Əlaqə Arxiv
news Image
2020.02.07
10:45
| A A A
Rusiyada daşınmaz əmlak bahalaşır
Elnur Azadov: “Rusiyada bahalaşma olduqda Azərbyacanın daşınmaz əmlak bazarında ciddi dəyişiklik baş vermir”

Rusiyada iqtisadi vəziyyətin sabitləşməsi, hətta 2019-cu ildə 1,3 faizlik iqtisadi böyüməyə nail olunması bu ölkənin daşınmaz əmlak bazarında da canlanmaya səbəb olub. Rusiyanın daşınmaz əmlak bazarında qiymətlərdə artım əlamətləri var. Proqnozlara görə qiymət artımına tələbin artması təsir göstərib. Lakin tələblə bərabər bəzi monetar amillər bazarda bahalaşmaya əlavə stimul verir.

Həm tələbin artması, həm də monetar amillərin təsiri ilə yaxın iki ildə də Rusiyanın daşınmaz əmlak bazarında qiymətlərin yüksələcəyi gözlənilir. Proqnoza əsasən daşınmaz əmlak qiymətləri yaxın iki il ərzində orta hesabla 25% yüksələ bilər.

Qiymətlərin artmına iqtisadi aktivliyin yüksəlməsi ilə bərabər, tikinti şirkətlərinə verilən kreditlər üzrə faiz dərəcələrinin yüksəlməsi səbəb olacağı güman edilir. Bununla bərabər tikinti şirkətlərinin kapitalına qarşı tələblərin sərtləşdirilməsi bazarda qiymətlərə artırıcı təsir edəcək. Güman edilir ki, kreditlər üzrə faizlərin artması, eyni zamanda kapitalla bağlı tələbin ağırlaşdırılması nəticə etibarilə orta və kiçik şirkətlərin bazarı tərk etməsinə və bir neçə şirkətin inhisarçı mövqe qazanmasına imkan yaradacaq. Bu dəyişikliklərin özü ilə qiymət artımlarını gətirəcəyi güman edilir.

Bəs, Rusiyanın daşınmaz əmlak bazarında gözlənilən bahalaşma Azərbaycanın daşınmaz əmlak bazarlna necə təsir göstərə bilər? Xatırladaq ki, Rusiyada daşınmaz əmlak qiymətləri endikdə ölkəmizdə daşınmaz əmlak qiymətlərinin artımı müşahidə edilirdi.

Rusiyada qiymət artımlarının ölkəmizə təsiri ehtimalını şərh edən Azərbaycan Rieltorlar Assosiasiyasının icraçı direktoru, daşınmaz əmlak üzrə ekspert Elnur Azadov ciddi təsirin olacağına inanmır. O qeyd etdi ki, Rusiyanın daşınmaz əmlak bazarının Azərbaycanın daşınmaz əmlak bazarına davamlı təsiri olmur. Onun sözlərinə görə Rusiyanın daşınmaz əmlak bazarında yalnız dəyər itkisi olduqda ölkədən sərmayə axını başlayır ki, həmin sərmayələrin də bir hissəsi Azərbaycana gəlir. Azərbaycana şimaldan sərmayə axınında isə soydaşlarımız və həmvətənlərimiş əsas rol oynayır. E.Azadov bildirdi ki, Rusiyada hər dəfə devalvasiya olduqda azərbaycanlılar Azərbaycanda xeyli daşınmaz əmlak alıb: “1998-ci, 2008-2009-cu illərdə və 2014-2015-ci illərdə biz belə bir prosesi müşahidə etmişik. Soydaşlarımız öz vəsaitlərinin dəyər itirməməsi üçün onu Azərbaycana yönəltmişdilər. Azərbaycanlılar Rusiyada qeyri-stabillik gördükdə öz vəsaitlərini gətirib ölkəmizdə daşınmaz əmlak alırlar. Bu halda Azərbaycanın daşınmaz əmlak bazarında qiymətlərin artımı qeydə alınır. Digər hallarda, o cümlədən bahalaşma olduqda Azərbyacanın daşınmaz əmlak bazarında ciddi dəyişiklik baş verməyib”.

Ümumən, Rusiyada gəlir əldə edən azərbaycanlılar davamlı olaraq Azərbaycanda daşınmaz əmlak alır. Rusiyada işləyən və ya bu ölkəyə kənd təsərrüfatı məhsulları ixrac edən azərbaycanlılar burada torpaq sahələrinin alınmasına, tikinti aparılmasına pul xərcləyirlər. E.Azadov deyir ki, bu alışların bazara təsiri əvvəlki kimi güclü deyil. O məlumat verdi ki, ümumi tələbdə Rusiyadan olan alıcıların payı 0,5-1 faiz səviyyəsindədir.

Ekspert bildirdi ki, Azərbaycanın daşınmaz əmlak bazarı ilə bağlı son illərdə bir qədər fərqli proses müşahidə edilir. Belə ki, Azərbaycanda daşınmaz əmlak sahibləri birdən çox olan əmlaklarını satıb xaricdə daşınmaz əmlak alırlar. E.Azadov dedi ki, son 3-5 ildə Azərbaycan vətəndaşlarının əsasən Türkiyədə daşınmaz əmlak alışları artıb: “Azərbaycan vətəndaşları üçün Türkiyə ən əlverişli ölkədir. Türkiyə dil, məsafə baxımdan bizə yaxın olan ölkədir. Buradan ev alanlar çalışır ki, uşaqları Türkiyə təhsil alanda yaşamağa rahat yeri olsun. Bundan başqa, turizmin inkişaf etdiyi rayonlarda, şəhərlərdə mənzil almağa çalışırlar ki, bundan gəlir əldə etsinlər. Turist axını olan zonalarda mənzillərin kirayəsi daimi olur”.

E.Azadov hesab edir ki, Türkiyədə mənzil alışının artmasının digər səbəbi bu ölkədə reklam və daşınmaz əmlak satışı ilə bağlı xidmətlərin yüksək səviyyədə təşkil edilməsidir: “Türkiyədə tikinti şirkətləri nadir hallarda öz məhsulunu satır. Mənzillərin satışı əmlak şirkətlərinə həvalə edilir. Ölkəmizdə belə bir praktika yoxdur. Azərbaycanda tikinti şirkətlərinin özü daşınmaz əmlakı satır. Əksər hallarda da bunu qeyri-peşəkar şəkildə edirlər. İnkişaf etmiş ölkələrdə satışla peşəkar əmlak şirkətləri məşğul olur. Bu da satış göstəricilərinin artmasına kömək edir. Türkiyədə isə əmlak şirkətləri yalnız satışla məşğul olmur, onlar həm də alınan mənzilin sonradan idarə edilməsini də həyata keçirir. Bütün dünyaya reklam edirlər ki, Türkiyədə daşınmaz əmlaka investisiya qoy, əmlakı al, sonra mən bunun idarəetməsi ilə məşğul olacam, həm cari təmirini edəcəm, həm də mənzilin boş qalmayacaq, mənzildə qalmağa müştəri də tapacam. Əmlak şirkətləri müştərini cəlb edir, onu hava limanında qarşılayır, şəhərlə tanış edir, yüksək xidmət göstərirlər ki, bu da alıcıda marağı oyadır”.

Ekspert onu da söylədi ki, vətəndaşlarımız sadəcə Türkiyədə daşınmaz əmlak almır. Gürcüstan, Ukrayna, İspaniya, Yunanıstan, Böyük Britaniyada da daşınmaz əmlak almaq istəyənlər var.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz