Əlaqə Arxiv
news Image
2020.02.05
10:07
| A A A
Regionların inkişafına dair dövlət proqramları öz bəhrəsini verir
Dövlət proqramlarının həyata keçirildiyi dövrdə Azərbaycanın sosial-iqtisadi mənzərəsi dəyişib

2003-cü ildən bəri Azərbaycanda iqtisadi və sosial sahələrdə regionlar arasında tarazlı inkişafın təmin edilməsi məqsədilə xüsusi proqramlar həyata keçirilir. Bu proqramlar arasında ən önəmlisi regionların sosial-iqtisadi inkişafı proqramlarıdır.
Təcrübə göstərir ki, iqtisadi və sosial proqramlar ölkədə iqtisadiyyatın diversifikasiyasına və onun dünya təsərrüfat sisteminə səmərəli inteqrasiyasına, infrastruktur və kommunal xidmətlərin səviyyəsinin daha da yaxşılaşdırılmasına, əhalinin həyat səviyyəsinin davamlı olaraq yüksəldilməsinə nail olmaq baxımından faydalıdır. Həmin proqramlar hesabına regionlarının potensialından səmərəli istifadə etməklə yerlərdə sənaye sahələrinin və kənd təsərrüfatının inkişafını sürətləndirmək, bu işdə sahibkarlara dəstək olmaq, əhalinin yaşayış səviyyəsini yaxşılaşdırmaqla yoxsulluq probleminin həllinə nail olmaq və ölkəni iqtisadi cəhətdən hərtərəfli inkişaf etdirmək mümkündür.
İndiyə qədər ölkəmizdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı 4 proqram qəbul edilib. Onlardan 3-ü həyata keçirilib. Qüvvədə olan 4-cü proqram “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”dır. Bundan əvvəl 2014-2018-ci illəri əhatə edən eyni adlı dövlət proqramı qəbul edilmişdi. İlk proqram isə 2003-2008-ci illəri əhatə etmişdi. Əvvəlki proqramların müsbət nəticələrinin çox olması hökumətdə növbəti proqramın qəbul edilməsi zərurətini formalaşdırdı.
İlk proqramın qəbulundan ötən dövr göstərir ki, iqtisadiyyatın, sahibkarlıq subyektlərinin inkişafında bu proqramların faydası böyük olub. 2004-cü ildən icra olunan proqramlar regionlarda şəhər, qəsəbə və kəndlərin simasını köklü şəkildə dəyişib, regionların potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin, biznes və investisiya mühitinin yaxşılaşmasına və əhalinin rifahının yüksəlməsinə geniş imkanlar açıb. Hazırda bu imkanlardan çıxış edərək ölkənin sosial-iqtisadi həyatında, xüsusilə regionlarda, o cümlədən kənd yerlərində iqtisadi inkişafın sürətləndirilməsi, əhalinin layiqli məşğulluğu və sosial rifah halının daha da yüksəldilməsi və ekoloji təhlükəsizliyin gücləndirilməsi istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi inkişaf gündəliyində ön plana çıxıb. Bu məsələlərin həlli ölkənin regionlarında mövcud olan potensialdan daha səmərəli istifadə etməklə bölgələrdə, o cümlədən kənd yerlərində sosial-iqtisadi inkişafın sürətləndirilməsi və bu inkişafın davamlılığının möhkəmləndirilməsini zəruri edir. Bu isə öz növbəsində ölkənin regionlarının sosial-iqtisadi inkişafı ilə əlaqədar siyasət tədbirlərinin, o cümlədən kompleks proqramlar hazırlanıb icra olunmasının davam etdirilməsini nəzərdə tutur.
Dövlət proqramlarının icra olunduğu 2004-2018-ci illər ərzində ümumi daxili məhsul 3,3 dəfə, o cümlədən qeyri-neft sektoru üzrə 2,8 dəfə, sənaye üzrə 2,6 dəfə, kənd təsərrüfatı üzrə 1,7 dəfə artıb. Bu müddətdə həyata keçirilən tədbirlər nəticəsində ölkədə 1,5 milyonu daimi olmaqla 2 milyondan çox yeni iş yeri, 100 mindən çox müəssisə yaradılıb, işsizlik 5 faizə, yoxsulluq səviyyəsi 5,1 faizə enib. Dövlət proqramları çərçivəsində görülən genişmiqyaslı işlər regionların qarşıdakı illərdə də inkişafı üçün möhkəm zəmin yaradıb. Strateji valyuta ehtiyatları 2004-cü ilə nisbətən 28,1 dəfə artaraq 1 fevral 2020-ci il tarixinə 52 milyard ABŞ dolları səviyyəsini keçib. Dövlət proqramlarının icrası dövründə xarici ticarətin coğrafiyası daha da genişlənib, onun əmtəə strukturu təkmilləşib. Bu dövrdə Azərbaycan 190-a yaxın ölkə ilə xarici ticarət əməliyyatları aparıb, qeyri-neft ixracı 4,5 dəfə artıb.
Proqramların müsbət nəticələrindən biri də mərkəzi büdcəsədn dotasiya tələb etməyən rayon və şəhərlərin sayının artmasıdır. 2013-cü ildə yalnız Bakı, Sumqayıt, Şirvan şəhərləri və Abşeron rayonu yerli gəlirləri ilə xərclərini maliyyələşdirə bilirdi. 2014-cü ildə onların sayı 6-ya, 2016-cı ildə 8-ə 2017-ci ildə 33-ə 2019-cu ildə 35-ə çatdırıldı. 2020-ci ildə gəlirləri artan rayon və şəhərlərin sayı bir qədər də artacaq.
Gəlirlərin artması sahibkarlığın inkişafına verilən dəstək hesabına mümkün olub. Dövlət proqramlarının qəbulundan ötən müddət ərzində ölkədə sahibkarlığın inkişaf etdirilməsi və genişləndirilməsi, sahibkarlara dövlət dəstəyinin gücləndirilməsi və onların hüquqlarının etibarlı müdafiə mexanizmlərinin yaradılması istiqamətində kompleks tədbirlər həyata keçirilib, ölkədə güclü özəl sektor formalaşıb, biznes və investisiya mühiti daha da yaxşılaşıb, sahibkarların sayı artaraq ölkə iqtisadiyyatının aparıcı qüvvəsinə çevrilib. Görülən işlərin nəticəsində artıq 2019-cu ildə özəl bölmənin ümumi daxili məhsul istehsalında payı 85 faizə yüksəlib, məşğulluqda 82 faizdən çox olub, dövlət qeydiyyatına alınan sahibkarlıq subyektlərinin sayı 950 mini keçib. Qeydiyyatdan keçmiş sahibkarlıq subyektlərinin 75 faizi regionların payına düşür.
Həmçinin ötən müddət ərzində əhalinin gəlirlərinin artırılması istiqamətində əməli tədbirlər görülüb, minimum əmək haqqının ölkə üzrə yaşayış minimumuna çatdırılması siyasəti davam etdirilib, əmək siyasəti və əməyin ödənilməsi sahəsində həyata keçirilən islahatlar nəticəsində işləyənlərin orta aylıq əmək haqqının ilbəil artması əhalinin həyat səviyyəsinin yüksəldilməsini təmin edib.
Bütün bunlar ölkə iqtisadiyyatının inkişafında regionların sosial-iqtisadi inkişafının böyük əhəmyyət kəsb etdiyini təsdiqləyir.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz