Əlaqə Arxiv
news Image
2013.06.03
18:16
| A A A
Bakı Ali Neft Məktəbi ilə “British Council” arasında əməkdaşlıq protokolu imzalanıb

Bu gün Bakı Ali Neft Məktəbi (BANM) və "British Council" arasında birgə əməkdaşlığın qurulması və inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq protokolu imzalanıb. BANM-dən Mövqe.az-a verilən məlumata görə, sənədi bu ali məktəbin rektoru Elmar Qasımov və "British Council"in regional direktoru Maykl Börd imzalayıb.

 

Əməkdaşlıq protokolunda ingilis dili müəllimləri üçün dərslərdən kənar treninqlərin keçirilməsi, idarəetmə aparatının, peşəyönümlü və ixtisas dərslərini tədris edən kafedraların işçiləri üçün BANM-də ödənişli ingilis dili dərslərinin təşkili, BANM  əməkdaşları və tələbələr üçün tətil müddətində Böyük Britaniyada ingilis dili üzrə biliklərinin zənginləşdirilməsi məqsədilə təlim-tədris səfərlərinin təşkil edilməsi, tələbələrdən aralıq, semestr və IELTS imtahanlarının qəbul edilməsinə metodiki yardım edilməsi, BANM-nin peşəyönümlü və ixtisas fənlərini tədris edən kafedralarının fəaliyyətinə ingilisdilli mütəxəssislərin cəlb olunması və BANM resurs mərkəzinin ingilis dilində nəşr edilmiş ümumi fənlər üzrə kitablar və elektron vəsaitlərlə zənginləşdirilməsinə köməklik göstərilməsi nəzərdə tutulur.

 

Tədbirdə çıxış edən BANM-in rektoru Elmar Qasımov bildirib ki, Azərbaycanda həyata keçirilən düzgün, uzaqgörən siyasət nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir. O qeyd edib ki, bu inkişafın nəticəsi olaraq artıq Azərbaycan istər dünyanın, istərsə də regionun önəmli dövlətinə çevrilib. Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən uğurlu təhsil islahatlarından danışan rektor vurğulayıb ki, BANM-in və bir çox beynəlxalq standartlara cavan verən təhsil ocaqlarının yaradılması buna bariz nümunədir. ARDNŞ-ın transmilli şirkət olaraq Azərbaycanda və xaricdə həyata keçirdiyi layihələrdən söhbət açan E.Qasımov BANM-in yaradılmasında əsas məqsədlərindən birinin də məhz bu layihələrdə işləyə biləcək və müasir standartlara cavab verən ingilis dilli kadrların yetişdirilməsi olduğunu qeyd edib.

 

"British Council"in regional direktoru Maykl Börd çıxış edərək bildirib ki, Azərbaycanda beynəlxalq standartlara cavab verən BANM kimi təhsil ocaqlarının yaradılması həm çox sevindirici, həm də çox önəmli məsələdir. O, "British Council" olaraq BANM ilə müxtəlif tədris və təhsil layihələri çərçivəsində əməkdaşlıq etməkdən məmnunluq duyduqlarını qeyd edib.

Sizin Reklam Yeriniz