Əlaqə Arxiv
news Image
2019.07.18
09:56
| A A A
Buğda istehsalına güclü dəstək var, amma idxaldan asılılıq azalmır
Azərbaycanda buğda ilə özünütəminetmə 58 faizdir

2019-cu ildə də ölkəmizə buğda idxalında artım müşahidə edilir. Dövlət Gömrük Komitəsinin ilin birinci yarısına dair açıqladığı statistika göstərir ki, Azərbaycana ümumi dəyəri 130,2 milyon dollar olan 576,5 min ton buğda idxal olunub.

Altı ay ərzində Azərbaycana idxal olunan buğdanın dəyəri 35,4 milyon dollar artıb ki, bu da 2018-ci ilin birinci yarısına nisbətən 37,3% faiz çoxdur. Miqdar ifadəsində də buğda idxalında artım qeydə alınıb. 2019-cu ilin birinci yarısında xaricdən alınan buğdanın çəkisi 37,7 min ton və ya 7% artıb.

Yanvar-iyun aylarında ümumi idxalda buğda idxalının payı 1,86%  təşkil edib.

Azərbaycanda buğda istehsalının artırılması məqsədilə istehsalçılara hər il böyük dövlət dəstəyi göstərilir. İstehsalçılar motor yağları, yanacaq və bir hektar əkinə görə dövlətdən 90 manat subsidiya alır.

Aqrar sektora yüksək diqqət fonunda niyə buğda idxalından asılılığın sonu çatmır?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Nicat Nəsirli deyir ki, Azırbaycanın buğda istehsalını artırmaq üçün potensialı var. “Tələbatımız da böyük deyil”, - söyləyən Nəsirli ölkəmizin ərzaq buğdasına olan illik tələbatının təxminən 1,8 milyon ton olduğunu bildirdi. Onun verdiyi məlumata əsasən, bundan 300 min ton çox buğda istehsal edirik, amma onun çox hissəsi heyvan yeminə gedir. Ekspert qeyd etdi ki, əhalinin istehlakı üçün Azərbaycana 2-2,1 milyon ton buğda tam kifayət edir.

 

 

Ölkəmizdə buğda istehsalçıları digərlərinə görə daha çox subsidiya alır. Ümumilikdə bir hektar sahədə buğda əkənə verilən subsidiya 90 manatdır. 2007-ci ildən buğda istehsalçılarına subsidiya ayrılır. Mövcud qaydalara əsasən subsidiya kəmiyyət göstəriciləri əsasında verilir. Yəni, bir hektar sahədə buğda əksən bu subsidiya məbləğini alırsan.

N.Nəsirli hesab edir ki, buğda istehsalının kifayət qədər olmamasının əsasında həm də subsidiyanın verilmə meyarı dayanır. Onun bildirdiyinə görə, dünyanın əksər ölkələrində subsidiya kəmiyyətə görə yox, keyfiyyətə görə verilir: “Əgər subsidiya istehsal edilən məhsula görə verilərsə istehsalda ciddi artıma nail olmaq imkanları var. Əksər ölkələrdə keyfiyyət göstəricisi əsas götürülərək subsidiya verilir. Bizdə də 2020-ci ildən yeni qaydalar qüvvəyə minəcək. Subsidiya almaq üçün fermerdən sertifikatlı buğda əkilməsi, məhsuldarlığın müəyyən səviyyədə olması tələb olunacaq”.

Ekspert dedi ki, Azərbaycanın buğdaya olan illik tələbatı 3 milyon tondan artıqdır. O, bu ildən buğda əkilən sahələrin genişləndiyini və yığımların artdığını söylədi: “Buğda yığımı hələ başa çatmayıb, amma buğda istehsalı 2 milyon tonu ötüb. İstehsal artsa da yerli istehsal tələbatı ödəyə bilmir. Problemin kökündə də məhsuldarlığın az olması dayanır”.

Azərbaycanda kənd təsərrüfatı məhsulları istehsalının subsidiyalaşdırılması qaydası 2020-ci ildən dəyişəcək. Bununla bağlı Azərbaycan Prezidenti 2019-cu il iyunun 27-də Fərman imzalayıb. Fərmana əsasən, subsidiyalar sadəcə əkin sahəsinə görə yox, həm də istehsal edilən məhsulun miqdarına görə ayrılacaq. Dəyişiklik buğda istehsalçılarına da aiddir.

Hazırda yanacaq və motor yağlarına görə dövlət büdcəsinin vəsaiti hesabına 50 manat, habelə buğda və çəltik əkinlərinə görə əlavə 40 manat məbləğində subsidiya ödənilir.

Qaydalara görə, gələn ildən yanacağ və motor yağlarına görə subsidiya verilməyəcək. Əvəzində kənd təsərrüfatı istehsal vasitələrinə, yəni biohumus, sertifikatlı toxum, ting və pestisidə görə subsidiya ayrılacaq. Buna əkin subsidiyası deyiləcək.  

Əsas yenilik növbəti ildən istehsal edilən məhsula görə subsidiyanın verilməsi olacaq. Bu subsidiyaya məhsul subsidiyası deyiləcək. İstehsalçı təhvil verdiyi məhsulunun hər tonuna görə əkin subsidiyası üçün aldığı subsidiyaya əlavə olaraq subsidiya alacaq.

Bitkiçilik sahəsində subsidiyaların (əkin və məhsul üçün) hesablanmasında baza məbləğindən və əmsalardan  istifadə ediləcək. Baza məbləği 200 manat müəyyən edilib. Əkin əmsalı isə Aqrar Subsidiya Şurası tərəfindən müəyyən olunacaq.   

Əmsalın yüksək olması alınacaq subsidiyanın artması ilə nəticələnəcək.

Ayrılan subsidiya daxilində alınan gübrələrin və biohumusun dəyərinin 70 faizi əkin subsidiyası hesabına ödənməlidir, 30 faizini isə fermer ödəməlidir. 

Kooperativlər daha çox subsidiya ala biləcəklər. İstifadəsində olan 50 hektardan çox torpaq sahəsində aparılan əkinə və ya çoxillik əkməyə görə kənd təsərrüfatı kooperativlərinə əkin subsidiyası 10 faiz artırılmaqla tətbiq ediləcək.

Subsidiyalaşdırmada yeni qaydaların tətbiq edilməsində əsas məqsəd ekspert N.Nəsirlinin qeyd etdiyi kimi istehsal keyfiyyətinin və məhsuldarlığın artırılmasıdır. 

Əlavə edək ki, son illərdə yerli buğda istehsalı ilə özünütəminetmə səviyyəsi yaxşılaşsa da idxaldan asılılıq yüksək səviyyədə qalır. 2007-ci ildə buğdaya olan tələbatın 48 faizi yerli istehsal hesabına təmin edilirdisə, 2017-ci ildə bu göstərici 58,1 faiz olub. "Taxılçılığın inkişafına dair Dövlət Proqramı"na əsasən 2023-cü ildə yerli istehsal hesabına buğdaya olan tələbatın 60 faizi ödəniləcək.

Rəsmi statistikaya əsasən, 2017-ci ildə buğdanın 2,24 milyon tonu un istehsalına, 504 min tonu mal-qara və quş yeminə, 147 min tonu toxum üçün, 242,5 min tonu isə itkiyə gedib.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz