Əlaqə Arxiv
news Image
2019.11.01
09:25
| A A A
Kartda olan pullara da banklardan faiz almaq mümkündür, əgər…
Əkrəm Həsənov: “Qanunvericilik depozit hesablarından başqa digər hesablara qoyulan pullara görə faiz ödənilməsini qadağan etmir”

Azərbaycan qanunvericiliyi fiziki və hüquqi şəxslərə banklarda bir neçə cür hesab açmağa icazə verir. Banklar bu hesablardan yalnız birində saxlanılan pula görə müştərisinə faiz ödəyir. Qalan hesablarda yerləşdirilən pulun müqabilində bank hər hansı ödəniş etmir, əksinə, bir çox hallarda həmin hesablardan istifadəyə görə müştəri banka pul ödəməli olur.

Lakin bəzi xarici ölkələrin təcrübəsində banklar hesablarda müəyyən müddətdən artıq saxlanılan bütün pullara görə faiz verir. Burada məqsəd sərbəst vəsaitlərin daha çox hissəsinin bank dövriyyəsinə cəlb edilməsidir. Bəs, Azərbaycanda banklar niyə digər hesablarda olan pullara görə faiz ödəmirlər? Azərbaycan qanunvericiliyinə əsasən 5 növdə bank hesabı açmaq olar. Bunlar cari hesablar, cari subhesablar, ssuda hesablar, əmanət (depozit) hesabları və müxbir hesablardır.

Cari hesablar dövlət və bələdiyyə orqanlarının, hüquqi şəxslərin, onların filial, nümayəndəlik və digər ayrıca bölmələrinin, həmçinin hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin maliyyə-təsərrüfat fəaliyyəti ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.

Büdcə təşkilatlarına cari hesablar yalnız xarici dövlət və hüquqi şəxslər tərəfindən məqsədli təyinat üzrə verilən yardım və qrantların alınması və istifadəsi üzrə bank əməliyyatlarının aparılması üçün açılır.Cari hesablara müvəqqəti cari hesablar və xüsusi cari hesablar da aiddir. Müvəqqəti cari hesablar təsərrüfat ortaqlıqları, cəmiyyətləri, kooperativlər və digər təsərrüfat subyektlərinə onların dövlət qeydiyyatına almanadək müvafiq olaraq nizamnamə, şərikli kapitallarının, habelə paylarının ödənilməsi üçün açılır. Xüsusi cari hesablar dövlət və xüsusi notariusların notariat fəaliyyətləri ilə əlaqədar olaraq notariat orqanlarına açılır.

Cari subhesablar hüquqi şəxslərə onların regional fəaliyyətləri ilə əlaqədar filial və nümayəndəlik statusu daşımayan yerli qurumlarına açıla bilər. Bu hesablara daxil olan vəsaitlər yerli qurumlarının işçilərinin əmək haqları, habelə bu qurumların fəaliyyətini təmin edən zəruri kommunal xərclərin ödənilməsi üzrə ödənişləri istisna olmaqla, baş təşkilatla bağlanmış bank hesabı müqaviləsində müəyyən olunmuş müddətlərdə baş təşkilatın cari hesabına köçürülməlidir.

Ssuda hesabları bankın müştərilərə verdiyi kreditlərin uçotu üçün, kredit müqaviləsində nəzərdə tutulduğu hallarda isə, həmçinin kredit vəsaitlərinin istifadəsi və ödənilməsi ilə bağlı bank əməliyyatlarının aparılması üçün açılır.

Əmanət (depozit) hesabları bank əmanəti (depozit) müqaviləsinə əsasən müştərilərin bank əməliyyatlarının aparılması üçün açılır.

Müxbir hesablar bankların özlərinin və müştərilərinin apardıqları bank əməliyyatlarının uçotu hesabıdır. Müxbir hesablar banklar üçün açılır.

Bank hesabları Azərbaycan Respublikasının milli valyutasında və istənilən xarici valyutada açıla bilər. Əcnəbilərin xarici valyutada ssuda hesabları açılarkən mövcud valyuta rejiminə riayət olunmalıdır.

Məsələ ilə bağlı fikrini bildirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənov dedi ki, Azərbaycan qanunvericiliyi depozit hesablarından başqa digər hesablara qoyulan pullara görə faiz ödənilməsini qadağan etmir. “Bank istənilən hesaba görə divident ödəyə bilər”, - söyləyən ekspert qeyd etdi ki, sadəcə olaraq bank hesabı müqaviləsində divident ödənilməsi nəzərdə tutulmadığına görə faiz ödənişi həyata keçirilmir. Onun sözlərinə görə bu, sırf tərəflərin razılığından irəli gələn məsələdir.

Ə.Həsənov bildirdi ki, aparıcı dünya təcrübəsində bank hesabları növlərə ayrılmır: “Azərbaycanda bu SSRİ-dən qalma anaxranizmdir. Xaricdə bank ümumi qaydada hesabı açmaq hüququ verir. Hesabda olan pulun nə cür saxlanacağı bankla onun müştərisi arasında əldə edilən razılaşma əsasında müəyyən edilir.

Bank çalışır ki, hesabda olan pula görə faiz ödəməsin. Çünki bu əlavə xərcdir. Hesabda olan pula görə faizlərin ödənişinin genişlənməsi və ya azalması tələb və təklifdən asılıdır. Əgər bankların pul vəsaitinə olan ehtiyacı artarsa və bunu depozitlərlə təmin etmək mümkün olmasa, o zaman cari hesabda olan pullara da divident təklifi gündəmə gələ bilər. Azərbaycanda banklar vəsaitlərini yerləşdirməkdə çətinlik çəkir, buna görə də onların əlavə vəsaitlərə ehtiyacı yoxdur”.

Ə.Həsənov söylədi ki, bank hesabları tarixən pulların saxlanması üçün yaranıb: “Orta əsrlərdə Avropada insanlar öz qızılını etibarlı qorumaq üçün zərgərlərə verirdi. Zərgərin imkanları qızılları qorumaq üçün daha etibarlı idi. Zərgər qəbul etdiyi qızılın müqabilində malın sahibinə kağız yazıb verirdi. Həmin kağızlardan istifadə edən qızıl sahibləri müəyyən borclar götürürdü. Zərgərlər görəndə ki, onların verdiyi kağızlar pul kimi dövriyyə edir, bundan istifadə edərək dələduzluq etməyə başladılar və daha çox kağız çap etdilər. Bundan hamı xəbər tutandan sonra ilk müflisləşmə başladı. Qızıl sahibləri kütləvi şəkildə qızıllarını geri götürməyə başladılar və bu zərgərləri müflis etdi.

Müflisləşmədən sonra zərgərlər banklara çevrildilər və qızıl, pul cəlb etmək üçün faiz ödədilər. Faiz ödəmək belə yaranıb.

Burada əsas məsələ pulu nə məqsədlə banka qoymaqdan asılıdır. Əgər çox pul varsa və onu qorumaq üçün banka qoyulursa burada faiz önənli deyil. Məsələn, hazırda banklar dollarla olan əmanətlərə görə 1 faiz gəlir verir. Amma yenə də xeyli məbləğdə vəsait dollarla saxlanılır. Çünki həmin adamları gəlir yox, pulun saxlanması maraqlandırır.

Yaxud pulu banka ona görə qoyurlar ki, müxtəlif əməliyyatlar, ödənişlər həyata keçirilsin. Bu halda da faiz vermək banka sərf etmir, pul sahibi də faiz istəmir.

Bank biləndə ki, pulu banka gəlir üçün qoymaq istəyirlər, bank bu halda vəsaitləri cəlb etmək üçün faiz təklif edir. Yəni, hər şey vəziyyətdən, tələb-təklifdən asılıdır”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz