Əlaqə Arxiv
news Image
2020.02.06
10:19
| A A A
Qeyri-neft ixracında böyük hədəflər
Azərbaycan yaxın illərdə qeyri-neft ixracını 5 milyard dollara çatdıracaq

Son illərdə Azərbaycanın qeyri-neft ixracında müşahidə edilən artım dinamikası qarşıdakı illərdə də davam edəcək. Hökumətin müəyyənləşdirdiyi hədəflərə əsasən qeyri-neft məhsullarının ixracı 2023-cü ildə 3,3 milyard dolları, 2025-ci ildə 4,5 milyard dolları ötməlidir. Bu hədəflərə çatmaq üçün qeyri-neft mallarının ixracının hər il orta hesabla 10-15 faiz intervalında artması vacibdir.

Xatırladaq ki, qeyri-neft ixracımız 2017-ci ildə 24 faiz, 2018-ci ildə 10 faiz, 2019-cu ildə 14 faiz artıb. 2019-cu ildə qeyri-neft ixracı 2016-cı ilə nisbətən 55 faiz artım göstərib. Ötən il qeyri-neft ixracında ən böyük göstərici əldə edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı hesab edir ki, ixracın artmasında dövlət dəstəyinin böyük rolu var. Azexport.az portalı, Bir Pəncərə İxraca Dəstək Mərkəzi, ticarət evləri, ticarət nümayəndələri, ixrac subsidiyaları, ixrac missiyaları, beynəlxalq sərgilərdə iştirak və s. kimi dəstəkləyici tədbirlərdən uğurla istifadə edilib. O qeyd edib ki, əldə olunan uğurlardan sonra 4-cü sənaye inqilabının tələblərinə uyğun şəkildə qeyri-neft ixracının yeni erası başlayır.

2019-cu ilin nəticəsi nəzərə alınarsa, qeyri-neft sektoru üzrə ixracın adambaşına düşən hissəsi 195 dollar olub. Bu, təxminən 200 dollar deməkdir. V.Qasımlı bildirib ki, 2025-ci ildə adambaşına qeyri-neft mallarının ixrac dəyəri ən azı 450 dollara qaldırılması hədəflənib. Həmin dövrdə əhali sayının təxminən 10,5 milyon nəfər olacağını nəzərə alsaq bu, ixracın 4,7 milyard dollara çatdırılması deməkdir. Hədəf böyükdür, amma Azərbaycan bu hədəfə nail olmaq üçün potensialı var. V.Qasımlı qeyd edib ki, hədəfə çatmaq üçün bu il də daxil olmaqla qeyri-neft ixracı illik 15 faiz artırmalıdır.

Qeyri-neft ixracının artmasının Azərbaycan üçün əhəmiyyəti böyükdür. Artımı zəruri edən ilk növbədə Azərbaycanın tədiyə balansında tarazlığın qorunmasıdır. Ümumən ölkəmizin ixracı idxalından xeyli çoxdur. İxrac idxaldan təxminən iki dəfə böyükdür. Lakin bir şey bəllidir ki, ixracın böyüklüyünü neft-qaz sektoru təmin edir. Amma idxalın həcmindəki dəyişiklik qeyri-neft sektorundan asılıdır. Son illərin təcrübəsi göstərir ki, neft və qazdan əldə edilən gəlirlər qeyri-neft mallarının idxalını artırır. Qarşıdakı illərdə Azərbaycanın neft satışından gəlirinin artması ehtimalı azdır. Çünki neft hasilatında artım yoxdur, hətta hər il bir qədər azalır. Bundan sonra neft qiymətlərinin 2007-2014-cü illərdə olduğu kimi yüksək olması da proqnozlaşdırılmır. Qaz ixracında artım olacaq. 2021-ci ildən qaz ixracında ciddi artım gözlənilir. Sonra uzun müddət qaz ixracı sabit qalacaq və buradan ciddi gəlirlər əldə olunacaq. Bəs, daha sonra nə olacaq? Neft və qaz gəlirləri sabit qalsa da qeyri-neft idxalı davamlı artacaq. Bu halda idxalın həcminin daha bir neçə milyard dollar artması proqnozlaşdırılır. Neft-qaz ixracı üzrə gəlirin sabitləşdiyi müəyyən mərhələdə xarici ticarət saldosunun kiçilməməsi üçün hökmən ya idxal azalmalıdır, ya da qeyri-neft ixracı artmalıdır. İdxalının azalması real görünmür. Çünki hər il əhalinin sayı artır və eyni zamanda əhalinin gəlirləri yüksəlir. Belə şəraitdə daxili tələb artdığından idxalı azaltmaq çətindir. Buna görə də yeganə yol qeyri-neft sektoru üzrə ixracın artırılmasıdır.

V.Qasımlı vurğulayıb ki, qeyri-neft ixracının artımı iqtisadi təhlükəsizlik və makro sabitlik üçün strateji əhəmiyyətlidir və buna görə də hökumət yeni planlar üzərində düşünür: “Qeyri-neft ixracının artımı kəmiyyət deyil, keyfiyyət baxımından, başqa sözlə, yaradılan mənfəət baxımından daha əhəmiyyətlidir. Nazirlər Kabinetinin “Azərbaycan Respublikası Prezidentinin sədrliyi ilə keçirilən 2019-cu ilin yekunlarına həsr olunmuş müşavirədən irəli gələn tapşırıqların icrasının təmin edilməsi üzrə Tədbirlər Planı”nda nəzərdə tutulur ki, 2020-ci ilin iyul ayınadək yeni qeyri-neft ixracı strategiyası hazırlansın”.

Qeyri-neft ixracının artımını zəruri edən digər məsələ rəqabətli inkişafı həvəsləndirməkdir. Azərbaycan kimi kiçik ölkələrdə yalnız daxili tələbə hesablanmış istehsal sahələrini keyfiyyət baxımdan gücləndirmək, inkişaf etdirmək çətindir. Amma böyük bazarlara çıxdıqda, gəlirlər artdıqda istehsalın daha səmərəli təşkilinə, rəqabətədavamlı məhsul istehsalına nail olmaq uğrunda mübarizəyə həvə artır. Bu keyfiyyətlər bir tərəfdən yüklsək standartlara cavab verən məhsul istehsal edərək daxili bazarda idxal mallarını sıxışdırmağa imkan verir, digər tərəfdən xaricə daha çox məhsul satmaqla daha yüksək gəlir qazanmağa şərait yaradar.

Qeyri-neft ixracının artması məşğulluğun artırılmasına da səbəb olacaq. Hazırda muzdla çalışanların sayı 1,6 milyondur. Onların cəmi 80-90 mini neft-qaz sektrorunda çalışır. Qeyri-neft sektoru üzrə ixracın artması istehsalın artmasına səbəb olacaq ki, bu da daha yüksək məvacibli, yeni iş yerlərinin sayının artmasına səbəb olacaq.

Azərbaycan qeyri-neft ixracını artırmaq məqsədilə e-ticarət və e-kommersiya təcrübəsindən də geniş istifadə etməlidir. Son illərdə ixracın artmasında Azexport.az portalı böyük imkanlar yaradıb. Gələcəkdə elektron ticarət müstəvisinin genişlənməsi mallara xarici alıcıların tapılmasını da asanlaşdıracaq.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz