Əlaqə Arxiv
news Image
2020.02.26
09:44
| A A A
“İkinci çörək”lə bağlı ziddiyyətli durum
Nicat Nəsirli: “Azərbaycanın torpaq-iqlim şəraiti kartof istehsalını 2 dəfə artırmağa imkan verir”

Azərbaycan özünü kartofla tam təmin edə bilmədiyinə görə bu məhsula olan tələbin bir hissəsi idxal hesabına ödənilir. 2019-cu ildə də Azərbaycan kartof idxalı həyata keçirib. Amma ötən il idxalın miqdarında xeyli artım baş verib. Baxmayaraq ki, ötən il ölkəmizdə kartof istehsalı son illərin ən yüklsək göstəricisi olan 1 milyon ton həddində olub.

2019-cu ildə Azərbaycan idxalını 26,7% artırıb. 2019-cu ildə Azərbaycana 51 milyon 815 min dollar dəyərində 193 min 16 ton kartof (artım 26,7%) idxal edilib. Azərbaycana kartofun əsas ixracatçısı Rusiya, İran və Pakistan olub. Rusiya 124 min 443 ton (33 milyon 660 min dollar), İran 54 min 197 ton (13 milyon 217 min dollar), Pakistan isə 8 min 352 ton (2,5 milyon dollar) kartof satıb.

Azərbaycan yüksək keyfiyyətli kartof istehsal edən ölkələrdən biridir. Amma təəssüflər olsun ki, bütün imkanlara baxmayaraq ölkəmiz bu məhsulla özünü tam təmin edə bilmir. 2018-ci ilin ərzaq balansına dair məlumata əsasən, 890 min ton kartof istehsal edilib. Bunun 67 min tonu ixrac edilib. Ölkəmizdə kartof 3 məqsədlə istifadə edilir. Kartofun 728 min tonu ərzaq məhsulu kimi, 198 min tonu toxunluq üçün, 39 min tonu mal-qara və quş yemi üçün istehlak olunub. Təxminən 62 min ton kartof isə itkiyə gedib. Buradan görünür ki, itki ilə bərabər ölkəmizin kartofa olan illik tələbatı 1 milyon 27 min tondur. Amma Azərbaycanda istehsaldan sonra qalan kartofun miqdarı 823 min ton olub. 2018-ci ildə ölkəmiz kartofa olan tələbatını ödəmək məqsədilə 158 min ton kartof idxal etmək məcburiyyətində qalıb. 2017-ci ildən qalıq məhsulun olması kartofa olan tələbatın tam ödənilməsinə imkan verib.

Bəs, Azərbaycan niyə yerli istehsal hesabına özünü kartofla tam təmin edə bilmir?

Kənd təsərrüfatı məsələləri üzrə ekspert Nicat Nəsirli deyir ki, idxal edilən kartof 2 məqsədlə - ərzaq və toxumluq üçün istifadə edilir. Ekspert bildirdi ki, Azərbaycanın kartofa olan illik tələbatı təxminən 900 min tondur. O söylədi ki, yerli istehsal ərzaq məhsulu kimi kartofa olan tələbatı ödəyir, amma toxum üçün xaricdən kartof gətirilməsi vacibdir: "Təxminən 1 milyon ton kartof istehsal edirik, amma bununla bərabər, ildə təxminən 150-160 min ton kartof idxal edirik. İdxal dövrü daha çox payız-qış mövsümünü əhatə edir. İran, Rusiya, Ukrayna, Pakistan və digər ölkələrdən kartof idxal edilir. İdxal edilən kartofun bir hissəsi ərzaq üçün deyil, toxumluqdur. Ona görə biz deyə bilmərik ki, kartof idxalının hamısı yeməyə gedir. Bizim kartof toxumçuluğumuz zəif olduğuna görə toxum məqsədilə ölkəyə gətirilir".

Ekspert qeyd etdi ki, Azərbaycanın kartof tələbatını tam təmin etmək imkanı var. Lakin bəzi məsələlər kartofla tam təminata imkan yaratmır: "Bazarda bizim mövqeyimizi zəiflədən məsələ ölkə üzrə, xüsusən də kartofçuluq sahəsində ixtisaslaşmış rayonlarda - Cəlilabadda, Tovuzda, Şəmkirdə, Gədəbəydə, Qusarda ixtisaslaşmış soyuducu anbarların, yəni saxlanc imkanlarının aşağı olmasıdır. Nəticədə ölkədə ilkin yazda istehsal olunan kartofun böyük hissəsi xaricə, xüsusən Rusiyaya ixrac edilir. Payızlıq kartof isə ölkə daxilində noyabrın əvvəlinədək realizə olunur.

Ölkə tələbatını tam təmin etmək üçün kartof istehsal olunur, amma ixtisaslaşmış saxlanc imkanları yoxdur. Saxlanc imkanlarımız olmadığına görə də fermer mövsüm ərzində kartofu bazarda realizə etməyə məcburdur. Çünki tərəvəz məhsullarını uzun müddət saxlamaq mümkün deyil. Saxlama imkanları olmadığına görə biz 160 min ton həcmində kartof idxal edirik. Yaxın və ucuz olduğuna görə təxminən 50 min ton kartof İrandan ölkəmizə gəlir. Bizim kartof bazarını əsasən formalaşdıran ölkə İrandır".

Ekspert kartofa olan tələbatın tam ödənilməsi məqsədilə payızlıq kartof istehsalının artırılmasının vacib olduğunu söylədi: “Yazlıq sort kartoflar çıxan kimi hökmən ya yeyilməli, ya da emala getməlidir. Payızlıq kartofun isə qalın qabığı var və onu uzun müddət saxlamaq olur. Buna “köhnə kartof” deyilir. Ölkənin əsas tələbatını payızlıq kartof təmin edir. Əgər il ərzində ölkədə 1 milyon ton kartof istehsal edilirsə, bunun təxminən 360 min tonu yazlıqdır, qalan hissəsi isə payızlıqdır. Bizdə əsasən payızlıq kartof əkirlər. Çünki payızlıq kartof uzun müddət qalır və daha əlverişli qiymətə satılır".

N.Nəsirli hesab edir ki, Azərbaycanın torpaq-iqlim şəraiti kartof istehsalını 2 dəfə artırmağa imkan verir: “Azərbaycanda ildə iki dəfə məhsul götürmək mümkündür. Məsələn, Cəlilabadda bunu tətbiq edirlər, bir sahədən 2 dəfə məhsul götürürlər. İmkanlar var, amma bunun üçün hökmən güclü toxumçuluq təminatı, saxlanc imkanları olmalıdır. Yəni torpaqdan çıxanı anbara qoyub uzun müddət saxlaya bilək və tədricən bazara təklif edək".

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz