Əlaqə Arxiv
news Image
2020.02.12
09:46
| A A A
Xarici ticarət əməliyyatlarının həcmi sürətlə artır
Əsas şərt ticarət saldosunun müsbət olmasıdır

Azərbaycan iqtisadiyyatının son 20 ildə bir neçə dəfə böyüməsi xarici ticarət əməliyyatlarının, o cümlədən idxalın da həcminin artmasına səbəb olub. Xüsusilə, 2003-cü ildən etibarət idxalda çox güclü artımı müşahidə edirik. Əgər 2003-cü ildə ölkəmiz 2,6 milyard dollar dəyərində mal idxal etmişdisə, 2019-cu ildə bu göstərici 13,7 milyard dollara yüksəlib. Ötən müddətdə idxalın həcmində artım 5,26 dəfə olub.

2019-cu ildə idxalın səviyyəsində rekord göstərici qeydə alınıb. Bunun başlıca səbəbi Dövlət Neft Fondunun qızıl alışını həyata keçirməsidir. Fond ötən il ərzində təxminən 2,15 milyard dollar dəyərində qızıl idxal edib. İdxal edilən qızıl yığım məqsədilə alındığına görə onun idxalda olan payı nəzərə alınmaya bilər. Yəni, həmin məhsul heç bir məqsəd üçün istifadə edilməyəcək və zərurət yarandıqda yenidən ixrac olunaraq xarici valyutaya çevriləcək. Buna görə də ötən il Azərbaycanın idxalının dəyəri əslində 13,7 milyard dollar yox, 11,55 milyard dollar təşkil edib.

İdxalda olan bu göstərici də ən yüksək göstəricidir. O, 2018-ci ildə qeydə alınan idxaldan (11,46 milyard dollar) bir qədər artırdır.

İdxalın artmasına bir çox hallarda iqtisadçılar qısqanclıqla yanaşır. Onların fikrincə, ixrac ölkənin gəliri, idxal isə zərəridir. Bu mənadə idxalın ildən-ilə artması yaxşı hal kimi qiymətləndirilmir və mümkün olduğu qədər idxalın zəiflədilməsi üçün məhdudlaşdırıcı tədbirlərin görülməsi təklif edilir.  Bəs, məsələyə birmənalə şəkildə bu cür yanaşılma düzgündürmü? Yəni, idxalın artımı istənilən halda zərərli prosesdirmi?

Əslində, heç bir ölkə idxalın həcminin artmasına arzuedilən hal kimi yanaşmır.

Çünki ixrac ölkəyə, idxal isə ölkədən valyuta axınıdır. Buna görə də ölkələrdə ixracın stimullaşdırılması, idxalın çətinləşdirilməsi ilə bağlı müxtəlif mexanizmlər tətbiq edilir. O cümlədən, Azərbaycanda da ixracı asanlaşdırmaq üçün hər hansı vergi tətbiq olunmur, amma idxalla bağlı vergi mövcuddur. İdxalla bağlı tətbiq edilən yüksək vergi 15 faiz, orta vergi dərəcəsi isə 7,8 faizdir.

Azərbaycan iqtisadiyyatında da ixracın stimullaşdırılmasına, idxalın məhdudlaşdırılmasına ehtiyac var. Çünki idxal artdıqca ölkədən xaricə gedən valyuta da artır. Digər tərəfdən idxalın artması yerli istehsalın imkanlarının məhdudlaşdırılmasına və məşğulluğun azalmasına səbəb olur. Buna görə də idxalın artması potensial iş yerlərinin itirilməsi ilə də nəticələnə bilər.

İdxalın artma səbəbləri arasında yerli tələbatın yüksəlməsinin də böyük payı var. İqtisadiyyatın böyüməsi birmənalı olaraq idxalı artırır. Böyümə nəticəsində daxili tələbat da artır və bu tələbatı tamamilə daxili resurslar hesabına təmin etmək mümkün deyil.

Buna görə də ölkə çalışmalıdır ki, artan tələbat mümkün olduğu qədər yerli istehsal hesabına təmin edilsin. İqtisadiyyat böyüdükcə idxalın istehlak strukturunda payı artırsa, bu müəyyən müddətdən sonra iqtisadiyyatın böyüməsi üçün problemlər yarada bilər. Ona görə də hökumət çalışmalıdır ki, artan daxili tələbatın ödənilməsi daha çox yerli istehsal hesabına təmin edilsin və iqtisadiyyatın böyüməsi hesabına yaranan dəyər daha çox ölkə daxilində qalsın.

Amma idxalı birmənalı olaraq zərərli proses kimi yanaşmaq da düzgün deyil. İdxala ölkənin zərəri kimi yanaşma elmi əhəmiyyətini itirib. Azərbaycanda istehsalla məşğul olan sahibkarlar da yalnız daxili bazarı düşünməməlidir, onlar üçün əsas prioritetlərdən biri xarici bazarlar olmalıdır. Azərbaycan həm əhalisinin sayı və həm də əhalinin alıcılıq qabiliyyəti baxımından kiçik daxili bazara sahib olan ölkədir. Oriyentir olaraq daxili bazar seçildiyi təqdirdə ölkədə bir çox sektorların inkişafından danışmaq mümkün olmaz. Ona görə də oriyentir olaraq xarici bazarları seçən ixracat potensialı olan sektorların inkişafına ciddi əhəmiyyət verilməlidir. Buna görə də son illərdə Azərbaycan hökuməti sahibkarlarını daxili bazarda idxalı məhdudlaşdırmaq üçün dəstəkləmir. Əksinə ixracı təşviq edərək sahibkarların xarici bazarlara çıxmasını istəyir. Əslində yeni tendensiyalar da bizə bunu diktə edir. Xarici təcrübə də göstərir ki, “ilk əvvəl daxili bazarı proteksionizm siyasəti yürüdərək qoruyaq, daha sonra isə ixracatı təşviq edərik” yanaşmasının hakim olduğu ölkələr əksər hallarda buna müvəffəq ola bilməyiblər.

Buna görə də idxalın artımı problem deyil, bir şərtlə ki, onun xarici ticarətdə payı təhlükəli həddə yüksəlməsin. Yəni, çalışmaq lazımdır ki, ixrac idxaldan az olmasın. Əgər idxal çox olarsa iqtisadiyyatda mənfi meyllər başlaya bilər və ölkənin iqtisadi inkişafı ləngiyər. Çünki idxalın ixracdan çox olması xərcin qazancdan çox olması anlamını verdiyindən belə vəziyyət ölkə iqtisadiyyatının maliyyə resurslarının itkisinə gətirib çıxarır.

Sevindirici haldır ki, mənfi saldo Azərbaycanın xarici tıcarətinda baş vermir. 2004-cü ildən etibarən ixracın idxalı üstələməsi ardıcıl proses olub və indi Azərbaycan ixracın idxalı üstələməsi göstəricisinə görə, ən yaxşı vəziyyətdə olan 10 ölkədən biri sayılır.

Lakin xarici ticarətdə müsbət nəticəyə nail olmaq da zərərdən tam yayınmaya imkan vermir. Hər bir ölkə üçün idxalın strukturu da böyük əhəmiyyət daşıyır. İdxalın strukturunda arzulanan dəyişikliyə nail olmaqla yerli istehsalı, sahibkarlıq subyektlərinin fəaliyyətini daha da genişləndirmək mümkündür.

Əgər idxalda investisiya və xammal təyinatlı məhsulların payı yüksəkdirsə, burada qorxulu heç nə yoxdur. Çünki istehsal sahələri genişlənən ölkələrdə xammal və istehsal vasitələrinə tələbat da artır. Bu tələbatı Azərbaycan kimi kiçik ölkələrin daxili resurslar hesabına təmin etməsi isə qeyri-realdır.

İdxalda əsas məhdudiyyət hazır məhsulların, gündəlik istehlak mallarının və Azərbaycanda istehsalı asanlıqla mümkün olan əmtəələrə yönəldilməlidir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz