Əlaqə Arxiv
news Image
2020.02.11
10:08
| A A A
Kiçik və orta sahibkarlığın inkişafı iqtisadiyyata yeni təkan verir
Əli Əlirzayev: “Azərbaycanın daha sürətli tərəqqisinə nail olmaq üçün kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatında mühüm yer tutmalıdır”

 

İqtisadiyyat naziri Mikayıl Cabbarov Xaçmazda KOB Evinin açılışı mərasimində qarşıa duran əsas vəzifələrdən birinin iqtisadiyyatın strukturunu sürətlə dəyişmək, onun neft və qaz sektorundan mümkün qədər az asılı olmasını təmin etməkdən ibarət olduğunu olduğunu bildirib.

Onun sözlərinə görə, kiçik və orta sahibkarlığın inkişafı bir neçə baxımdan prioritetdir ki, onlardan da biri məşğulluqdur: “Ölkəmizdə yaradılan biznes mühiti, siyasi və makroiqtisadi sabitlik Azərbaycanın regiondakı xüsusi rolunu fərqləndirir.  Bu baxımdan  ölkəmizin hər bir vətəndaşının, sahibkarlığa meylli olan hər bir şəxsin öz potensialının reallaşdırması üçün şərait yaradılır. Bu gün yalnız iş yeri tapmaq deyil,  eləcə də iş yeri yaratmağa çalışan hər bir vətəndaşımız  üçün dövlət tərəfindən  bir sıra alətlər, tədbirlər vasitəsilə müvafiq qanunvericiliyin tətbiqi  yolu ilə dəstək verilir”. İqtisadiyyatın strukturunun getdikcə dəyişdiyini nəzərə çatdıran nazir əlavə edib ki, Azərbaycan qısa müddət ərzində sürətli inkişaf yolu keçib. Bu açıqlama bir daha göstərir ki, hazırda Azərbaycan üçün əsas prioritet məsələ kiçik və orta sahibkarlığın inkişafı istiqamətində daha ciddi addımlara imza atmaqdan ibarətdir.

Ümumiyyətlə, son illər sözügedən sahələr üzrə ciddi nailiyyətlər əldə olunub. Onun nəticəsində, hazırda kiçik və orta sahibkarlığın payı ümumi daxili məhsulda (ÜDM) 60 faizdir, büdcədə isə bu nisbət 50 faizdən azdır.  Kiçik və orta sahibkarlığın dinamik inkişafı ölkə iqtisadiyyatı və özəl sektora nə vəd edir?

İqtisadçı alim Əli Əlirzayev bildirdi ki, Azərbaycanın daha sürətli tərəqqisinə nail olmaq üçün kiçik və orta sahibkarlığın inkişafı ölkə iqtisadiyyatında mühüm yer tutmalıdır: “Ümumiyyətlə, ölkənin iqtisadi inkişafımın əsas istiqaməti və konsepsiyası  kiçik və orta sahibkarlığın inkişafına yönəldilməlidir və yönəlir. Çünki kiçik və orta sahibkarlığın inkişafı fonunda həm məşğuluq təmin olunur, bazara çıxan mal-məhsulların miqdarı artır,  xidmət sahəsi genişlənir. Ona görə də məhz kiçik və orta sahibkarlığın daha dinamik inkişafına təkan verməliyik. Başqa yol yoxdur. Əmək resursları və ehtiyatlarının daha çox olduğu Azərbaycan kimi ölkədə kiçik və orta sahibkarlıq böyük müəssisə yaratmadaq və böyük kapitalın olmasına ehtiyac olmadan sahibkarın öz vəsaiti hesabına daha böyük nəticələr əldə etməyə imkan verir. Məhz bu sahələrin inkişafı Azərbaycanda kimi ölkədə sosial inkişafın daha da yüksəlməsində əsas amillərdən, istiqamətlərdən biridir”.

Həmsöhbətimiz qeyd etdi ki, sosialyönümlü siyasət yürüdən Azərbaycanda kiçik və orta sahibkarlığın gücünün daha da artması birmənalı olaraq labüddür: “Azərbaycan sosialyönümlü siyasət yürüdürsə, mütləq kiçik və orta sahibkarlığın daha da yüksəlməsi qayğısına qalmalıdır.  Elə bir şərait yaradılmalıdır ki, ölkədə istehsal edilən məhsulun azı 70 faizi məhz kiçik və orta sahibkarlıq hesabına əldə edilsin”.

Ə. Əlirzayevə görə, həmin sektorun sürətli inkişafı iqtisadiyyatımızın daha da yüksəlməsinə, özəl sektorun rolunun artmasına təkan verəcək: “

Belə olarsa, ölkəmizdə həm məşğulluq problemi həll olunar, əhalinin başqa ölkələrə axını azalar, həm demoqrafik proses genişlənər, həm də iqtisadiyyatımız böyüyər. Bu prosesin baş verməsi həm də özəl sektorun ölkə iqtisadiyyatında rolunun daha da artması deməkdir. İqtisadi artımın aparıcı həlqəsi məhz kiçik və orta sahibkarlığın geniş vüsət almasıdır. ABŞ kimi ölkədə təkcə kiçik sahibkarlığın ümumi daxili məhsulun 70 faizindən çoxunu verir. Amma həmin sahələrin daha dinamik inkişafına nail olmaq üçün kiçik və orta bizneslə məşğul olan sahibkarlara daha ciddi şərait yaradılmalıdır. Bunun üçün yoxlamaların azalması, vergi siyasətinin daha da yumşaldılması, dövlət himayəsinin genişləndirilməsi vacibdir”.

Rüfət NADİROĞLU

Sizin Reklam Yeriniz