Əlaqə Arxiv
news Image
2013.06.03
17:47
| A A A
Yeni turizm mövsümündən nə gözlənilir?
Nicat Hacızadə: “Paytaxtda işçilərə treninqlər keçildiyindən xidmət və keyfiyyət qənaətbəxşdir ”

Azərbaycanda qeyri neft sektorunun inkişafında turizm sektoru mühüm yer tutur. Azərbaycanda turizm sektorunun inkişafı baxımından çox mühüm tədbirlər görülür, layihələr keçirilir, investisiyalar yatırılır. Qarşıdan yay mövsumunun gəldiyini nəzərə alaraq 2013-cü ildə Azərbaycan turizm sektorunda qiymətlər, keyfiyyət nə səviyyədədir? Hal hazırda Azərbaycan gələn turistlərin sayına görə dünyada sonuncu yerlərdə qərarlaşıb.

İqtisadi və Sosial İnkişaf Mərkəzinin ekperti Nicat Hacızadə bildirib ki, turizm sektorunun yüksək səviyyədə inkişaf etməməsinin əsas səbəbi kimi turistlərin sayının az olmasıdır. " Azərbaycan təbiətinə görə dünyanın ən gözəl yerlərindən biridir, coğrafi baxımdan ölkəmizdə 9 iqlim tipi var və çoxşaxəli landşafta malikdir. Bu da o deməkdir ki, təbiət baxımından potensialımız yüksəkdir. Bundan başqa, hər bir ölkədə turizmin inkişafı, ölkəyə gələn turistlərin sayı ilə ölçülür. Hökumətin əsas hədəf və prioritetlərindən biri Azərbaycan turizminin inkişafıdır ki, 2002-2005 və 2010-2014-cü illər üçün turizmin inkişafına dair Dövlət Proqramları təsdiq olunub. Amma buna baxmayaraq, turizmin inkişafı qonşu və xarici dövlətlərlə müqayisədə hələ də zəifdir".

N.Hacızadə bildirir ki, bununla yanaşı, nəinki xarici turistlər, habelə yerli turistlərin də ölkəmizdə olan mövcud potensialdan istifadə etməməsidir. Yerli vətəndaşlar Türkiyə, Rusiya, Gürcüstan və Avropa ölkələrinə getməyi üstün tuturlar. Son statistikaya əsasən, Türkiyəyə 35 milyondan çox turist gəlib. Qonşu dövlət Gürcüstanın da əsas hədəflərindən biri turizm ölkəsinə çevrilməkdir. Gürcüstan hökümətinin qarşıya qoyduğu məqsəd, gələn turistlərin sayının ölkədə yaşayan əhalidən çox olmasıdır. Son tədqiqatlara görə, Azərbaycandan Gürcüstana 585 mindən çox adam gedib. Ümumilikdə son ilin statistikası göstərir ki, 2012- cildə Gürcustana 1 690 494 turist gəlib və bu rəqəm 2011 ilə müqayisədə 53 % çoxdur. O cümlədən, bu ölkədə otellərin qiyməti də Azərbaycana baxdıqda çox münasibdir. Azərbaycandakı otellərdən 10 - 15 % ucuzdur. Ümumiyyətlə, Qafqaz ölkələri arasında ən çox məsləhət görülən Gürcüstandır". Ölkədəki otellərin qiyməti və keyfiyyətinə gəlincə, iqtisadçı Nicat Hacızadə bildirib ki, otellərin qiyməti Azərbaycanda nəinki xarici, heç yerli turistlər üçün də sərfəli deyil. Düzdü, Avropanın bahalı şəhərləri ilə müqayisə olunduqda ucuzdur. Amma o şəhərlərdə 15-20 dollara 1-2 ulduzlu otel tapmaq olur. Amma Paytaxt otelləri içində 1-2 ulduzlu otellər olmadığından problemlər yaşanır. O cümlədən, bu gün biz regionlara nəzər salsaq, otellərin qiyməti adam başına 30 manatdan başlayır, 150 manata qədərdir. Bu otellər 2 və ya 3 ulduzlu otellərdir. Paytaxtda işçilərə treninqlər keçildiyindən xidmət və keyfiyyət qənaətbəxşdir. Amma regionların əksəriyyətində xidmət dərəcəsi aşağıdır. Ümumiyyətlə, bizim ölkədəki otellərin əksəriyyəti ulduz məsələsini təyinetmə cəhətdən problemlər yaşayırlar". "Qiymətlərin yüksək olmasının əsas səbəbi qiymətqoyma siyasətinin səhv aparılmasıdır ki, qiymətlər xidmət səviyyəsinə uyğun deyil. Birinci səbəb ona görə ki, qiymətlər necə oldu təyin olunur, qiymətlər təyin olunan zaman nə aşağı təbəqə, nə də orta təbəqə nəzərə alınmır. Oteldə hərtərəfli xidmət aşağıdırsa, sahibkar bunu nəzərə almalıdır. Çünki, turist ödədiyi məbləğ əvəzində aşağı xidmət görmək istəmir. İkinicisi rəqabət yoxdur. Xarici təcrübəyə baxdıqda biz görürük ki, qiymətlə, mövsümlərlə əlaqədar otellərdə həvəsləndirici kampaniyalar olur. Məsələn, yayın gəlməsi ilə əlaqədar bir sıra otellər 1 həftəlik xüsusi qiymət endirimləri həyata keçirir, hətta xaricdə istirahət edib məbləği birbaşa yox, yavaş-yavaş ödəmək imkanları var. Amma bizdə əksər otellərdə ümumiyyətlə, belə həvəsləndirici tədbirlər yoxdur. Əksinə, sahibkarlar yay mövsümündə çox qazanc götürmək niyyəti ilə qiymətləri qaldırır. Belə bir halın da baş verməsi ondan irəli gəlir ki, payız, qış, yaz mövsümündə otelin müştərisi olmur və sahibkar 1 mövsüm ərzində otelin 1 illik dövriyyəsini çıxartmaq istəyir"- deyə N. Hacızadə bildirib.

Sizin Reklam Yeriniz