Əlaqə Arxiv
news Image
2020.02.12
10:07
| A A A
Sənayedə inkişaf innovasiyaları
Rəqabətədavamlı məhsul istehsalı üçün yeni texnologiyaların tətbiqi vacibdir

Müasir sənayeni innovasiyalarsız təsəvvür etmək mümkün deyil. Artıq elə bir dövrə gəlib çatmışıq ki, indi bir yeniliklə digər bir yenilik arasındakı zaman fərqi olduqca qısadır. Hər il müxtəlif sahələrdə yüzlərlə təkmilləşdirici və əsaslı kəşflərin edilməsi xəbəri yayılır. Hansı müəssisələr yenilikləri daha tez tətbiq edirsə, o inkişaf imkanlarını daha da yaxşılaşdırır.

Yeniliklərdən əlbəttə ki, ilk bəhrələnən sahələrin başında sənaye gəlir. Sənaye hər bir səmərəli yeniliyi dəyərləndirmək və onun üstün cəhətlərini istehsal, idarəetmə, təlim və digər bölmələrdə tətbiq etmək məcburiyyətindədir. Davamlı iqtisadi inkişafı və rəqabətədavamlılığı təmin etmək üçün yeni ideyaların, elmi biliklərin, texnologiyanın müxtəlif istehsal və idarəetmə sahələrinə tətbiq edilməsi vacibdir.

Bütün bu işlər ona görədir ki, sahibkar daha çox mənfəət əldə edə bilsin. Mövcud texnologiyanı, ona əsaslanan texniki vasitələri saxlamaqla da uzun müddət mənfəət əldə etmək olar. Ancaq digər sahibkarlarla rəqabətdə uduzmamaq, bazarını onların xeyrinə kiçiltməmək üçün innovasiyalarsız keçinmək olmaz. Bu cəhətinə görə müasir iqtisadiyyat innovasiya iqtisadiyyatı da adlandırılır.

Burada qeyd ediləndən bəlli olduğu kimi, innovasiya yenilik deməkdir. Ancaq hər yenilik sənaye üçün innovasiya sayıla bilməz. İnnovasiya yüksək səmərələliyə malik yenilikdir. O yenilik digər yeniliklər kimi insanın intellektual fəaliyyətinin, kəşfinin, ixtirasının son nəticəsi olsa da ondan sənayedə, idarəetmədə istifadə sahibkara müəyyən üstünlüklər, əlavə divident qazandırmalıdır. Əks halda həmin yeniliklər innovasiya statusunu qazana bilmir.

Müasir dövrdə məhsulların yeniləşdirilməsi son dərəcədə yüksək templə gedir. Məsələn, maşınqayırma, avtomobil sənayesi və cihazqayırma sahələrində məhsulların 60% və bəzən də daha çox hissəsi 5 il müddətində yeniləşir. Elektron sənayesində isə yeni məhsullar hər il və ya iki ildən bir dəyişir. Bunlar yüksək sənayeləşmiş ölkələrdə belədir.

Azərbaycanda isə sənaye sahəsində innovasiya fəaliyyəti olsa da inkişaf etmiş ölkələrdən geri qalır. Düzdür, son illərdə yeni müəssisələrin yaradılması və bununla əlaqədar olaraq yeni texnologiyaların tətbiqi genişlənib. Amma artıq formalaşan, bazarda müəyyən mövqeyə sahib olan sənaye müəssisələrinin innovasiya fəaliyyəti zəifdir. Bunu illər üzrə innovasiya fəaliyyəti ilə bağlı göstəricilərin dinamikası da sübut edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, əhəmiyyətli dəyişikliklərə məruz qalmış və ya yeni tətbiq olunan məhsulun həcmi bütün sənaye sahələrində 29 milyon manat (2018) olub. Təkmilləşdirilən məhsulun həcmi isə 855 min manat təşkil edib. Sənayedə cəmi innovasiya məhsulunun həcmi 29,7 milyon manat olub. İllərin tendensiyasına diqqət yetirəndə məlum olur ki, əhəmiyyətli dəyişikliklərə məruz qalan və ya yeni tətbiq olunan məhsulun həcmi son illərdə artıb. Məsələn, 2008-ci ildə bu istiqamətdə 6,842 milyon manat məhsul əldə edildiyi halda 2018-ci ildə göstərici 4 dəfə artıb.

Son illərdə innovasiya məhsulları yalnız emal sənayesində görünür. Texnoloji innovasiyalara çəkilən xərclərdə isə azalma 2005-ci illə müqayisədə hələ də aşağıdır. Əgər 2005-ci ildə texnoloci innovasiyalara çəkilən xərclər 53,273 milyon manat olduğu halda, 2018-ci ildə 34,3 milyon milyon manata qədər azalıb.

Dövlət Statistika Komitəsi tərəfindən 2018-ci ildə aparılan bir sorğuya əsasən sənaye müəssisələrində innovasiyalara mane olan amillər müəyyənləşdirilib. Sənaye müəssisələrində innovasiyalara mane olan amillər 3 qrupa - iqtisadi, istehsal və digər amillərə bölünüb. Innovasiyalara mane imkanlarına görə, sahibkarlar öz pul vəsaitinin kifayət qədər olmamasını, dövlət tərəfindən maliyyə yardımının azlığını göstərib. Bunlar iqtisadi amillərdir. İstehsal amilləri qrupundan sahibkarlar müəssisənin innovasiya potensialının aşağı olmasını və müəssisələr tərəfindən yeniliklərin qəbul edilməməsini əsas maneə yaradan amil kimi göstərib.

Sahibkarlar yeniliklərin dəyərinin yüksək olmasının, yeniliklərin yüksək iqtisadi risk yaratmasını, təzə məhsullara çəkilən xərclərin əvəzinin ödənilməsi müddətlərinin uzun olmasını, ixtisaslı işçilərin çatışmamasını, daha əvvəlki innovasiyalar nəticəsində təzə məhsullara ehtiyacın olmaması və s. amillərin də innovasiyalar ciddi maneə yaratdığını bildirib.

İnnovasiyalardan istifadə məsələsini yalnız sahibkarların da ixtiyarına buraxmaq olmaz. Dövlət müxtəlif tədbirlərdən istifadə etməklə biznes təşkilatlarında bu ehtiyacı gücləndirə bilər. Həm də onu nəzərə almaq lazımdır ki, istehsal müəssisələrində innovasiyaların tətbiqi bir çox sahibkarlar üçün ciddi çətinlik yaradır. Sahibkar yeniliklərin tətbiqinə pul tapa bilər, amma bunun iqtisadi səmərəsinin olub-olmayacağına əmin deyil. Məsələn, ABŞ-da aparılan bir monitorinq üzə çıxarıb ki, bütün təcrübə-konstruktor işlərinin 65%-dən çoxu yeni məhsula çevrilmir. Amerikanın 50 şirkətində aparılan başqa bir sorğuya görə onların təkmilləşdirmə məqsədilə çəkdikləri xərclərin yarısı yenilik­lərə yönəldilməsinə baxmayaraq kommersiya cəhətdən uğursuz olub. Buna görə də böyük xərclər tələb edən yeniliklərin həyata keçirilməsinə yalnız maliy­yə vəsaitləri və resurslarla zəngin olan iri şirkətlərin imkanları çatır.

Ölkəmizdə də milli iqtisadiyyatın dirçəldilməsi və inkişafı, elm tutumlu, rəqabətə davamlı istehsal sahələrinin işə düşməsi üçün innovasiya fəaliyyəti subyektlərinin bazar münasibətlərinə uyğunlaşdırılması təmin olunmalıdır. Bu məqsədlə dövlət tənzimlənməsi sisteminin yaradılması zəruridir. Dövlətin tənzimləmə mexanizmi bazar iqtisadiyyatı şəraitinə uyğunlaşa bilən innovasiya biznesinin yaranması, istehsalın yenidən qurulması və elmi təşkilatların fəaliyyət istiqamətlərinin yenidən qurulmasına da kömək edərdi.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz