Əlaqə Arxiv
news Image
2020.02.14
10:22
| A A A
Azərbaycanın investisiya cəlbedicliyi artır
İqtisadiyyatda baş verən müsbət proseslər xarici investisiyaları çoxaldır

Son iki ildə islahatların dərinləşməsi Azərbaycanın xarici iqtisadi nüfuzunun da artmasına təsir göstərir. Şəffaflaşdırma, rəqabət mühitinin artması, sahibkarlıq fəaliyyətinə müdaxilələrin minimuma endirilməsi, yoxlamaların azaldılması və başqa tədbirlər ədalətli iqtisadi fəaliyyətə olan inamı gücləndirib. Bunun nəticəsidir ki, ciddi beynəlxalq təşkilatlar Azərbaycanla bağlı verdiyi rəylərdə müsbət dəyişikliklər edirlər. Avropa Palatası (“EuCham”) “2020-ci ildə biznes üçün ən yaxşı Avropa ölkələri” adlı araşdırma hazırlayıb. Sənəddə investisiya cəlbediciliyinə görə ölkələrin reytinqi tərtib olunub. Azərbaycan siyahıda 53 balla 41-ci yeri tutub. 2019-cu illə müqayisədə Azərbaycan 3 pillə irəliləyib. Araşdırmada Dünya Bankı və “Beynəlxalq Şəffaflıq” təşkilatının indeksləri əsas götürülüb.

Son illər ölkədə həyata keçirilən islahatlar nəticəsində Azərbaycan bir sıra beynəlxalq təşkilatların hazırladığı reytinqlərdə yüksək pillədə qərarlaşıb. Ölkəmizdə biznes mühitinin yaxşılaşdırılmasını Dünya Bankı da qeyd edir. Dünya Bankının hazırladığı "Doing Business" hesabatında Azərbaycan keçən il 20 ən islahatçı ölkə sırasına daxil edilib. Bütün bunlar ölkəyə xarici investisiyaların cəlb edilməsinə öz müsbət təsirini göstərir.

Qeyd edək ki, beynəlxalq reytinqlər investorların daim izlədiyi əsas mənbələrdəndir. Son illərdə aparılan iqtisadi islahatlar nəticəsində Azərbaycan beynəlxalq reytinqlərdə bir sıra parametrlər üzrə irəliləyib. Biznesə başlamaq, tikintiyə icazələrin verilməsi, əmlakın qeydiyyatı, müflisləşmə, müqavilələrin icrası, sərhəddə ticarət, gömrük prosedurları və digər sahələrlə bağlı islahatlar "Doing Business" hesabatında yüksək qiymətləndirilib, nəticədə Azərbaycan 20 ən islahatçı ölkə sırasında yer alıb. İslahatçı ölkənin seçilməsi metodologiyası aparılan islahatların həm nəzəri, həm də praktiki cəhətdən özünü əks etdirməsini tələb edir.

Beynəlxalq reytinqlər sahibkarlar, dövlətlər, QHT-lər tərəfindən daimi şəkildə izlənilir. Azərbaycan inkişaf edir, iqtisadi artım təmin olunur ki, bu da aparılan islahatların məntiqi nəticəsidir. İslahatların müsbət nəticələrindən biri vergi və gömrük daxilolmalarında da artım qeydə alınıb. Xarici investorlar o ölkələrə investisiya qoyurlar ki, orada şəffaflıq, hesabatlılıq, çeviklik, uçotun şəffaflığı təmin edilir, digər hüquqi prosedurlarla bağlı islahatlar aparılır. Həm "Doing Business", həm Qlobal Rəqabətlilik hesabatı, həm də İqtisadi Azadlıq İndeksi tərəfindən ölkəmiz yüksək qiymətləndirilir. "Doing Business" hesabatı Dünya Bankının nəşri olduğu üçün xarici investorlar tərəfindən xüsusilə geniş izlənilir, çünki burada sırf biznes prosesləri ilə bağlı prosedurlar, icra mərhələləri, sub-indikatorlar üzrə keyfiyyət göstəriciləri əks olunur. İnvestorlar hər hansı ölkəyə investisiya qoyduqları təqdirdə praktiki icra mərhələsində hansı üstünlüklərin qazanıla biləcəyi, gəlirliliyin nə qədər olacağı barədə təhlil aparırlar. Bu baxımdan, Azərbaycanın 20 ən islahatçı ölkə sırasında olması ölkədə aparılan iqtisadi islahatların səmərəli nəticəsidir və ölkənin xarici investisiya cəlbediciliyini xeyli artırır.

Ölkəmizin investisiya cəlbediciliyini artıran mühüm amillərdən biri yoxlamaların azaldılması, sahibkarların işinə müdaxilələrin minimuma endirilməsi, biznes subyekti ilə məmur arasında təmasların azalması və biznesə başlamaq üçün tələb edilən sənədlərin minimuma endirilməsidir. Bu cür tədbirlər sahibkarların biznes inamını artırır və onları daha çox sərmayə qoymağa stimullaşdırır. Münasibətlərin sağlamlaşdırılması sahibkarların fəaliyyətində qanuna sadiqliyi də artırır ki, bu da həm vergi toplanmasına, həm də məmur sahibkar təmaslarının azalmasına müsbət töhfəsini verir. Rəsmi açıqlamalara əsasən, artıq vergilərin cəmi 9%-i vergi xidmətinin səyi ilə toplanır, qalan hissə könüllü ödənilir. Bununla yanaşı yoxlamalar da kəskin azalıb. Belə ki, 2018-ci illə müqayisədə 2019-cu ildə vergi yoxlamaları 44% azalıb. 2019-cu ildə Azərbaycanda hər 1000 aktiv vergi ödəyicisinin yalnız 2-sində yoxlama aparılıb. Amma araşdırmalar və ünvanlı təyin edilən yoxlamalar nəticəsində nəzarət tədbirləri nəticəsində daxil olmalar 18% artıb.

Müsbət meyillər gələcəkdə Azərbaycan iqtisadiyyatına, xüsusən də qeyri-neft sektoruna investisiya qoyuluşunu artıracaq. Hazırda xarici investisiyaların böyük hissəsi neft və qaz sektoruna yönəldilir. Qeyri-neft sektoru üzrə qoyulan xarici sərmayələrin həcmi digər sahələrə nisbətən azdır. Amma biznes mühitinin yaxşılaşdırılması xarici investisiyaların həcminin artımını stimullaşdıracaq.

Son illərdə xarici investisiyaların həcmində azalma var. Bunun əsas səbəbi neft sektorunda nəzərdə tutulan və böyük vəsait tələb edən işlərin tamamlanmasıdır. Hazırda neft və qaz sektorunda işlər xidmət fazasına keçib ki, bu da böyük vəsait tələb etmir. Əvəzində qeyri-neft sektorunda investisiyalarda artım var.

İnvestisiya qoyuluşunun artması üçün həyata keçirilən islahatların, müsbət tədbirlərin davamlı olması əsas şərtdir. İnvestorlar proseslərin davamlılığını müşahidə etdikdə çəkinmədən, hər hansı tərəddüdə qapılmadan sərmayə qoyur. Bu qanunauyğunluğu nəzərə alaraq deyə bilərik ki, 2018-ci ildən dərinləşdirilən islahatların investisiya cəlbediciliyi sahəsində müsbət nəticələrini qarşıdakı illərdə görəcəyik.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz