Əlaqə Arxiv
news Image
2019.07.20
09:00
| A A A
Manatın bank sektorunda da mövqeyi güclənir
Milli valyuta ilə əmanət saxlamaq daha böyük gəlir gətirir

2019-cu il iyun ayının 1-nə olan məlumata əsasən əhalinin banklardakı əmanətlərinin milli valyuta ekvivalentində məbləği əvvəlki ilin eyni dövrü ilə müqayisədə 9,6 faiz artaraq 8 milyard 622,9 milyon manat təşkil edib. Əmanətlərin 57,4 faizi xarici, 42,6 faizi isə milli valyutada qoyulub. Milli valyutada olan əmanətlər ötən ilin müvafiq dövrünə nisbətən 25,8 faiz artıb, xarici valyutada əmanətlər isə təqribən eyni səviyyədə qalıb.

Milli valyutada olan əmanətlərin artmasını şərtləndirən səbəblən hansılardır? Prosesin davamlı xarakter alacağınl gözləmək olarmı?

Ekspert Əkrəm Həsənov manatla olan əmanətlərin həcminin artmasını iki səbəblə əlaqələndirir. Birinci səbəb kimi o, manatla qoyulan əmanətlər üzrə faiz dərəcəsinin xarici valyutada olan əmanətlərə nisbətən dəfələrlə yüksək olmasını göstərdi. Ə.Həsənov xatırlatdı ki, iyul ayına qədər milli valyutada qoyulan əmanətlər üzrə sığortalanan maksimum faiz dərəcəsi 15 faiz, xarici valyutada 3 faiz idi. Ekspertin fikrincə manatla olan əmanətlərə xarici valyutada olan əmanətlərə nisbətən 5 dəfə çox faiz ödənilməsi manatla əmanət yerləşdirilməsini cəlbedici edib: “Banklarda xarici valyutada qoyulan əmanətlərə verilən faiz olduqca aşağıdır. Xarici valyutada 3 faizə qədər qoyulan əmanətlər sığortalansa da bankalar bu dərəcə ilə əmanət qəbul etməyib. Əksər banklar xarici valyutaları illik 2 faiz və hətta bir qədər də aşağı dərəcə ilə qəbul edib. Amma manatla olan əmanətlər üzrə faiz dərəcəsi olduqca yüksək idi”.

Ə.Həsənov hesab edir ki, manatla əmanət yerləşdirilməsinin artması devalvasiya qorxusunun azalması ilə də bağlıdır. Onun sözlərinə görə, ikinci əsas səbəb budur: “Manatla əmanət saxlanılmasının bir səbəbi də devalvasiya təhlükəsinə inamın zəifləməsidir. Neftin qiyməti sabitləşib və mövcud səviyyə Azərbaycana sərf edir”.

Bununla yanaşı, ekspert hələ də bir çox insanın məzənnə dəyişikliyindən ehtiyat edərək dollarla əmanət saxlamağa üstünlük verdiyini vurğuladı: “Azərbaycanda əmanəti olanların əksər hissəsi pulunu banka qazanmaq üçün qoymur. Sadəcə, pulu çoxdur və pulunu evdə saxlamaqdan qorxduğundan bir hissəsinə əmlak alır, bir hissəsini yanında saxlayır, bir hissəsini isə banka qoyur. Bu mənada manatla əmanətlərin artması xüsusi hal deyil. Əsas olan odur ki, xarici valyutada 1-2 faizə əmanət qəbul edilsə də, yenə də əmanətlərin çox hissəsi xarici valyutada saxlanılır. Bu o deməkdir ki, insanların bir çoxu hələ də məzənnə dəyişikliyindən ehtiyat edirlər.

Amma bir qism insan var ki, onun üçün əsas pul qazanmaqdır. Bu insanlar əmanət yerləşdirən zaman faiz dərəcələrinə diqqət ayırır. Elə adamlar da var ki, gəliri artmaq üçün dollarda saxladığı əmanətin bir hissəsini manata dəyişir. Gəlir əldə etmək istəyənlərə milli valyutada pul qoymaq daha çox sərf edir, nəinki xarici valyutada. Buna görə də son bir ildə manatla olan əmanətlərin həcmi artıb”.  

Ə.Həsənov qarşıdakı aylarda da manatla olan əmanətlərin həcminin artmasının mümkün olduğunu bildirdi: “İyulun 1-dən manatla qorunan əmanətlər üzrə dərəcə 10 faizə, xarici valyuta ilə qorunan əmanətlərdə 2,5 faizə salınıb. Görürük ki, manatla olan əmanətlərə verilən gəlir yenə də yüksəkdir. Buna görə də qarşıdakı bir ildə də artım davam edəcək. Amma artım çox olmayacaq. Düşünürəm ki, artımdan sonra manatla əmanətlərin xüsusi çəkisi 50 və ya 60 faizi keçməyəcək. Çünki əksər insanlar üçün pul qazanmaq deyil, pulunu saxlamaq, qorumaq əsas şərtdir. Belə düşünən insanlar faizlərə əhəmiyyət vermir”.

Manatla əmanətlərin həcminin artmasının kredit faizlərinə təsiri də müzakirə edilən  məsələlərdəndir. Bəllidir ki, manatla faizlər yüksəkdir və manatla yerləşdirilən əmanətlər artdıqca bunun kredit faizlərinə təsiri də güclənəcək. Ə. Həsənov  manatla əmanətlərin artması ilə əlaqədar kredit faizlərinin yüksələcəyinə inanmır. Onun sözlərinə görə bu əlaqə Azərbaycanda işləmir: “Azərbaycanda əmanət faizləri ilə kredit faizləri arasında ciddi əlaqə müşahidə edilmir. Əvvəll dollarla əmanətlər çox idi və faizlər də aşağı idi. Məntiqlə kredit faizləri də aşağı olmalı idi. Amma bu baş vermədi.

Manatla əmanətlərin artması da eynilə kredit faizlərinə təsiri olmayacaq. Ölkəmizdə əmanət faizləri ilə kredit faizləri arasında əlaqə hiss edilmir. Banklar kredit verəndə əmanət faizlərindən çox, riskləri nəzərə alır. Bank fikirləşir ki, verilən kreditlərin müəyyən hissəsi qaytarılmayacaq, qaytarılmayan kreditlərə görə məhkəmə mübahisələri olacaq,  məhkəmə qərarlarının icrası ilə əlaqədar bankların xərcləri artacaq və s. Kredit ayıran zaman banklar bu kimi xərcləri də proqnozlaşdırır və nəzərə alaraq bir qədər yüksək faizlə kredit verir”.

 

Vasif CƏFƏROV  

Sizin Reklam Yeriniz