Əlaqə Arxiv
news Image
2020.02.07
09:09
| A A A
Şimal-Cənub dəmir yol xətti modernləşdirilir
Azərbaycan bu xəttin modernləşdirilməsində öz üzərinə düşən işləri layiqincə yerinə yetirir

2020-ci ildə Azərbaycan və regional layihələr üçün böyük əhəmiyyət kəsb edən Bakı-Yalama dəmir yolu xəttinin yenidən qurulmasına başlanılacaq. Bu yolun uzunluğu 198,3 kilometrdir. Bakıdan başlanan dəmir yol xətti Xaçmaz rayonunun ərazisində yerləşən Yalama məntəqəsinə qədər uzanır. Burada dəmir yol xətti Rusiyanın dəmir yol şəbəkəsinə qoşulur.

Bu xəttin böyük regional əhəmiyyəti var. Onun yenidən qurulması şimaldan cənuba və əks istiqamətdə yüklərin, o cümlədən tranzit yüklərinin daşınmasını yaxşılaşdıracaq. Bakı-Yalama xətti böyük regional nəqliyyat layihəsi hesab edilən Şimal-Cənub nəqliyyat dəhlizinin bir hissəsidir. Bu dəhlizlə böyük həcmdə yüklərin daşınması gözləntilərini nəzərə alaraq, Azərbaycan hökuməti Bakı-Yalama və Bakı-Astara (İran sərhədi) dəmir yollarının yenidən qurulmasını həyata keçirməyi qərara alıb.

Bakı-Yalama xəttinin modernlərşdirilməsi Asiya İnkişaf Bankının ayırdığı kredit vəsaiti hesabına həyata keçiriləcək. Asiya İnkişaf Bankı dəmir yolu sısteminin inkişafı proqramının reallaşdırılması üçün Azərbaycana 400 milyon dollar məbləğində kredit ayırır. Kredit vəsaitləri hesabına “Azərbaycan Dəmir Yolları” QSC-nin idarəetmə sisteminin gücləndirilməsinə yönəlmiş tədbirlərin həyata keçirilməsi, cəmiyyətin maliyyə effektivliyinin artırılması, yeni korporativ strukturunun yaradılması, eləcə də Bakıdan Rusiya sərhədinə qədər dəmir yolu infrastrukturunun modernləşdirilməsi nəzərdə tutulur. Bu vəsaitin bir hissəsi Bakı-Yalama üçün xərclənəcək.

Hazırda Azərbaycanda olan dəmir yol infrastrukturu şimaldan cənuba və əks istiqamətdə yüklərin və sərnişinlərin daşınmasına imkan verir. Amma xəttin köhnə olması onun vasitəsilə daha çox və intensiv daşımalar zamanı müəyyən risklər yarada bilər. Həmin risklərin əvvəlcədən aradan qaldırılması vacib olduğundan Azərbaycan xaricdən cəlb etdiyi əlverişli kreditlə Bakı-Yalama xəttini yenidən quracaq.

Qeyd edək ki, 2000-ci ilin 12 sentyabr tarixində Rusiya, İran və Hindistan arasında imzalanan hökumətlərarası Saziş əsasında "Şimal-Cənub" Nəqliyyat Dəhlizinin təməli qoyulub. Layihəyə əsasən həmin dəhliz üzrə mərkəzi xətt ölkəmizdən keçməlidir. Bu isə o deməkdir ki, gələcəkdə hər iki istiqamətdə böyük miqdarda yüklər daşınacaq və bu yüklərin daşınması üçün mövcud xətlərin tələblərə cavab verməsi vacibdir. Bu baxımdan Yalama xəttinin yenilənməsi böyük əhəmiyyətə sahibdir.

Azərbaycan "Şimal-Cənub" Nəqliyyat Dəhlizi ilə bağlı Sazişə 2005-ci ildə qoşulub. Ümumilikdə 13 ölkə sözügedən Sazişi ratifikasiya edib. Dəhlizin yaradılmasında məqsəd Hindistandan Rusiyaya, eləcə də Şimali və Qərbi Avropaya gedən yüklərin çatdırılma müddətini azaltmaqdır. Hazırkı marşrut üzrə çatdırılma vaxtı 6 həftədən artıqdır, "Şimal-Cənub" vasitəsilə isə 3 həftə olması gözlənilir.

Azərbaycan “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi layihəsinin tam hazır olması üçün üzərinə düşənləri layiqincə edib. “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin Azərbaycan Respublikasının ərazisindən keçən hissəsində işlərin sürətləndirilməsi haqqında" Azərbaycan Prezidenti 7 dekabr 2015-ci il tarixli Sərəncam imzalayıb. Bu sərəncama uyğun olaraq Azərbaycan tərəfindən Astara stansiyasından İranın dövlət sərhədinə qədər birxətli 8,3 km dəmir yolu çəkilib və Astara çayı üzərindəki dəmir yolu körpüsü tikilib. Astaraçay üzərində dəmir yol körpüsündən İran ərazisində tikilən yük terminalına qədər 1,4 km yol çəkilib. Eyni zamanda Astarada (İran) 35 hektar ərazidə dəmir yolu stansiyasının tikintisi və yüklərin boşaldılması üçün terminalların inşası davam edir. 2018-ci ilin mart ayında Astara-Astara dəmir yolunun birləşdirilməsi layihəsinin ilk fazası və yük terminalı istismara verilib və eyni zamanda taxıl terminalının təməli qoyulub. 2019-cu ilin martında “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin əsas hissəsini təşkil edən Qəzvin-Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolunun Qəzvin-Rəşt hissəsinin açılışı olub. Yaxın gələcəkdə Rəşt-Astara (İran)-Astara (Azərbaycan) dəmir yolu xətti də tikilib istifadəyə veriləcək.

Dəhliz çərçivəsində Azərbaycan dəmir yollarının İran dəmir yolları şəbəkəsi ilə birləşdirilməsi üçün yeganə iş İranla bağlıdır. İran ərazisində Rəşt-Astara (167 km) sahəsində dəmir yolu tikilməlidir. Dəhliz çərçivəsində bütün infrastruktur layihələri tamamlandıqdan sonra İran ərazisindən keçməklə Bakıdan Naxçıvan Muxtar Respublikasına dəmir yolu ilə birbaşa daşımaların təşkili mümkün olacaq.

Dəhlizlə ilkin olaraq il ərzində 5 milyon ton yükün daşınması, gələcəkdə isə 10 milyon tona qədər artırılması planlaşdırılır.

Hazırda İran tərəfdən Avropaya əsasən neft və neft məhsulları, mineral gübrələr, sement, kimyəvi məhsullar və s., İran istiqamətində isə taxıl məhsulları və meşə materialları daşınır.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz