Əlaqə Arxiv
news Image
2020.02.18
10:19
| A A A
Qazın ucuzlaşması dayanır
İlham Şaban: “Mövcud qiymətlər proqnozlaşdırılan qiymətlərdən xeyli aşağıdır” Zəfər Vəliyev: “Qazın ucuzlaşması onun istehlakını artıracaq və bu, qaz qiymətlərinin yenidən yüksəlməsini şərtləndirəcək”

Dünya bazarlarında təbii qazın fyuçerslərin qiyməti 16 aydır ki, düşür. 2018-ci ilin noyabrının əvvəlində təbii qazın 1 milyon BTU-nun (British thermal unit – Britaniya istilik vahidi) qiyməti 4,6 dollara yüksələndən sonra tədricən enir. Hazırda qiymətlər 1,9 dollar səviyyəsindədir. Müqayisə edilən dövrdə təbii qazın orta qiyməti 2,42 dəfə azalıb. Düzdür, fevralın 14-dən təbii qazın dəyərində müəyyən artımlar var. Amma baş verən artım hələlik böyük deyil, eyni zamanda uzunmüddətli olub-olmayacağı bilinmir. Ümumilikdə isə son bir ayda təbii qazın qiyməti 5 faiz, ilin əvvəlindən 13 faiz, son bir ildə 28 faiz, son üç ildə isə 33 faiz dəyər itirib.

Təbii qazın ucuzlaşmasının əsas səbəblərindən biri neftin dəyərinin aşağı düşməsidir. Lakin digər səbəb var ki, onun qiymətlərə daha güclü təsir etdiyi deyilir. Bu səbəb Avropada qaza olan tələbatdır.

Qeyd edək ki, dünyada ən çox qaz idxal edən region Avropadır. Bu qış gözlənildiyinin əksinə olaraq Avropada qaza olan tələb xeyli azalıb. Havaların mülayim keçməsi elektrik enerjisinə tələbi zəiflətdiyindən elektrik enerjisinin istehsalı aşağı düşüb. Elektrik stansiyalarının əksəriyyəti qazla işlədiyindən qaza tələb də azalıb ki, bu da nəticədə qazın qiymətinə azaldıcı təsir göstərib.

Qazın mövcud qiymətləri son 10 ilin ən aşağı qiymətləri hesab olunur. Qaza tələbin azalması nəticəsində Avropanın qaz anbarları tam doldurulub və daha çox qaz idxal etmək imkanları yoxdur. Bu vəziyyət qaz qiymətlərinin düşməsini şərtləndirir.

Qazın qiymətinin düşməsi qaz ixrac edən ölkələrə sərf etmir. Buna baxmayaraq bu ölkələr qiymətlərin tənzimlənməsi üçün müvafiq addımlar da ata bilmir. Halbuki onların da bir çoxunun birləşdiyi və neft OPEC-i kimi ixrac siyasətini əlaqələndirməyə imkan verən birliyi var. 2001-ci ildə yaradılan bu birlik Qaz İxrac edən Ölkələrin Forumu (GECF) adlanır. Forumda 13 ölkə birləşib və Azərbaycan burada müşahidəçi ölkə statusuna sahibdir. Forumun əsas məqsədlərindən biri də tələb və təklifin balanslaşdırılmasıdır. Lakin bu qurum indiyə qədər müxtəlif cəhdlərinə baxmayaraq qiymətləri tənzimləyə bilmir.

Qaz qiymətlərinin enmə səbəblərinə şərh edən neft-qaz sahəsi üzrə ekspert İlham Şaban deyir ki, qaz qiymətlərinin enməsinə bir neçə amil təsir edib. Onun bildirdiyinə görə birinci amil neft qiymətlərinin enməsidir. Ekspert söylədi ki, təbii qazın satış qiymətinin neft qiymətlərindən asılılığı var: “Neftin qiymətinin səviyyəsinə uyğun olaraq 6 ay sonra qaz bazarında da qiymətlərdə dəyişiklik baş verir. Son aylarda neft qiymətlərinin səviyyəsinin bir qədər aşağı düşməsi müşahidə edilir. Bu dəyişiklik eyni qaydada qaz qiymətlərinə də təsir göstərib”.

Təbii qazın ucuzlaşmasına təsir göstərən digər amil təklifin artması, tələbinsə azalmasıdır. İ.Şaban vurğuladı ki, son dövrlərdə qaza olan tələbdə azalma var, lakin belə bir dövrdə hasilat artıb: “Xüsusən də maye qaz tədarükünün artması davam edir. Avropa bazarlarına daha çox maye qaz çıxarılır. Digər tərəfdən qaz istehlakı azalıb. İstehlakın azalmasına iqlim amili güclü təsir göstərib. Bu qış mövsümü Avropada soyuq keçməyib. Buna görə də mənzillərin qızdırılmasında təbii qaza və elektrik enerjisinə tələbat aşağı düşüb. Təbii qaz elə bir məhsuldur ki, ondan daha çox elektrik stansiyalarında, istilik təchizat sistemlərində istifadə edilir. Buna görə də bazarda təbii qaza olan tələbi əsasən bu istehlakçı mənbələri müəyyənləşdirir. Neftə tələbi isə daha çox avtonəqliyyat vasitələrindəki istehlak səviyyəsi müəyyən edir. 2019-2020-ci ilin qış mövsümü mülayim olduğuna görə qaz istehlakı zəifləyib”.

İ.Şaban bildirdi ki, mövcud qiymətlər proqnozlaşdırılan qiymətlərdən xeyli aşağıdır: “2019-cü il üçün Avropada qazın orta satış qiymətinin 245 dollar olacağı proqnozlaşdırılırdı. Ötən il üçün orta qiymət hələlik açıqlanmayıb. Amma orta qiymətlərin aşağı olacağı gözlənilir. 2019-cu ilin noyabrında qeydə alınan qiymətlərə baxdıqda görürük ki, mövcud qiymətlər orta qiymətlərdən xeyli aşağıdır”.

İ.Şabanın fikrincə, GECF fəaliyyət göstərdiyi dövrdə effektiv işləyə bilməyib. Onun sözlərinə görə, istənilən halda qazın qiyməti neftin qiyməti ilə əlaqəlidir və bazarda neftdən fərqli qiymət formalaşdırmaq mümkün olmur. Ekspert hesab edir ki, qazın qiyməti tam müstəqil şəkildə formalaşacağı təqdirdə GECF kimi birliklər qiymətlərə təsir göstərə bilər. Əks halda qazın qiyməti də neftin qiymətindəki dəyişiklikdən öz nəsibini alacaq.

Neft-qaz sahəsi üzrə ekspert Zəfər Vəliyev deyir ki, hazırda dünyanın bütün regionlarında qazın ucuzlaşması müşahdə edilir. Onun fikrincə, qazın ucuzlaşması onun istehlakını artıracaq və bu, qaz qiymətlərinin yenidən yüksəlməsini şərtləndirəcək: “Qarşıdakı aylarda qazın qiymətində enmələr müşahidə edildikcə, Almaniyanın və Avropanın enerji balansında daş kömürün azalması daha sürətlə gedəcək. Qazın qiyməti aşağı düşdükdə qaz istehlakı artacaq. Proqnozlaşdırılır ki, qarşıdakı aylarda da qaza tələbatın aşağı düşməsi ilə əlaqədar qiymətlərdə enmə davam edəcək. Hazırda Avropanın yeraltı qaz anbarlarında 70 milyard kub metrdən çox qaz var və təbii qazla yüklənmə nisbəti 75 faiz səviyyəsindədir. Bu onu göstərir ki, qazla təminat yüksəkdir və bu hal bazarda qiymətlərin enməsinə şərait yaradacaq. Aşağı qiymətlər digər ənənəvi yanacaq növlərindən imtinanı sürətləndirəcək ki, bu da olduqca müsbət haldır. Çində bu proses sürətlə gedir və bu ölkənin də gələcəkdə qaza tələbatı artacaq”.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz