Əlaqə Arxiv
news Image
2020.02.20
08:41
| A A A
Şoran torpaqlar problemi çözümünü tapır
Nicat Nəsirli: “Şoran torpaq sahəsinin 4 min hektar azalması ilə həmin ərazidə yem ehtiyatımızı formalaşdıra və bu sahədə idxaldan asılılığı azalda bilərik”

“2019-cu ildə Prezident İlham Əliyevin imzaladığı 9 sərəncam və 1 fərmanla Azərbaycanda meliorasiya işlərinin görülməsində 71,5 milyon manatdan çox əlavə vəsait ayrılıb, 100 minlərlə hektar əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün yüzlərlə subartezian quyusu qazılıb”.

Bu barədə Prezident Administrasiyasının Vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılovun rəsmi mətbuatda dərc edilmiş məqaləsində qeyd edilib. “2019-cu ildə suvarma sistemlərində və kollektor-drenaj şəbəkələrində böyük həcmdə lildən təmizləmə işləri aparılıb, 5 min 676 subartezian quyusu, 315 nasos stansiyası təmir edilib. Həyata keçirilmiş təmir-istismar və tikinti işləri nəticəsində suvarılan torpaqlarda qrunt sularının səviyyəsi aşağı düşüb, 2018-ci illə müqayisədə şoran torpaq sahələri 4 325 hektar azalıb.

Qeyd edək ki, şoran torpaqlar-uducu kompleksdə halda böyük miqdarda mübadilə olunan natrium və bəzən də maqnezium toplanan torpaqlardır. Şorakətli torpaqlarda suda həll olan duzlar daha dərin qatlara toplanır. Son illər ölkəmizdə şoran torpaqların istifadəyə yararlı hala gətirilməsi istiqamətində müəyyən işlər görülür. Artıq “Azərbaycanın mərkəzi hissəsində suvarılan şorlaşmış boz-çəmən torpaqların istifadəsi metodları” işlənib hazırlanıb, layihəyə patent də verilib. Tədqiqatın nəticələri şorlaşmış boz-çəmən torpaqlarının münbitliyinin yüksəldilməsi və aqrosenozların məhsuldarlığının artırılmasına yönəldilib. Azərbaycanda tədqiqatın nəticələri Muğan düzünün Sabirabad rayonu, Minbaşı kəndinin fermer təsərrufatındakı suvarılan boz-çəmən torpaqlarında tətbiq edilib. Burada pambıq, taxıl və yonca bitkilərinin əkini üçün istifadə olunan ərazilərdə bitkilərin məhsuldarlığının 20-25 faiz artırılmasına nail olunub.

Aqrar məsələlər üzrə ekspert Nicat Nəsirli bildirdi ki, şoranlaşmış torpaq sahəsinin azalmasına Prezident İlham Əliyev tərəfindən meliorativ tədbirlərlə bağlı imzalanan sərəncamların mühüm təsiri olub: “Azərbaycanın torpaq sahəsi 5 milyon 800 min hektardır. Amma faktiki olaraq onun cəmi 1 milyon 800 min hektarını əkin dövriyyəsinə cəlb edə bilmişik. Burada əsas maneələrdən biri həmin torpaqların əkinə yararlı olmamasıdır. Şoranlaşıb, ya da müxtəlif formalarda deqradasiyaya uğrayıb. Rəsmi rəqəmlərə görə əkin dövriyyəsində olan torpaqların 47 faizi şoranlaşmaya məruz qalıb. Xüsusən də aktiv əkinçiliklə məşğul olan 18 aran rayonu torpaqları ciddi şoranlaşmaya məruz qalıb. Bu da ölkənin ən ciddi problemlərindən biridir. Bu fonda 4 min hektardan çox torpaq sahəsi şoranlaşmadan azad edilibsə, buna keçən il Prezident İlham Əliyev tərəfindən meliorativ tədbirlərlə bağlı imzalanan bir neçə sərəncamın təsiri olub. Ümid edirəm ki, nəticədə həmin 4 min hektarı əkin dövriyyəsinə cəlb edə biləcəyik. Həyata keçirilən meliorativ tədbirlər şaxələnərək ölkənin bütün ərazilərini əhatə etməlidir. Sovet dövründə tikilən şor kanallarında tez-tez təmizləmə tədbirləri həyata keçməlidir. İndilikdə bir çox rayonlarda şor kanalları ötürücülük qabiliyyətini itirib”.

Ekspertin sözlərinə görə, 4 min hektardan çox ərazinin şoranlaşmadan təmizlənməsi  fonunda həmin ərazilərdə yeni dövrün tələblərinə cavab verən müasir, ölkənin tələbləri  səviyyəsində aqropark yaratmaq olar: “ Bu aqropark da heyvardarlıq və yaxud bitkiçilik istiqamətində də ola bilər. Belədə 4 min hektarda aqroparkın qurulması ümumilikdə aqrar sahəyə böyük töhfə verə bilər, məhsuldarlıq artar. Bilirsinzi ki, yemçilikdə əsasən idxaldan asılıyıq. Ancaq həmin 4 min hektarda yem ehtiyatımızı formalaşdıra və beləliklə də idxaldan asılılığı xeyli dərəcədə azalda bilərik”.

R. SOLTANOV 

 

 

 

Sizin Reklam Yeriniz