Əlaqə Arxiv
news Image
2019.07.25
11:30
| A A A
Banklar kredit faizlərini aşağı salmaqdan imtina edir
Samir Əliyev: «Depozitlərin illik faiz dərəcəsi kreditlərin illik faiz dərəcəsinə birbaşa təsir göstərir»

Son bir neçə ilin müqayisəsi göstərir ki, kredit təşkilatları tərəfindən əhaliyə manatla ayrılan kreditlərin faiz dərəcəsində azalma yoxdur. Yalnız xarici valyutada verilən kreditlərin faizlərində enmə qeydə alınıb. Fiziki şəxrlərə ayrılan kreditlərdən fərqli olaraq ötən bir neçə ildə hüquqi şəxlərə həm manatla və həm də xarici vayuta ilə verilən kreditlərin faizlərində azalma baş verib.

Mərkəzi Bankın 2013-cü ilin dekabrının sonuna olan məlumatına əsasən, fiziki şəxslərə manatla verilən kreditlər üzrə orta faiz dərəcəsi 17,65, xarici valyutada ayrılan kreditlərdə faiz dərəcəsi 20,74 təşkil edirdi. 2019-cu ilin mayın sonunda manatla ayrılan kreditlərdə faiz dərəcəsi 17,13-də qaldığı halda xarici valyutada ayrılan kreditlərdə 13,15-ə enib. Hüquqi şəxslərə ayrılan kreditlərdə faiz yükünün ağırlığı daha çox azalıb. 2013-cü ilin sonuna aid olan məlumata əsasən, hüquqi şəxlər manatla aldıqları kreditlərə görə orta hesabla 11,52 faiz, xarici valyutada olan kreditlər üzrə 10,76 faiz əlavə ödəniş etdiyi halda, hazırda manatla olan kreditlərə görə 9,2 faiz, xarici valyutada olan kreditlər üzrə 5,75 faiz əlavə ödəniş edir.

Fazilərdə ciddi azalma olmasa da əhaliyə verilən kreditlərdə artım var. 2017-ci ildə ev təsərrüfatlarına 4 milyard 366 milyon manat kredit ayrıldığı halda 2019-cu ilin mayında kreditlərin dəyəri 5 milyard 485 milyon manata yüksəlib.

Ev təsərrüfatlarına verilən kreditlərdə manatla olan kreditlərin miqdarı daha çox artıb. Əgər 2017-ci ildə manatla kreditlərin miqdarı 3 milyard 471 milyon manat olmuşdusa, bu il 4 milyard 951 milyon manata yüksəlib. Xarici valyutada ayrılan kreditlər isə azalıb. Müqayisə edilən dövrdə xarici valyutada olan kreditlərin miqdarı 895 milyon ekvivalentindən 533,6 milyon manat ekvivalentinə düşüb. Ev təsərrüfatlarına ayrılan kreditin 90 faizindən çoxu istehlak kreditidir. 2017-ci ildən bəri istehlak kreditlərinin miqdarının bir qədər də artdığı müşahidə olunur. Həmin ildə istehlak kreditlərinin miqdarı 517 milyon manat olduğu halda bu il istehlak kreditlərinin miqdarı 4 milyard 988 milyard manata yüksəlib.

Göründüyü kimi, istehlak kreditləri üzrə кredit faizləri aşağı düşməyib. Kredit faizlərinin yüksək olmasına səbəb olan amillər hansılardı? Yaranmış vəziyyətdə ucuz kredit verilməsinə necə nail olmaq mümkündür?  

 

İqtisadçı-ekspert Samir Əliyev kredit faizlərinin yüksək olmasının əsas səbəbini kredit üçün istifadə edilən vəsaitin baha əldə edilməsində görür. “İstənilən məhsulun satış qiyməti onun maya dəyərinə əsasən formalaşır. Maya dəyəri ucuzlaşdıqda satış qiyməti də aşağı düşür. Maya dəyəri yüksək olduqda təklif edilən məhsul da bahalaşır”, - deyən ekspert oxşar vəziyyətin kredit məhsullarında da müşahidə edildiyini qeyd etdi.

Onun fikrincə, bankların cəlb etdikləri vəsaitin baha olmasının səbəbi depozitlərin bahalığından qaynaqlanır. S.Əliyev bildirdi ki, depozitlərin illik faiz dərəcəsi kreditlərin illik faiz dərəcəsinə birbaşa təsir göstərir. O qeyd etdi ki, 2019-cu il mayın 1-i tarixinə əmanətlər də daxil olmaqla ümumi depozitlərin milli valyuta üzrə orta illik faiz dərəcəsi 9,5% olub. Ayrı-ayrılıqda götürdükdə hüquqi şəxslərin depozitləri üzrə faiz dərəcəsi 4,7%, əhali əmanətləri üzrə isə 10,05% təşkil edib.  Ekspert hesab edir ki, kreditlərin baha olmasının digər səbəbi əməliyyat xərclərinin yüksək olmasıdır. Əməliyyat xərcləri kredit üçün cəlb edilən vəsaitin 4-5% bahalaşmasına səbəb olur.

Azərbaycanda spred (kredit faizi ilə depozit faizi arasındakı fərq) göstəricisinin də yüksək olduğunu vurğulayan S.Əliyev 2017-ci ildə bunun 8,1% təşkil etdiyini söylədi. Onun məlumatına görə, spred 2017-ci ildə Gürcüstanda 1,8%, Moldovada 4,6%, Ukraynada 7,3% olub. S.Əliyev vaxtı keçmiş kreditlərin də bir problem olduğunu dedi. Hazırda vaxtı keçmiş kreditlərin payının cəmi kredit qoyuluşunda 15 %-ə yüksəldiyini bildirən ekspert vaxtında qaytarılmayan kreditlərə görə ümumi kredit faizlərinin artırıldığını söylədi. Bəs, kredit faizlərini necə aşağı salmaq olar?

Kredit faizlərinin aşağı salınması üçün S.Əliyev depozit faizlərinin aşağı səviyyədə tutulmasının vacib olduğu fikrindədir. Ancaq ekspert bunu yeganə çıxış yolu hesab etmir. Onun fikrincə, ilk növbədə girov mexanizmləri sadələşdirilməlidir. Bundan başqa qiymətli kağızlar buraxılışı artırılmalıdır. Ekspert deyir ki, dövlət qiymətli kağızlar buraxmaqla bankların ucuz vəsait əldə etməsinə şərait yarada bilər. S.Əliyev bunlardan başqa digər tədbirlərin də kredit faizlərini azaltmaq imkanına sahib olduğunu vurğuladı: “Qiymətli kağızlar bazarının inkişafı əhəmiyyətlidir. Bazarın  inkişafı və iqtisadiyyatın beynəlxalq resurslara tam açıqlığı vasitəsilə kredit bazarında rəqabət təmin edilməlidir. Banklar isə internet və mobil bankçılığı inkişaf etdirməklə və bank məhsullarının çeşidini artırmaqla kredit faizlərini azalda bilər”.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz