Əlaqə Arxiv
news Image
2020.03.04
10:04
| A A A
Azərbaycanın neftlə bağlı qiymət siyasəti özünü doğruldur
Proqnoz qiymət faktiki qiymətlərə uyğundur

2019-cu ilin dekabrından Çində koronavirusun yayılması neft qiymətlərinin aşağı düşməsinə səbəb olub. Virusun yayılması Çində karantin tədbirlərini gücləndirib ki, bu da iqtisadi aktivliyin aşağı düşməsinə və neftə olan tələbin azalmasına gətirib çıxarıb. Yaranmış vəziyyətdə Çin neft idxalını azaldıb və bununla da beynəlxalq birjalarda neftin ucuzlaşması müşahidə edilib. Çin dünyanın ən böyük neft idxalçısıdır. Buna görə də iqtisadi artımla bağlı nəticələr, ölkədə sənayenin inkişaf göstəriciləri neft qiymətlərinə birbaşa təsir edir.

Koronavirusun kütləvi yayılması və ağır iqtisadi nəticələr 2020-ci ilin yanvarından müşahidə edilir. Həmin tarixdən də neft ucuzlaşır. 2020-ci ilin yanvarının əvvəlində Brent neftinin qiyməti 69 dollara qədər yüksəlmişdi. Azərbaycanın ixrac etdiyi "Azeri Light" markalı neftin qiyməti isə 70 dollardan yüksək idi. Virus qorxusu ilə əlaqədar bir çox iri şirkətin fəaliyyətini müvəqqəti dayandırması neftin ucuzlaşmasını sürətləndirdi. Nəticədə yanvarın 15-də Brent neftinin qiyməti 64 dollara, ayın sonunda 55 dollara, fevralın sonunda isə 49 dollara qədər gerilədi.

Bu həftə OPEC+ ölkələrinin növbəti toplantısı keçiriləcək. Toplantıda neft qiymətlərinin bir qədər artırılması məqsədilə hasilatın azaldılması məsələsi müzakirə ediləcək. Toplantı öncəsində neftin qiymətinin bir qədər yüksəlməsi müşahidə edilir.

Beynəlxalq ekspertlərin şərhlərinə əsasən, Çində iqtisadi aktivlik əvvəlki səviyyə yüksəlməsə, neftin qiymətinin yenidən 60 dollar həddinə qalxması çətin olacaq.

Neftin ucuzlaşması neft ixrac edən ölkələrə mənfi təsir edir. Həmin ölkələrdə neftin dəyəri iqtisadiyyatın nominal dəyərinin formalaşmasında önəmli paya sahib olduğundan aşağı düşən qiymətlər iqtisadiyyata zərər verir, ölkənin maliyyə gəlirlərini azaldır. Azərbaycan da neft ixrac edən ölkədir və neftin ucuzlaşması ölkəmizdə də oxşar neqativ təsirlər yaradır.

Azərbaycan hər zaman neftin proqnoz qiymətini müəyyənləşdirən zaman konservativ yanaşma tətbiq edib. Hökumət beynəlxalq təşkilatların neftin proqnozlaşdırılan qiymətindən də aşağı qiymət götürərək həm Dövlət Neft Fondunun, həm də dövlət büdcəsinin gəlirlərini qiymətləndirir. Əvvəlki illərin təcrübəsi göstərir ki, Azərbaycan hökumətinin konservativ yanaşması ölkənin ciddi maliyyə itkilərindən yayınmasına imkan verib. 2020-ci il üçün neftin orta illik qiyməti 55 dollardan götürülüb. Yanvar ayında Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 62-63 dollar, fevralda 55-56 dollar səviyyəsində olub. Geridə qalan iki ay ərzində ixrac edilən neftin orta qiyməti 59-60 dollar həddində qərarlaşıb. Deməli, yanvar və fevralda Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti proqnoz olunan qiymətdən yüksək olub. Buna görə də həm Dövlət Neft Fondunun gəlirlərində, həm də dövlət büdcəsinin gəlirlərində proqnoz özünü doğruldub, hər hansı problem yaranmayıb.

Əgər neftin qiyməti mövcud səviyyədə daha uzun müddət qalarsa, o halda dövlətin və neft sektorunun proqnozlaşdırılan gəlirləri olmayacaq. Çünki neftin orta qiyməti 55 dollardan aşağı düşəcək. Son məlumatlara əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti 52 dollara qədər düşüb. Bu səviyyə proqnoz qiymətdən (55 dollar) aşağıdır və mövcud qiymətlərin qalması gəlirlərin gözləniləndən az olması deməkdir.

Lakin bu qiymətlə də iqtisadiyyat zərər görməyəcək, sadəcə olaraq proqnoz gəliri əldə edə bilməyəcəyik. Belə ki, neftin qiymətinin 50 dollar olması da Azərbaycanın tədiyə balansının müsbət olmasına imkan verir. 2016-cı ildə tədiyə balansında mənfi saldo qeydə alınmışdı. Həmin ildə dollar/manat məzənnəsi 1,596 dollar, neftin orta qiyməti 45,8 dollar olmuşdu. 2017-ci ildə tədiyə balansında ciddi müsbət fərq yarandı, o zaman neftin orta qiyməti 54 dollar, dollar/manat kursu 1,72 idi. 2018 və 2019-cu illərdə neftin orta qiyməti daha da yüksəldi.

2016 və 2017-cu ilin nəticəsi göstərir ki, dollar/manat kursunun 1,7 olduğu şəraitdə neftin orta qiymətinin 45-50 dollar olması tədiyə balansında müsbət fərqin təmin edilməsinə şərait yaradır. Digər tərəfdən nəzərə alaq ki, bu dövrdə Azərbaycanın qeyri-neft ixracı da yüksəlib. Ötən il qeyri-neft ixracının həddi 2 milyard dollara çatıb ki, bu da rekord göstəricidir. Artımın 2020-ci ildə də davam etməsi gözlənilir. Qeyri-neft iqtisadiyyatının da xarici göstəriciləri nəzərə alınarsa, neftin orta qiymətinin 50 dollar olması Azərbaycan üçün məqbuldur.

Bəs, neftin qiymətinin bundan da aşağı düşməsi mümkündürmü? Koronavirusun daha böyük coğrafiyaya yayılması və qlobal iqtisadiyyatın daha çox ziyan görməsi bu ehtimalı yaradır. Lakin neftin qiymətinin müstəqil formada formalaşmadığı da bəllidir. OPEC və onunla birgə hərəkət edən digər ixracatçı ölkələr, eyni zamanda Səudiyyə Ərəbistanı ilə ABŞ arasında bazar qiymətləri ilə bağlı aparılan danışıqlar bunu deməyə əsas verir ki, neft qiymətlərinin səviyyəsi daha çox ikitərəfli və çoxtərəfli razılaşmalar əsasında formalaşır. Bu konyukturanı nəzərə alsaq neft qiymətlərinin 50 dollardan aşağı düşüb aylarla həmin səviyyədə qalacağını güman etmək olmaz. İri ixracatçı ölkələrin açıqlamalarından aydın olur ki, 55-60 dollar 2020-ci il üçün arzulanan qiymət intervalıdır. Böyük ehtimalla cari ildə neft qiymətləri bu səviyyədən aşağı düşməyəcək və dünya iqtisadiyyatının toparlanmasından sonra bir qədər də yüksələcək.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz