Əlaqə Arxiv
news Image
2020.02.04
10:42
| A A A
Əmanət faizləri enir
Əkrəm Həsənov: “Əmanətlər üzrə faizlərin endirilməsinin başlıca səbəbi bankların yüksək faizlə kredit verə bilməməsidir”

Azərbaycanda fəaliyyəti göstərən bankların əksəriyyəti manatla qəbul etdikləri əmanətlər üzrə faiz dərəcəsini 10 faizdən aşağı salıb. Hazırda manatla olan sığortalanan əmanətlər üzrə maksimum faiz dərəcəsi 10 faizdir. 2019-cu ilin sonuna qədər 4 bank istisna olmaqla bütün banklar bir il müddətinə qoyulan əmanətlərə 10 faizdən aşağı faizlə divident verirdi. Nisbətən yüksək faiz verən banklardan ikisi də 2020-ci ildən manatla olan əmanət faizlərini endirib. İndi yalnız iki bank bir il müddətinə manatla qoyulan əmanərlərə 10 faiz gəlir vəd edir.

Hazırda ölkəmizdə 30 bank fəaliyyət göstərir. Onlar 2018-ci ildən başlayaraq əmanət faizlərini endirir. 2019-cu ilin ikinci yarısına qədər bankların əksəriyyəti əmanət faizlərini endirdiyinə görə Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə maksimum faiz dərəcəsini manatda 15-dən 10-a, xarici valyutada 3-dən 2,5-ə endirdi. Sığortalanan əmanətlər üzrə faiz dərəcəsinin endirilməsindən sonra banklar yeni qoyulan əmanətlər üzrə faktiki faiz dərəcəsini bir qədər də aşağı salıb. İndi böyük banklar 6-8 faizə, orta banklar 8-9 faizə, kiçik banklar 9-10 faizə əmanət qəbul edir.

Yeni əmanətlər üzrə faizlərin enməsini Mərkəzi Bankın məlumatları da təsdiqləyir. 2018-ci ilin əvvəlində manatla qoyulan əmanətlərdə orta illik faiz dərəcəsi 11,6 faiz, xarici valyutada 3,66 faiz olub. 2019-cu ilin əvvəlində manatla əmanətlər üzrə faiz dərəcəsi 10 faizə, xarici valyutada olan əmanətlər üzrə faiz dərəcəsi 2,66 faizə düşüb.

Ötən ilin sonuna doğru faizlərdə enmə dinamikası davam edib və ilin son ayında manatla əmanətlər üzrə faizlər 9,7-yə, xarici valyutada 2,4 faizə enib.

Əmanətlər üzrə faizlərin düşməsi bankların öhdəliyini azaltmaqla bərabər, kredit faizlərinə də təsir etmək imkanı var. Bu təsir hüquqi şəxslərə verilən kreditlərdə müşahidə edilir. Hüquqi şəxslərə ayrılan kredirlərdə əvvəllər xarici valyutada olan kreditlərdə azalma olmuşdusa, son aylarda manatla verilən kreditlərdə də azalma var. Monetar şəraitin yumşalması tədricən kredit qoyuluşlarının həcminin artması, kreditlərin müddətinin uzanması və yeni kreditlər üzrə orta faizlərin azalmasına transmissiya olunmaqdadır.

Hüquqi şəxslərə 2018-ci ilin əvvəlində manatla kreditlər 9 faizlə verilirdisə, ötən ilin sonunda 8,8 faizə düşüb. Xarici valyutada olan kreditlərdə 6,8 olan faiz dərəcəsi, ötən ilin sonunda 5,33 faizə qədər geriləyib. Fiziki şəxslərdə isə 2018-ci ilin yanvarında manatla verilən kreditlərdə orta faiz dərəcəsi 16,31, xarici valyutada 16,5 idi. 2019-cu ilin sonunda manatla yeni verilən kreditlərdə orta faiz dərəcəsi 16,6 faiz, xarici valyutada 8 faiz olub. Göründüyü kimi manatla olan kreditlərdə ciddi dəyişiklik olmadığı halda, xarici valyutada ciddi azalma var.

Əmanət faizlərində baş verən enmənin gələcəkdə kredit faizlərinə də təsir imkanlarını dəyərləndirən bank sahəsi üzrə ekspert Əkrəm Həsənovun fikrincə, manatla və xarici valyutada olan əmanətlər üzrə faizlərinin endirilməsinin başlıca səbəbi bankların yüksək faizlə kredit verə bilməməsidir. O qeyd etdi ki, bank yüksək faizlə əmanət götürüsə, həmin vəsaiti də yüksək faizlə kreditə verməlidir. Ə.Həsənovun sözlərinə görə əks halda həm gəlir əldə etməsi, həm xərclərini ödəməsi, həm də əmanətçiyə divident verməsi mümkün olmaz: “Banklar real vəziyyəti nəzərə alaraq kredit faizlərini endirmək istəyir. Kredit faizlərini endirmək üçün əmanət faizlərini də endirməlidirlər. Hazırda vəsaiti az olan banklar 10 faizlə əmanət qəbul edir. Orta və iri bankların heç biri 10 faizlə əmanət qəbul etmir. Əmanətlər əsasən 7-9 faizlə qəbul edilir”.

Ekspert hesab edir ki, faktiki göstəriciləri nəzərə alaraq Əmanətlərin Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə maksimum faiz dərəcəsini endirə bilər: “Sığortalanan maksimum faiz dərəcəsinə 2020-ci ilin martın 4-dən sonra baxıla bilər. Həmin tarixdə əmanətlərin tam sığortalanması haqqında qanun qüvvədən düşür. Hazırda dəqiq bilinmir ki, bu qanunun tətbiqi davam etdiriləcək, yoxsa dayandırılacaq. Bu qanununla bərabər əmanətlərin sığortalanması üzrə maksimum faiz dərəcəsinə də baxılacaq. Banklarda müəyyən narahatçılıq var ki, qanunun tətbiqi dayandırılarsa, əmanət qoyuluşu azalacaq. Ola bilər ki, azalsın. Amma azalma cüzi olacaq. Çünki banka pul qoyanların əksəriyyətinin faiz gəlirlərinə ciddi ehtiyacı yoxdur, onların başqa mənbələrdən də gəliri var. Onlar sadəcə olaraq öz vəsaitlərinin dəyər itirməməsi üçün, həm də təhlükəsizliyi üçün banka qoyur. Eyni zamanda sabit gəlir əldə etmək üçün başqa investisiya yerləri qalmayıb. On il əvvəl çox pulu olanlar daşınmaz əmlak alırdı. O zaman daşınmaz əmlakın qiyməti yüksəlirdi. Amma hazırda daşınmaz əmlakın qiyməti yüksəlmir, hətta enir. Bunu banklar da bilir. Ona görə də banklar tərəddüd etmədən faizləri endirirlər. Hesab edirəm ki, faizlərin endirilməsi doğru yoldur və inşallar son nəticədə də bank kreditləri üzrə faizlərdə də enmə baş verəcək”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz