Əlaqə Arxiv
news Image
2020.02.13
09:53
| A A A
Türkiyədən gətirilən mallar ucuzlaşır
Lirənin dəyər itirməsi Türkiyədən Azərbaycana idxalı artıracaq

2020-ci ildən türk lirəsinin ABŞ dollarına nəzərən məzənnəsinin yenidən aşağı düşməsi müşahidə edilir. Bu hal milli valyutası sabit olan ölkələrə Türkiyədən ixrac edilən malların miqdarının artmasına səbəb olacaq. Azərbaycan manatının da dollarla olan məzənnəsi sabit qaldığından Türkiyədən ölkəmizə idxal edilən malların miqdarının artması ehtimalı var.

Oxşar prosesləri bir neçə il əvvəl türk lirəsinin ucuzlaşmasından sonra müşahidə etdik. Türk lirəsi 2018-ci ilin avqustuna qədər kəskin şəkildə ucuzlaşdıqdan sonra 2020-ci ilin yanvarına kimi müəyyən interval daxilində öz sabitliyini qorumuşdu. 2018-ci ilin avqustunda Türkiyədə dollar 6,54 səviyyəsinə yüksəldi və daha sonra aşağı düşərək 5,5-5,7 intervalında sabitləşdi. Təxminən ilyarım məzənnə bu interval daxilində qaldı. Amma yeni ilin ilk ayından yenidən lirə dollara nisbətən ucuzlaşdır. Artıq bir dollar 6 lirəni keçib.

Lirənin dollara nəzərən ucuzlaşmasının səbəbi 2019-cu ilin dördüncü rübündə Türkiyənin cari əməliyyatlarında kəsirin yaranması göstərilir. Cari əməliyyatlarda kəsir yarandıqda kəsirin aradan qaldırılması məqsədilə milli valyuta ucuzlaşdırılır. Milli valyuta ucuzlaşdırıldıqda ölkəyə idxal edilən mallar bahalaşır, ölkədən turizm məqsədilə xaricə səfər edənlərin sayı azalır, xaricdə xərclənən pulun miqdarı azalır. Bu hal ölkədən xalyuta çıxışını məbləğini kiçildir. Milli valyuta ucuzlaşdırıldıqda ölkənin valyuta gəlirləri də artır. Belə ki, pul ucuzlaşdıqda ölkədən ixracın miqdarı artır, ölkəyə gələn turislərin sayı artır, həmçinin xidmət şirkətləri tərəfindən görülən işlərin dəyəri düşdüyündən xaricdə ona tələb artır. Pulun ucuzlaşmasının sadalanan müsbət iqtisadi təsirləri hesabına cari əməliyyatlarda kəsiri aradan qaldırmaq mümkün olur.

Türkiyədə cari əməliyyatlarda kəsiri əvvəl də var idi. 2017-2018-ci illərdə lirənin kəskin ucuzlaşmasından sonra kəsir aradan qaldırılmışdı. Bunun hesabına da ilyarım məzənnə sabit məcrada qaldı. Amma yenidən cari əməliyyatlarda kəsirin yaranması lirənin ucuzlaşdıırlmasını qaçınılmaz edir.

Lirənin ucuzlaşmasının Azərbaycan üçün zərərli tərəfi bu ölkədən idxalın artması şəkilində olacaq. Türkiyənin emal sənayesi inkişaf edib və burada iqtisadiyyatın bütün sahələrinə aid məhsullar istehsal edilir. Hər dəfə lirə ucuzlaşdıqda Türkiyənin ixracında ciddi artım baş verir. Məhz 2017-2018-ci illərdə lirənin dəyər itirməsi Türkiyənin ixracında rekordun əldə edilməsinə şərait yaratdı. Bu ölkədən Azərbaycana gətirilən mallarda rekord göstəricilər həmin illərdə yeniləndi.

2016-cı ildə dollar lirə kursu 2,9 olduqda buradan Azərbaycana idxalın həcmi 1,18 milyard dollar dəyərində idi. 2017-ci ildə məzənnə 3,5 lirə səviyyəsinə yüksəldi, idxalın dəyəri 1,273 milyard dollar oldu. 2018-ci ildə dolların kursu orta hesabla 5,2 oldu, Türkiyədən idxal 1,576 milyard dollara yüksəldi. 2019-cu ildə orta məzənnə 5,7 olduğundan idxal bir qədər də artaraq 1,65 səviyyəsinə çatdı. Son 3 ildə dollar lirə kursunun təxminən 2 dəfə yüksəlməsi Türkiyədən Azərbaycana idxalın 470 milyon dollar və ya 40 faiz artmasına şərait yaradıb.

Əgər 2020-ci ildə lirənin orta məzənnəsi 6 səviyyəsində qalarsa, o halda Türkiyədən idxalın bir qədər də artması qaçınılmaz olacaq. Çünki lirənin ucuzlaşması, manatın kursunun sabit qalması bu ölkədən Azərbaycana idxal edilən malların bir qədər də ucuzlaşmasına səbəb olacaq. Hazırkı məzənnə göstərir ki, son bir-iki ayda lirə 5 faizdən çox ucuzlaşıb ki, bu da böyük fərqdir.

Pulun ucuzlaşması dəyəri onunla ifadə edilən əmtəə və xidmətlərin də ucuzlaşması deməkdir. Azərbaycan Türkiyədən böyük miqdarda mal idxal etdiyindən qardaş ölkədən gətirilən mallara çəkilən xərc azalır. Məsələn, 2019-cu ilin yanvarında dollar lirə kursu 5,5 olub. Həmin dövrdə bir milyon lirə dəyərində malın haqqının ödənilməsi üçün 182 min dollar tələb edilirdi. Hazırda isə eyni məbləğ üçün 166 min dollar lazımdır. Məzənnədə yaranan dəyişiklik Türkiyə mallarının ixracını əlverişli edib.

2019-cu ilin məlumatına əsasən Azərbaycan Türkiyədən müxtəlif çeşiddə mal alır. Elə bir əmtəə növü yoxdur ki, Azərbaycan onun Türkiyədən idxalını həyata keçirməsin. O cümlədən kənd təsərrüfatı, kimya sənayesi, tekstil, maşınqayırma, tikinti materialları və s. sahələrə məhsullar idxal olunur.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz