Əlaqə Arxiv
news Image
2020.02.08
10:58
| A A A
Pensiyaların artımı yaşayış səviyyəsinə təsir edir
İllik indeksasiya nəticəsində pensiyalar yaşayış minimumunu xeyli üstələyib

“Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Əmək pensiyalarının indeksləşdirilməsi haqqında” 6 fevral 2020-ci il tarixli Sərəncamı pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində növbəti mühüm addımdır. Sərəncamın icrası olaraq, 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsi indeksləşdirilərək 16,6 faiz artırılıb.

Ötənilki inqilabi sıçrayışdan sonra heç bir il də keçməmiş yenidən artımın olması, heç şübhəsiz, dövlətin sosial siyasətinin humanist xarakterindən irəli gəlir. 2019-cu ildə 4,3 milyon vətəndaşın sosial həyatının yüksəlməsinə səbəb olan iri islahatlar paketinin bu il də davam etdirilməsi əhalinin rifah halının yaxşılaşdırılması yolunda aparılan siyasətin rəhnidir və bununla sübut olunur ki, xalqa xidmət vüsət alır.

Dövlət başçısının sərəncamı ilə pensiyaların orta aylıq əmək haqqının 2019-cu il üzrə artım göstəricisinə uyğun şəkildə indeksləşdirilərək 16,6 faiz artırılması sığorta prinsipi ilə pensiya alan bütün pensiyaçıları (pensiyaçıların 93 faizi və ya 1 milyon 120 minə yaxını) əhatə edəcək. Artımın həyata keçirilməsi məqsədilə illik təxminən 560 milyon, aylıq 47 milyon manat əlavə vəsaitin xərclənməsi nəzərdə tutulur. Bu vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri hesabına maliyyələşdiriləcək. Bu artımdan sonra orta aylıq pensiya məbləği 262 manatdan 300 manatadək yüksəlib.

Artım 2020-ci ilin 1 yanvar tarixindən tətbiq olunacaq və yanvar ayının artımı fevral ayının pensiyası ilə birgə veriləcək. Mütəxəssislərin hesablamalarına görə, şəxsin pensiyası 400 manatdırsa, bu məbləğ yanvarın 1-dən 16,6 faiz, yəni 66,4 manat artırılmaqla 466,4 manata çatdırılacaq, yanvar ayının 66,4 manat artımı da fevral ayında veriləcək, yəni şəxs fevral ayında yanvar ayının artımı ilə birgə (466.4+66,4) 532.8 manat pensiya alacaq. Demək, minimum pensiya artaraq 200 manatdan 233,2 manata çatacaq.

Nəzərə alsaq ki, 2020-ci il üçün yaşayış minimumu pensiyaçılar üçün 157 manat müəyyən edilib, onda yaşayış səviyyəsinin yüksəlməsi barədə yeni təsəvvürlərin formalaşmasına imkan yaranır. Minimum yaşayış məbləğindən əlavə olaraq əldə qalan 75,2 manat ahılların öz istirahətlərini daha dolğun təşkil etməyə şərait yaradır.

Bununla bərabər, Dövlət Statistika Komitəsi tərəfindən müəyyən edilən istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də yanvarın 1-dən indeksləşdirilməklə 2,6 faiz artırılıb.

Prezidentin sərəncamı ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2020-ci ilin 1 yanvar tarixinə 2019-cu il üzrə Dövlət Statistika Komitəsinin müəyyən etdiyi orta aylıq nominal əməkhaqqının illik artım tempinə uyğun olaraq bütün növ əmək pensiyalarının sığorta hissəsinin, istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğlərinin indeksləşdirilməsini həyata keçirmək tapşırılıb. Qeyd edək ki, artıq yanvarın 1-dən fərdi uçot sistemində fərdi hesabların sığorta hissəsində qeydə alınmış pensiya kapitalı məbləğləri də indeksləşdirilməklə 2,6 faiz artırılıb.

N.NOVRUZ

 

 

Sizin Reklam Yeriniz