Əlaqə Arxiv
news Image
2020.02.01
10:15
| A A A
Kredit faizlərində növbəti ucuzlaşma

Natiq Cəfərli: "Bir neçə aydan sonra biznes kreditlərində müəyyən ucuzlaşma gözlənilə bilər"

Fuad İbrahimov: "İlk növbədə bank sektorunun stimullaşdırılmasına şərait yaradacaq"

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti uçot dərəcəsinin 7,5%-dən 7,25%-ə endirilməsi haqqında qərar qəbul edib. Bu barədə AMB-nin sədri Elman Rüstəmov keçirdiyi mətbuat konfrasında məlumat verib.

Onun sözlərinə görə, faiz dəhlizinin aşağı həddi 5,5%, yuxarı həddi isə 9% (uçot dərəcəsinə ±1,75%-lik simmetrik diapazonda) səviyyəsində müəyyən edilib. Qərar yanvarın 31-dən qüvvəyə minib. AMB-nin rəhbərliyi faiz dəhlizinin parametrlərinə növbəti dəfə martın 19-da baxacaq.

Ümimiyyətlə, son dövrlər Mərkəzi Bank uçor dərəcəsinin azaldılması kursunu götürüb. Keçən il AMB 7 dəfə bu istiqamətdə addım atıb. Belə ki, 2019-cu ilin fevral ayında uçot dərəcəsini  9,25 faizə, mart ayında 9-a  apreldə 8,75-ə, iyun ayında 8,5-ə, iyulda 8,25-ə, sentyabrda 8,25 dən 8 faizə və nahəyat dekabr ayında 7,75-dən 7,5 faizə endirib. AMB-nin son addım olaraq uçot dərəcəsini 0,25 bənd endirməsi nədən qaynaqlanır və prosesə onun nə kimi təsirləri olacaq?

İqtisasdçı ekspert Natiq Cəfərli öncə qeyd etdi ki, uçot dərəcəsinin azaldılması hökumətin siyasətidir: "Dünyanın mərkəzi banklarının uçot dərəcəsi həmin ölkə ərazisində kredit faizlərinin formalaşmasında mühüm rol oynayır. Yəni uçot dərəcəsilə kredit faizləri arasında bir əlaqə, paralellik var. Azərbaycanda da Prezidentin yanında keçirilən müşavirələrdə də kredit faizlərin baha və biznes kreditlərinə marağın az olması qeyd olunurdu. Banklar hələ də əsasə diqqəti istehlak kreditlərinə yönəldib. İnsanlarımız daha çox istehlak kreditlərinə yönəlir. Çünki biznes krediti çox bahadır və biznes mühiti isə o qədər də əlverişli deyil. Ona görə Mərkəzi Bank qarşısında vəzifə qoyulmuşdu ki, biznes kreditləri, ümumiyyətlə kredit faizlərinin ucuzlaşması istiqamətində addımlar atılsın. Bu addımların tərkib hissəsi olaraq da uçot dərəcəsinin 0,25 fai azaldılması barədə qərar verildi".

N. Cəfərlinin fikrincə, problem ondadır ki, Azərbaycanda inkişaf etmiş Avropa ölkələrində olduğu kimi, uçot dərəcəsinin endirilməsi prosesə,

kredit faizlərinə birbaşa və dərhal təsir etmir: "Bunun üçün bir müddət keçməlidir. Banklar Mərkəzi Bankdan uçot dərəcəsinin daha aşağı faizilə kredit götürməyə nail olsa, bu halda kredit faizlərini aşağı çəkməyə başlayırlar. Hər halda ilkin olaraq addım atıldı. Kommersiya banklarının Mərkəzi Bankın maliyyə resurslarına çıxış imkanları ucuzlaşacaq, heç olmasa 0,25 faiz.

Bunun ardınca, bir neçə aydan sonra biznes kreditlərində də müəyyən ucuzlaşma gözlənilə bilər. Mərkəzi Bank doğrudan da prosesdə normal tənzimləyici rolunu oynaya bilsə və kommersiya banklarının özünün manat resurslarına çıxış imkanlarını sadələşdirməyə getsə. Bu halda biznes kteditlərinin həm faiz dərəcəsi aşağı düşə bilər, həm də ona maraq artar. Biznes kreditlərinə marağın artması isə yeni iş yerləri, yeni istehsal və xidmət sahələrinin yaranmasına səbəb olacaq. Bu da öz növbəsind ölkə iqtisadiyyatına pozitiv təsir göstərəcək".

İqtisasdçı ekspert Fuad İbrahimovun fikrincə, cari ildə kredit faizlərində artıq dəyişikliklər baş vercək: "Son bir il ərzində dinamik olaraq Mərkəzi Bank tərəfindən uçot dərəcəsinin aşağı endirilməsi prosesi aparılır. Yanvarın 31-də də bu istiqamətdə addım atıldı və uçot dərəcəsi 7,5-dən 7,25 faizə endirildi. Belə bir addımın atılması ilk növbədə bank sektorunun stimullaşdırılmasına şərait yaradacaq. Kommersiya banklarının kredit portfelindən istifadə  elastikliyinə gətirəcək. Şübhəsiz ki, Prezident İlham Əliyevin yanında 2019-cu ilin yekunlarına həsr olunan müşavirədə bu məsələyə xüsusi önəm verməsi onu yenidən stimullaşdırıb. Ancaq təəssüf ki, bu günə qədər uçot dərəcəsinin endirilməsi kredit faizlərinin aşağı salınmasına elə də təsir etməyib. Ancaq düşünürəm ki, ölkə rəhbərliyi səviyyəsində məsələyə toxunulduğundan cari ildə artıq kredit faizlərində dəyişikliklərə gətirəcək. Bu da öz növbəsində biznes mühitinin aktivliyinə gətirib çıxaracaq".

Rüfət NADİROĞLU

 

 

Sizin Reklam Yeriniz