Əlaqə Arxiv
news Image
2019.11.01
09:48
| A A A
Azərbaycana xaricdən gələnlərin sayı artır
Xarici turistlərin sayının artması itehsal və xidmət sektorlarında canlanma yaradır

Azərbaycana gələn turistlərin sayının və bu sektorda yaradılan dəyərin artması turizmin ölkə iqtisadiyyatında mövqeyinin ildən-ilə bir qədər də güclənməsinə səbəb olur. İqtisadi göstəricilər turizmin ölkəmizə böyük fayda gətirdiyini göstərir. Ölkəmizə gələn əcnəbilərin sayında 2016-cı ildən davamlı artım müşahidə olunur. Həmin ildə ölkəmizə 2,25 milyon əcnəbi səfər edib. 2017-ci ildə bu göstərici 2,7 milyon nəfərə, 2018-ci ildə 2,85 milyon nəfərə yüksəlib. Proqnoza əsasən ölkəmizə gələn turislərin sayı 2019-cu ildə 3 milyon nəfəri ötəcək.

Turist səfərlərinin sayının artması ilə bərabər Azərbaycanın turizm gəlirlərində də artım müşahidə edilir. Azərbaycanın 2018-ci ildə turizmdən gəliri 2,634 milyard dollar, xərci 2,284 milyard dollar, müsbət fərq 350 milyon dollar təşkil edib. 2017-ci ildə turizm gəliri 3,01 milyard dollar, turizm xərci 2,658 milyard dollar, müsbət fərq 353 milyon dollar olub. 2016-cı ildə turizm xidmətlərindən gəlirimiz 2,713 milyard dollar, turizmə xərcimiz 2,494 milyard dollar, müsbət fərq 219,7 milyon dollar təşkil edib. 2015-ci ildə isə turizm gəlirimiz 2,31 milyard dollar, xərcimiz 2,6 milyard dollar, mənfi fərq 293 milyon dollar olub.

Turist səfərlərinin sayının artması bu sahədə yaradılan əlavə dəyərin həcminin artmasına imkan verib. 2013-cü ildə turizm sektorunda 2,08 milyard manatlıq əlavə dəyər yaradılıb. Bu göstərici 2018-ci ildə 3,46 milyard manata yüksəlib.

Turizm sektorunda yaradılan əlavə dəyərin həcminin sürətlə artması müşahidə edilir. Bunun nəticəsidir ki, ÜDM istehsalında turizmin payı artır. 2013-cü ildə ÜDM-nin 3,6 faizi turizm sektorunda yaradıldığı halda, 2018-ci ildə turizmin payı 4,3 faiz təşkil edib.

Turizm əhalinin məşğulluğunun artmasına da töhvə verir. 2013-cü ildə turizm sektorunda 41 min insan çalışırdısa, 2018-ci ildə sektorda çalışanların sayı 53,2 mini ötüb.

İqtisadi araşdırmalara əsasən, xarici turist səfərlərinin sayının artması sadəcə bir sahədə deyil, iqtisadiyyatın bir çox sahələrində müsbət dəyişikliklərin baş verməsinə səbəb olur. Bu mənada turizmin inkişafına kompleks iqtisadi inkişaf kimi yanaşılır.

Turizm bir çox hallarda iqtisadyyatı sürətlə inkişaf edən ölkələrin iqtisadi artımında mühüm katalizatordur. Bu halda turizm ümummilli məhsulun ölkələr arasında yenidən bölgüsündə vasitəçi rolunu oynayır. Turistlər səfərdə olduqları ölkələrdə yerli malları almaqla və xidmətlərdən istifadə etməklə həm yerli istehsalı artırır, həm də o ölkələrdə yeni iş yerləri yaradırlar.

Bir ölkəyə turist səfərlərinin sayının artması ilk növbədə daxili tələbin artmasına böyük fayda verir. Turist istənilən halda bir istehlakçıdır. O qaldığı ölkədə ilk növbədə ictimai iaşə xidmətinin dövriyyəsinin artmasına səbəb olur. Turist hər gün qidalanmalıdır. O, gündəlik qida ehtiyacını ayrıca mətbəəxi olmadığına görə mehmanxana, restoran, bar və digər bu kimi ictimai iaşı obyektində ödəməlidir. Buna görə də ölkəmizə turist səfərlərinin sayı artdıqca mehmanxanalarla yanaşı, restoran, kafe, barların sayında və ümumilikdə ictimai iaşə dövriyyəsində artım baş verir. 2013-cü ildə ölkəmizdə ictimai iaşə dövriyyəsinin həcmi 800 milyon manat olub. Amma 2018-ci ildə dövriyyə 1,53 milyard manatı ötüb. İaşə fəaliyyəti göstərən sahibkarlıq subyektlərinin sayı da sürətlə artır. 2013-cü ildə 11 min iaşə obyekti olduğu halda onların sayı 2018-ci ildə 20 minə çatıb.

İctimai iaşə dövriyyəsi ilə bərabər əcnəbi turistlər digər pullu xidmətlərdən də istifadə edir. Mobil rabitə, internet, taksi, ictimai nəqliyyat, kirayə mənzil, tibb xidməti və s. sahədə xidmət göstərənlərin gəlirinin bir hissəsini məhz əcnəbi turistlərin xərclədiyi vəsaitlər təşkil edir.

Xarici turizmin inkişafı pərakəndə ticarət dövriyyəsinə də müsbət təsir göstərir. Xaricə səfər edən şəxslərin həmin ölkədə müxtəlif geyim, elektron və digər əşyalar aldığı bilinir. Əgər həmin məhsullar yerli istehsal mallarıdırsa bu, yerli istehsalın artımına dəstək verir. Turistin aldığı hər bir məhsul dolayısı ilə ölkənin ixracının artımına gətirib çıxarır.

İctimai iaşə dövriyyəsinin, digər pullu xidmətlərin, pərakəndə ticarət dövriyyəsinin artması həm müəssisələrin gəlirini artırır, həm də yeni müəssisələrin yaradılmasını təşviq edir. Bu amil yeni iş yerlərinin sayının artımına səbəb olur. Yeni iş yerləri sadəcə turizm sahəsi üzrə yox, həm də digər xidmət və istehsal sahələrində də yaradılır. Buna görə də xarici turizmin inkişafı məşğulluğun artmasına böyük töhvə verir.

Xarici turist səfərlərinin sayının artması xarici investisiyaların artmasına da kömək edir. Turist səfərinə çıxanların mütləq əksəriyyətinin gəlir səviyyəsi normal və yüksək olan şəxslərdir. Onların arasında müxtəlif iqtisadi fəaliyyət sahələrində çalışan mütəxəsislər, iqtisadçılar, iş adamları olur. Həmin şəxslər öz sahələrinə uyğun olaraq müşahidələr aparır, müəyyən nəticələr çıxarır. Bu cür ilk tanışlıqlar müsbət olursa sonradan həmin ökənin iqtisadiyyatına sərmayə qoyuluşu üçün ilkin zəmin formalaşdırır.

Xarici turist səfərləri nəqliyyat və digər infrastrukturun yenilənməsinə, keyfiyyətcə dəyişməsinə səbəb olur. Turist səfərlərinin sayının artması hava nəqliyyatının inkişafı ilə nəticələnir. Müxtəlif xarici aviasiya şirkətləri turist səfərlərini təmin etmək üçün səfərlər təşkil edir, bu sahəyə ciddi sərmayə qoyuluşu həyata keçirir.

Beləliklə, turizmin inkişafı iqtisadiyyatın xidmət və istehsal sahələrində böyük canlanma yaradır, ölkənin məşğulluq probleminin həllində kömək edir, vətəndaşların və biznes sektorunun, eyni zamanda dövlət büdcəsinin gəlirinin artımına fayda verir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz