Əlaqə Arxiv
news Image
2019.07.24
15:14
| A A A
Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə görüş olub

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi ölkəmizdə özünüməşğulluq proqramının genişləndirilməsinə, işsiz şəxslərin özünüməşğulluğa cəlb edilərək onların formal əmək bazarına və məhsuldar məşğulluğa çıxış imkanlarının yaradılmasına dəstək verəcək.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyası ilə keçirilən görüşdə bildirilib.

Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sosial-iqtisadi siyasətinin əsas istiqamətlərindən biri kimi, ölkəmizdə əhalinin səmərəli məşğulluq imkanlarının artırılması üçün aparılan işləri diqqətə çatdırıb. O, dövlət başçısının tapşırığı ilə icra olunan özünüməşğulluq proqramının bu sahədə, xüsusilə həssas qruplardan olan vətəndaşların kiçik biznesə çıxışına imkan yaradılmasında mühüm önəm kəsb etdiyini, proqramın ildən-ilə genişləndirildiyini bildirib.

Azərbaycanın Dünya Bankı ilə əməkdaşlığından bəhs edən nazir “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsinin bu əməkdaşlığın daha bir vacib sahədə davam etməsinə şərait yaratdığını deyib. S.Babayev özünüməşğulluq proqramının əhatə dairəsinin genişləndirilməsində, eyni zamanda, müvafiq sahədə qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsində, Nazirliyin nəzdindəki peşə təlim mərkəzlərinin potensialının gücləndirilməsində və digər istiqamətlərdə bu Layihənin göstərəcəyi dəstəyin əhəmiyyətini vurğulayıb.

Dünya Bankının “Azərbaycanda Məşğulluğa Dəstək” Layihəsi üzrə ilkin qiymətləndirmə missiyasının rəhbəri, aparıcı iqtisadçı Sandor Karaçoni Layihənin icrası üçün hazırlıq işlərindən bəhs edib.

Layihə əmək bazarının təhlili əsasında iqtisadiyyatın sahələri üzrə özünüməşğulluq istiqamətinin seçilməsi, işsizlərin özünüməşğulluq proqramında iştirak imkanlarının müəyyənləşdirilməsi, iştirak imkanları olanlar üçün isə təlim proqramlarının hazırlanması və təlimlərin təşkili, uğurlu biznes ideyalarına malik olanların aktivlərlə təminatı, proqram iştirakçılarının fəaliyyətinin dövri monitorinqi və s. istiqamətlərdə öz dəstəyini göstərəcək.

Görüşdə Layihə üzrə ilkin qiymətləndirmə, Layihənin mərhələləri üzrə görüləcək işlər, bu sahədə idarəetmə məsələləri, Layihəyə hazırlıq işləri və s. müzakirə olunub.

Sizin Reklam Yeriniz