Əlaqə Arxiv
news Image
2020.02.06
10:28
| A A A
İnvestisiya fondları əsas maliyyə vasitəçisinə çevrilə bilər
Əkrəm Həsənov: “Sahibkarlığın, iqtisadiyyatın inkişafı üçün investisiya fondlarının əhəmiyyəti banklardan daha yüksəkdir”

Azərbaycanda gələcəkdə biznes sektorunun kreditlərə və digər sərmayə vasitələrinə ehtiyacının ödənilməsi məqsədilə fond bazarının inkişaf etdirilməsi, o cümlədən sərmayə fondlarının yaradılması nəzərdə tutulub. Bunu İqtisadiyyat naziri Mikayıl Cabbarov “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı deyib.

Nazir söyləyib ki, sahibkarlığın dövlət tərəfindən dəstəklənməsi mexanizminin səmərəli olmasına baxmayaraq, dövlət kreditləşdirməni tamamilə öz öhdəsinə götürməli deyil. Biznes kreditlərinə olan tələbatın daha çox hissəsini bank sektoru öz üzərinə götürməlidir. M.Cabbarov qeyd edib ki, banklar bu sahədə əsas mənbə rolunda çıxış etməlidir və uzunmüddətli maliyyələşmədə payı hələlik aşağı səviyyədədir.

Nazir biznes sektorunun uzunmüddətli kreditlərə olan ehtiyacının təmin edilməsi məqsədilə müvafiq qurumlarla birgə işlədiklərini dedi: “Hazırda biz Mərkəzi Bankdan olan həmkarlarımızla real sektora bank kreditlərinin yönəldilməsi üçün atılacaq addımları müzakirə edirik. Burada dövlət mülkiyyətində olan bankların rolu daha yüksək ola bilər. Eyni zamanda, biznesin maliyyələşmə ehtiyaclarının qarşılanmasının yeni istiqaməti kimi ölkədə kapital bazarının, o cümlədən fond bazarının inkişafının sürətləndirilməsi və sərmayə fondlarının yaradılması ilə bağlı təkliflər hazırlanır”.

Sərmayə fondlarının yaradılması biznes sektorunun uzunmüddətli maliyyə vəsaiti ilə təminatını yaxşılaşdıra bilərmi?

Bank-maliyyə sahəsi üzrə ekspert Əkrəm Həsənov deyir ki, qabaqcıl ölkələr iqtisadiyyatın sərmayə qoyuluşuna olan tələbatının ödənilməsində əsas mənbələrdən biri kimi investisiya fondlarını görür. Ekspert söylədi ki, Azərbaycanda sahibkarın maliyyələşdirilməsi məsələsindən danışılanda yalnız banklar yada düşür: “Ölkəmizdə belə hesab edilir ki, sahibkarın maliyyə vəsaitinə olan ehtiyacını banklar kredit verməklə ödəməlidir. Alternativ investisiya mənbəyi isə yoxdur. Amma qabaqcıl ölkələrdə əsas investisiya vasitələrindən biri də investisiya fondlarıdır. Ölkəmizdə əlavə pulu olan və bundan qazanc əldə etmək istəyən fiziki və hüquqi şəxslər pulunu yalnız banklara qoyur. Halbuki investisiya fondları olarsa, pulların bir hissəsi həmin fondlara da yönələcək. İnvestisiya fondları əhalidən, hüquqi şəxslərdən cəlb etdiyi vəsaitləri sahibkarlıq subyektlərinə investisiya edirlər. Bununla həm fonda pul qoyanlar qazanır, həm fondun özü gəlir əldə edir, həm də sahibkarlar uzunmüddətli investisiya vəsaitini cəlb etmiş olur”.

Ekspert söylədi ki, sahibkarlığın, iqtisadiyyatın inkişafı üçün investisiya fondlarının əhəmiyyəti banklardan daha yüksəkdir: “Banklardan fərqli olaraq investisiya fondlarının sərmayə qoyuluşu daha effektiv olur. Bank kredit verir və onun faizi ilə birgə vaxtında qaytarılmasını istəyir. Bankı maraqlandırmır ki, sahibkarlıq subyekti bu ödənişi necə edəcək, gəlir əldə edə biləcək, yoxsa necə? İnvestisiya fondları olduqda isə vəziyyət fərqli olur. İnvestisiya fonduna pul qoyanlar maraqlı olur ki, fondlar daha uğurlu fəaliyyət göstərsin. İnvestisiya fondları da öz növbəsində investisiya etdiyi biznes sahələrində daha yaxşı nəticələrin əldə edilməsini istəyir, öz tövsiyələrini verir. Bu yanaşma sahibkarlığın maliyyə təminatının yaxşılaşmasına xidmət edir. Bütün qabaqcıl ölkələr bu təcrübədən istifadə edir. Bizdə niyə belə fondlar yoxdur?”.

Ekspert xatırlatdı ki, Azərbaycanda investisiya fondları haqqında qanun 2010-cu ildən var. Lakin indiyə qədər belə fondlar ya yaradılmayıb, ya da yaradılsa da işləyə bilmir. Onun fikrincə investisiya fondlarının yaradılması yolunda iki məsələ həllini tapmalıdır – qanunvericilik və şəffaflaşma: “İnvestisiya fondlarının olmamasının əsas səbəblərindən biri iqtisadiyyatımızda şəffaflıq səviyyəsinin lazım olan səviyyədə olmamasıdır. Kölgə iqtisadiyyatının həcmi böyükdür. Dövlət başçısı kölgə iqtisadiyyatı ilə mübarizəyə diqqətini artırıb, bunun sayəsində son 2 ildə şəffaflaşma prosesi sürətlənib. Qeyri-şəffaflıq olduqda investisiya fondlarına vəsait qoymaq istəyən az olacaq. Çünki o da şəffaf fəaliyyət göstərməyəcək, pulu mənimsəyəcək. Eyni zamanda investisiya fondu da düşünəcək ki, pulu hansı sahibkarın biznesinə qoysun. Axı, sahibkarlar da qeyri-şəffaf işləyir, maliyyə hesabatları həqiqəti əks etdirmir, öz xərcini, gəlirini dəqiq ifadə etmir və s.. Banklar qeyri-şəffaalıq olduqda belə kredit verir. Çünki bir çox hallarda zamanət alır, girov qəbul edir. Sahibkar gəliri olmadıqda belə kreditini qaytarmağa borcludur. İnvestisiya fondları isə bunu edə bilmir. Gəlir olmadıqda sahibkar ona pul vermir. Buna görə də gərək sahibkarın maliyyə fəaliyyəti şəffaf olsun ki, fond da bunun əsasında dəqiq qiymətləndirmə apara bilsin. Qeyri-şəffaflıq böyük bir problemdir. İnvestisiya fondlarının fəaliyyətinin təmin edilməsi, gücləndirilməsi üçün hökmən kölgə iqtisadiyyatı kiçildilməlidir.

Kölgə iqtisadiyyatı ilə bərabər ölkədə koorporativ idarəetmə də çox zəifdir. Hüquqi şəxs statuslu sahibkarlıq subyektlərində koorporativ idarəetmə vərdişləri, xassiyyəti formalaşdırılmalıdır. Bir şirkətin 51 faiz səhminə sahib olan sahibkar şirkəti istədiyi kimi idarə edir, maliyyə hesabatı qeyri-şəffaf olur, gəlirlər gizlədilir, daha çox hissəsini özünə götürür, digər kiçik paya sahib olan sahibkarlara gəlir verilmir. Nəticədə pulu olan adamlar şirkətlərdən səhm almır, şirkətlərə investisiya qoymur. Bunun qarşısını almaq üçün qanunvericilik dəyişdirilməlidir, yeni tələblər əlavə edilməlidir. 2014-2016-cı illərdə koorporativ hüquqa dair yeni qanunvericiliyin hazırlanması məqsədilə dövlət məmurlarının da iştirakı ilə işçi qrupu yaradılmışdı. İşçi qrupda dövlət məmurları, yerli ekspertlər, o cümlədən mən və almaniyadan cəlb edilən ekspertlər də var idi. 2016-cı ildə qeyd edilən qanun layihəsi hazırlanıb, dövlətə təqdim edilib. Həmin layihəni təkmilləşdirməklə onu qəbul etmək olar”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz