanı betonla örtülməlidir, güllə keçirməyən şüşəarakəsmə olmalıdır, odadavamlı seyf yerləşdirilməlidir və s. Ekspert deyir ki, bu şərtlərin də yüngülləşdirilməsi vacibdir. Onun fikrincə, bu məsələləri bazar özü tənzimləyəcək. Belə ki, heç kəs kiçik, darısqal yerdə valyuta mübadilə etməkdə maraqlı olmayacaq və buna görə də sahibkar məcbur qalıb yaxşı texniki imkanları olan məntəqədə fəaliyyət göstərməli olacaq.

V.Bayramov onu da əlavə etdi ki, valyuta mübadilə məntəqələrinin lisenziya verilmə şərtlərinin yüngülləşdirilməsi bir neçə min yeni iş yerinin açılmasına da imkan yaradar. O qeyd etdi ki, valyuta mübadilə məntəqələrinin bağlanması 6 minı yaxın insanın iş yerini itirməsinə səbəb olmuşdu.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz