Əlaqə Arxiv
news Image
2019.07.31
09:36
| A A A
Valyuta gəlirlərinin artması manatı dollar qarşısında daha güclü mövqeyə çıxarır
Fuad İbrahimov: “Manatın bundan baha olmasına imkan verilməməlidir”

Azərbaycan iqtisadiyyatının ixrac imkanlarının artması, eyni zamanda turizmdən gələn gəlirlərin yüksəlməsi qarşıdakı illərdə ölkəmizə valyuta daxilolmalarının artacağından xəbər verir. İxracdakı artıma həm neft sektoru, həm də qeyri-neft sektoru töhfə verəcək. Neft sektoru üzrə artım qaz ixracının artması hesabına təmin ediləcək. TANAP-ın ardınca TAP layihəsinin də işə düşməsi sayəsində qaz ixracı artacaq və bu məhsulun satışından əldə edilən gəlir xeyli yüksələcək. 

Ötən il qaz ixracından 1,5 milyard dollar gəlir əldə edilib. Bu ilin ilk yarısında ixrac edilən qazın dəyəri artıq 1,05 milyard dolları ötüb, proqnoza görə ilin sonunda 2 milyard dollar həddini keçəcək. 2020-ci ildə qaz ixracından gəlirimiz bir qədər də artacaq. Hazırda 6 milyard kubmetr olan qaz ixracı 2020-2021-ci illərdə 16 milyard kub metri ötəcək. Dünya Bankının proqnozuna əsasən, təbii qaz ixracının artması nəticəsində 2019-2021-ci illərdə iqtisadi artım orta hesabla 3,5% təşkil edəcək, Azərbaycandan kapital axını aşağı səviyyədə qalacaq. Qaz ixracının artması və neft ixracının sabit səviyyədə qalması isə cari əməliyyatlar hesabının profisitini təmin edəcək. Bu vəziyyət ortamüddətli dövrdə pul-kredit siyasətinin bir qədər azalmasına gətirib çıxara bilər.


Qeyri-neft ixracından da daxil olan valyutanın artması müşahidə ediləcək. 2018-ci ildə qeyri-neft məhsullarının ixrac dəyəri 1,69 milyard dollar olduğu halda 2019-cu ilin ilk 6 ayında qeyri-neft ixracı 980 milyon dollara çatıb. İlin sonunda qeyri-neft sektoru üzrə ixracdan valyuta mədaxilinin 1,9-2 milyard dollara yüksəlməsi mümkündür. Turizm gəlirlərində də artım var. Rəsmi statistika göstərir ki, ölkəmizə gələn turistlərin sayı artır. Bunun sayəsində turizm sektorundan gəlir yüksəlir. Təkjə ötən il turistlər Azərbayjanda 2,8 milyard dollar vəsait xərjləyib. Azərbaycanın valyuta gəlirlərinin artması fonunda gələn il beynəlxalq birjalarda ABŞ dollarının bir qədər ucuzlaşacağı gözlənilir. Ciddi beynəlxalq maliyyə institutlarının rəyinə görə dollar ucuzlaşacağı təqdirdə, bu valyutaya tələb azalacaq.  


Ölkəmizin valyuta gəlirlərinin artması və dolların ucuzlaşması qarşılığında manatın məzənnəsinin necə olacağı maraqlıdır Bu vəziyyətdə manat möhkəmlənməlidirmi?

İqtisadçı-ekspert Fuad İbrahimov deyir ki, manatın məzənnə dəyərinin necə olacağını indidən proqnozlaşdırmaq çətindir. Amma o, elmi cəhətdən yanaşdıqda manatın möhkəmlənməsi üçün təzqiylərin artacağını istisna etmir. Çünki valyuta gəlirlərinin artdığı bir şəraitdə manatın möhkəmlənməsinə əsas yaranacaq.


F.İbrahimov qeyd etdi ki, hər bir ölkənin milli valyutasının məzənnəsini şərtləndirən amillərdən biri ixrac-idxal əməliyyatları arasında olan balansdır. Onun sözlərinə görə, ölkəyə valyuta gəliri artarsa, əvəzində xaricə valyuta çıxışı azalarsa və ya sabit qalarsa, bu halda milli valyutanın məzənnəsi möhkəmlənir. Əksinə, ölkədən valyuta çıxışı artırsa, əvəzində valyuta gəliri azalırsa, o halda milli valyutanın məzənnə dəyəri aşağı düşür. O xatırlatdı ki, 2015-ci ildə ardıcıl iki devalvasiyanın olmasının səbəbi də məhz ölkədən valyuta çıxışının gəlişindən çox olması ilə bağlı idi:

“Həmin dövrdə neftin qiymətinin 4 dəfəyə qədər aşağı düşməsi Azərbaycanın ixrac-idxal əməliyyatları arasındakı müsbət fərqi xeyli azaltdı, ölkədən valyuta çıxışı maksimum həddə çatdı. Nəticədə ölkənin ödəniş balansında mənfi saldo yarandı və manatın kursu aşağı düşdü”. 

F.İbrahimov bildirdi ki, bu ildən vəziyyət Azərbaycanın xeyrinə kəskin dəyişib və indi manatın ucuzlaşması yox, bahalaşması ehtimalı yaranıb:

“Əgər proqnoz özünü doğrultsa, yəni qaz ixracı artsa, qeyri-neft sektoru üzrə ixrac gəlirləri yüksəlsə, turizm gəlirlərimiz artsa və dollar ucuzlaşsa, o halda ölkəmizə böyük həcmdə valyuta axını olacaq. Bu halda ilk növbədə manatın dayanıqlığına şübhə olmayacaq, manat ən azından mövcud məzənnəsini qoruyacaq. İndiki vəziyyətdə də manatın dayanıqlığı müşahidə edilir. Ancaq qarşıdakı illərdə valyuta gəliri artarsa bu, manatın möhkəmlənməsi istiqamətində təzyiqi artıracaq”. 


Ekspert hesab edir ki, təzyiqlərin artmasına baxmayaraq, Mərkəzi Bank manatın möhkəmlənməsinə imkan verməməlidir:

“Bir çox iqtisadçının apardığı tədqiqat göstərir ki, mövcud məzənnə ideal məzənnədir və manatın bundan baha olmasına imkan verilməməlidir. Manat optimal məzənnəsini tapıb. Bu məzənnə həm ixracımıza dəstək verir, həm də respublikaya turist axını üçün əlverişli maliyyə imkanı yaradır. Manatın mövcud məzənnəsi iqtisadiyyatın cazibədarlığını da artırır. Buna görə də manatın bahalaşmasına getmək lazım deyil. Əsas hədəf dollar/manat kursunun hazırkı səviyyədə qorumaqdır. Hazırkı səviyyə qalarsa, bu, manata inamı gücləndirər, eyni zamanda iqtisadiyyatımıza sərmayə qoyuluşu üçün əlverişli şərait yaradar”.


F.İbrahimov söylədi ki, manat bahalaşarsa, Azərbaycan iqtisadiyyatının ixrac imkanları zəifləyəcək, iqtisadiyyatda məhdudlaşma yaradacaq. Onun sözlərinə görə, bu halda sosial vəziyyət bir qədər də yaxşılaşacaq, manatla yığımlar artacaq, lakin bahalı manatın makroiqtisadi əhəmiyyəti azalacaq: “Çünki iqtisadiyyat üçün risklər artacaq. Yenidən neftin qiyməti düşdükdə dollar/manat kursunun yüksəlmə ehtimalı yaranacaq. Mövcud məzənnə risklərin diversifikasiyası baxımından da əhəmiyyətlidir. Ona görə də valyuta gəlirləri artsa da manat bahalaşdırılmamalıdır. Manatın möhkəmlənməsinin qarşısını almaq üçün Mərkəzi Bankın maliyyə əlatləri var və o həmin alətlərdən istifadə etməklə bunun qarşısını ala bilər”.

Vasif CƏFƏROV 

Sizin Reklam Yeriniz