Əlaqə Arxiv
news Image
2011.11.23
19:50
| A A A
Hökumət sovet əmanətlərini qaytarır
Oqtay Əsədov: "Azərbaycanda əhalinin sovet dövründə banklarda qalmış əmanətlərini qaytarmaq üçün vəsait var və mexanizm hazırlanıb, son formaya salınır"

Sovet dövründə əhalinin banklara yatırılan əmanətlərin ətrafında yaranan müəmma çözülməyə doğru gedir. Hər halda müxtəlif səviyyədə verilən rəsmi açıqlamalar bu qənaətə gəlməyə əsas verir. Xatırladaq ki, hələ ötən həftə maliyyə naziri Samir Şərifov parlament komitələrinin birgə iclasında 2012-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı məsələ ilə bağlı kifayət qədər maraqlı bir açıqlama verdi.

Nazir qeyd etdi ki, Azərbaycanın dövlət büdcəsində sovet dövründən qalmış bank əmanətlərinin qaytarılması ilə bağlı problem yoxdur: "Milli Məclis müvafiq qanun qəbul etsə, bunun büdcə vasitəsilə icrasında problem olmayacaq. Bunu tam məsuliyyətimlə deyirəm". Nazirin bu sözləri əmanətlərinin nə vaxtsa qaytarılmasından inamını itirən vətəndaşlarda yenidən ümid yaratdı.

Lakin Milli Məclis təmsilçilərinin açıqlamaları məsələnin həm mürəkkəb olduğunu, eyni zamanda yaxın perspektivdə həll ehtimalının yüksək olduğunu deməyə əsas verir. Məsələn, parlamentin iqtisadi siyasət komitəsinin üzvü Əli Məsimli bildirir ki, 2008-ci il may ayının 15-də "Sovet dövründən qalma əmanətlərin qaytarılması haqqında" qanun layihəsini hazırlayaraq, Milli Məclisə təqdim edib: "2005-ci ildə isə prezidentin əmanətlərin indeksləşdirilməsi barədə sərəncamı olub, hökumət bununla bağlı komissiya yaradıb. Həmin komissiyaya qanun layihəsinin hazırlanması və əmanətlərin qaytarılmasının mexanizmlərinin müəyyənləşdirilməsi ilə bağlı üç ay vaxt verilib. Lakin 2005-ci ildə verilən həmin sərəncam indiyə qədər yerinə yetirilməyib, layihə və mexanizmi hazırlamalı olan şəxslər isə günahı Milli Məclisin üstünə atırlar". Milli Məclisin başqa bir iqtisadçı üzvü Vahid Əhmədov isə iqtisadi siyasət komitəsinin rəhbərliyində 3-4 qanun layihəsinin olduğunu bildirib: "Bu məsələ bir dəfə spiker Oqtay Əsədovun yanında da müzakirə mövzusu olub, amma qanun layihəsi gündəliyə çıxarılmayıb. Əgər problem yoxdursa, qanun layihəsini gündəliyə salsınlar, biz onu bir həftə ərzində qəbul edək".

Xatırladaq ki, ötən il dövlət büdcəsinin müzakirələri zamanı maliyyə nazirinin müavini Azər Bayramov mətbuata verdiyi açıqlamada əmanətlərin geri qaytarılmasına mane olan əsas səbəb kimi bu sahədə müvafiq qanunvericiliyin olmamasını göstərmişdi. İndiyə qədər də bu məsələ həllini tapmayıb. Hələlik isə parlamentdə dövlət büdcəsinin müzakirəsi fonunda yenidən belə fikirlər səslənir ki, hökumət sovet dövründə banklara qoyulan əmanətlərin qaytarılması üçün vəsait ayırmalıdır.

Noyabrın 22-si Milli Məclisin iclasında danışan deputat Əli Məsimli yenidən sovet dövründə batmış əmanətlərin qaytarılması məsələsini qaldırıb. Deputat belə bir qanun layihəsi hazırladıqlarını da vurğulayıb: "Mən bu məsələdə hökumətə əməkdaşlıq təklif edirəm və hazırladığım qanun layihəsinin müəllifliyindən imtina edirəm. Yəqin ki, 125 deputat buna etiraz etməz. Üçüncü dəfə qanun layihəsini daha təkmil formada iqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadəyə təqdim edəcəm.

Əmanətlərin qaytarılması 2 milyon insanın taleyi ilə bağlıdır. Kiminsə məsələni başqa birinin üzərinə atması ilə problem həll olunmayacaq. İnsanlar gözləyirlər və real addımlar atmaq lazımdır. Elə edək ki, bu binadan çıxanda 2012-ci il üçün bir məsələni həll etdiyimizi, işıq gələn tərəfə getdiyimizi deyə bilək".

Məsələyə spiker Oqtay Əsədov münasibət bildirib: "Azərbaycanda əhalinin sovet dövründə banklarda qalmış əmanətlərini qaytarmaq üçün vəsait var və hökumət bu mexanizmin hazırlanması üçün iş aparır, artıq mexanizm hazırlanıb, son formaya salınır. Artıq yollar bilinir.

Bununla bağlı qanun qəbul olunmalıdır. Qanun layihəsi ilə yanaşı indeksləşdirmə və qaytarılma mexanizmi hazırlanmalıdır. Mən maliyyə naziri Samir Şərifovla danışmışam və demişəm ki, mexanizmi hökumət hazırlamalıdır. Cənab prezidentin də bununla bağlı böyük narahatlığı var. Mexanizm hazırlanandan sonra qanun layihəsi Milli Məclisə çıxarıla bilər və biz onu qəbul edərik.

Bu məsələdən danışan zaman bir az ehtiyatlı olmalıyıq. Burada jurnalistlər oturublar və mən hər şeyi açıqlaya bilmirəm. Azərbaycan qədər qaçqını, miqrantı olan ölkə yoxdur. Biz elə etməliyik ki, millətimizə, xalqımıza qaytardığımız pullar Azərbaycanda qalsın, Azərbaycan vətəndaşlarına çatsın, başqa tərəflərə getməsin. Biz ümumi Avropa hüquq məkanındayıq. Çox böyük problemlərlə üzləşə bilərik. İlk növbədə bu problemləri həll etmək lazım idi. Hökumət Milli Məclislə birlikdə bu məsələyə bir də baxacaq və layihə deputatlara təqdim olunacaq. Xahiş edirəm, qanun layihəsi hazır olmayınca bu məsələni çox çək-çevir etməyək".

Nazirlər Kabinetinin sabiq şöbə müdiri, iqtisadçı Oqtay Haqverdiyev də bildirir ki, sovet dövründən qalmış əmanətlərin qaytarılması üçün ilk növbədə qanun qəbul edilməlidir: "Qanun isə hələlik qəbul edilməyib. Bu məsələ ilə bağlı 3 variantda qanun layihəsi mövcuddur. Ancaq indiyədək bu qanun layihəsi Milli Məclisdə qəbul edilmir. Görünür, əmanətlərin qaytarılması ilə bağlı hansısa problemlər mövcuddur ki, bu proses ləngidilir".

Bir daha xatırladaq ki, Azərbaycan hökuməti əhalinin sovet banklarında qalan əmanətlərinin qaytarılması ilə bağlı 1991-ci ildə öz üzərinə öhdəlik götürüb. Prezident İlham Əliyev 2005-ci ildə sovet banklarına qoyulan əmanətlərin qaytarılması ilə bağlı fərman imzalayıb. Həmin fərmana əsasən, 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ banklarında qalan əmanətlərin indeksləşdirilməsi məqsədilə dövlət komissiyası yaradılıb və aidiyyəti qurumlara müvafiq tədbirlərin görülməsi üçün tapşırıqlar verilib. Həmin fərmanın imzalanmasından 6 ildən artıq vaxt keçməsinə baxmayaraq, əmanətlər hələ də sahiblərinə qaytarılmayıb. Halbuki əmanətlərin geri qaytarılması prosesi keçmiş sovet respublikaları arasında - Baltikyanı ölkələrdə (Latva, Litva, Estoniya) və Rusiyada 1995, Qazaxıstanda 1996, Ukraynada və Qırğızıstanda 1997-ci ildə başa çatıb. 2002-ci ildə Moldova, 2005-ci ildə isə Özbəkistan əmanətləri öz sahiblərinə qaytarıb.

Azərbaycanın da kifayət qədər maliyyə imkanları mövcuddur ki, həmin əmanətləri qısa zaman kəsiyində qaytarsın.

Əmanətləri hansı məzənnə ilə qaytarmağın daha optimal variant ola biləcəyinə gəlincə Oqtay Haqverdiyev bununla bağlı bildirir: "Xatırladım ki, SSRİ dağılan zaman 1 dollar 70 qəpiyə bərabər idi. Əmanətləri vətəndaşlara qaytaran zaman yerləşdirilən əmanətlərin ümumi məbləğini dollara çevirmək lazımdır. Dolları isə indiki məzənnə ilə manata çevirmək lazımdır. Bu prinsip əsasında əmanətləri qaytarmağa başlamaq olar. Bu, məsələnin ən ədalətli həlli yolu olardı. Ancaq dediyim üsulla hesablanarsa, bu çox böyük məbləğə gətirib çıxara bilər. Ancaq burada nəzərə alınmalı bir məqam da var ki, o zaman SSRİ rublu real olaraq dollardan baha deyildi. SSRİ xarici ticarəti 70 qəpiyin 1 dollara nisbəti məzənnəsi ilə aparırdı. SSRİ-nin daxilində isə bu məzənnədən istifadə olunmurdu. Ümumiyyətlə, SSRİ-nin daxilində valyuta dəyişməsi praktikası mövcud deyildi". Lakin qeyd olunduğu kimi əsas məsələ müvafiq qanun qəbul olunmasıdır. Bununla bağlı qanun layihələri hələ də iqtisadi siyasət komitəsində ilişib qalıb.

Sizin Reklam Yeriniz