Bu gün bir sıra muzdlu işdə çalışan şəxslərin vergi vermədiyi, Dövlət Sosial Müdafiə Fonduna heç bir ödəniş etmədikləri məlum həqiqətdir. Məsələn, fərdi evlərin inşası ilə məşğul olan bənnalar, dayələr, ev xidmətçiləri və bir sıra digər bu qəbildən olan işlərdə çalışanları qeyd edilənlərə konkret nümunə göstərmək olar. Belə şəxslərin iş verən tərəflə hər hansı əmək müqaviləsi imzalamadığı da məlumdur. Göstərilən işlərdə çalışanların sayının on minlərlə olması nəzərə alınarsa, bu, həm də büdcədən böyük həcmdə vergi yayındırılması deməkdir. Məsələyə münasibət bildirən "İnformasiyalı Cəmiyyət Uğrunda" İctimai Birliyinin sədri, hüquqşunas Mehman Muradlı Mövqe.az-a açıqlamasında qeyd edir: "Fərdi qaydada fəaliyyət göstərən şəxslər vergi uçotuna durmalıdırlar. Vergi Məcəlləsinin 33.4-cü maddəsinin tələbinə əsasən, ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəliri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər müvafiq ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.
Əgər bu fəaliyyət növləri ilə məşğul olan şəxslər vergi uçotuna qeydiyyata düşmürlərsə, Vergi Məcəlləsinin 50-ci maddəsinin tələbinə əsasən operativ vergi nəzarəti həyata keçirilir və müvafiq olar inzibati sanksiya tətbiq edilərək 40 manat həcmində cərimə edilirlər.Daha sonra bildirmək istəyirəm ki, əgər həmin şəxslərin vergidən ödəməkdən yayınmanın məbləği 2 000 manatdan yuxarı olsa, Cinayət Məcəlləsinin 213-cü maddəsinin təsiri altına düşürlər və xeyli miqdarda vergiləri və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma - üç ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə min manatdan iki min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır".
M. Muradlı özəl işlərlə məşğul olan insanların nə qədər vergi ödəməsi barədə də danışdı: "Konkret olaraq nə qədər vergi ödəməlidirlər sualına gəlincə isə, bildirmək istəyirəm ki, bu növ fəaliyyət əslində muzdlu fəaliyyət sayıldığı üçün vergi uçotuna durduqları zaman sadələşmiş qaydada dövriyədən 4% məbləğində və əlavə olaraq aylıq gəliri 2 000 manatadək olan 14% dərəcəsi ilə vergiyə cəlb edilir".
İqtisadçı ekspert Emil Səidlər isə qeyd edir: "Bütün vergidən yayınma fiziki şəxsləri vergi qanunvericiliyinin tam əhatə etməməsi, nəzarətin zəifliyindən yaranır. Təbii, bu tamam başqa mövzudur ki, qeydiyyata alınmadan sonra nəzarətin başqa mərhələsi başlayır.
Ölkəmizdə vergi ödəmək mədəniyyəti, vərdişi yaranması üçün hesab edirəm, mövcud olan vergi qanunvericiliyin tətbiqi və onun icrasına nəzarət bir az da gücləndirilməlidir. Qanunun bütün vətəndaşlar üzərində qeyd-şərtsiz sərtliyi, iri cərimələr və digər cəza üsulları mütləqdir. Əlbəttə ki, ən primitiv misalla izah edəsi olsaq, sahibkar 5 manat vergini ona görə ödəməlidir ki, əks halda onu sabah 50 manat cərimələməsinlər. Vergiyə məsuliyyətli yanaşmaq qanuna hörmətlə bağlıdır və bu hörmətin bünövrəsində ciddi nəzarət, iri cərimələr və sərt cəzalar təhlükəsi dayanır. Nağdsız hesablaşmaların sahibkarlığın bütün sahələrini əhatə etməsini təmin etmək, ümumilikdə bankların rolu bu prosesə təkanverici amillərdəndir".