Azərbaycan Mərkəzi Bankının müvafiq tədqiqat və analitik strukturları son illər makroiqtisadi siyasətin empirik əsaslarının öyrənilməsi, pul siyasəti və onun təsirlərinin ekonometrik təhlili, makroiqtisadi simulyasiya və proqnozlaşdırma modellərinin qurulması, bank sektorunda maliyyə dayanıqlığının tədqiqi, qlobal iqtisadiyyatın və müxtəlif sosial-iqtisadi inkişaf məsələlərinin araşdırılması istiqamətində müxtəlif tədqiqat layihələrini həyata keçirirlər.
Bu fəaliyyətin məntiqi davamı olaraq, Azərbaycan Mərkəzi Bankı "Mərkəzi Bank və İqtisadiyyat" adlı rüblük elektron jurnalın nəşrinə başlayıb. Jurnal maliyyə-bank sektorunun və iqisadiyyatın müxtəlif sahələrinin nəzəri-praktiki aspektlərini, qlobal iqtisadi proseslərin, iqtisadi inkişafın və iqtisad elminin müxtəlif məsələlərini özündə əks etdirən məqalələri və tədqiqatları əhatə edir.
Jurnalın buraxılmasında əsas məqsəd geniş oxucu kütləsini və professional auditoriyanı müasir ekonomiks-lə daha dərindən tanış etmək, iqtisadi nəzəriyyə və praktika, empirik iqtisadi tədqiqatların metodoloji məsələləri və ölkə iqtisadiyyatının inkişafı ilə baglı aparılan tədqiqatların nəticələrini təqdim etməkdir.
Jurnal Azərbaycan Mərkəzi Bankının iqtisadi və maliyyə maarifləndirilməsi sahəsində apardığı fəaliyyətinin mühüm elementidir. Onun işıq üzü görməsi iqtisadi məsələlərin elmi cəhətdən öyrənilməsi və qiymətləndirilməsində, iqtisadi nəzəriyyə və praktikanın sintezinə imkan verən yanaşmaların formalaşmasında, cəmiyyətdə iqtisadi biliklərin yayılmasında mühüm rol oynaya bilər.
Burada makroiqtisadiyyat, mikroiqtisadiyyat, monetar iqtisadiyyat, maliyyə-bank sektoru, inkişaf iqtisadiyyatı, sosial sfera kimi sahələrdəki aktual məsələlərin tədqiqinin nəticələri və ən müasir metodoloji açarlar əks olunacaq.
"Mərkəzi Bank və İqtisadiyyat" jurnalının ilk nömrəsi Azərbaycan Respublikası Mərkəzi Bankının internet səhifəsində yerləşdirilib.