Əlaqə Arxiv
news Image
2020.03.07
12:15
| A A A
Neft qiymətləri Azərbaycanın proqnozuna uyğundur
Qiymətlərin 55 dollar həddinə qayıdacağına dair proqnozlar çoxdur və böyük ehtimalla, ən geci apreldə qiymətlər yenidən 60 dollar səviyyəsinə çatacaq

OPEC-ə üzv olan və onunla birgə hərəkət edən digər ölkələr (OPEC+) hələ də neft qiymətlərinin arzulanan səviyyə çatdırılmasına nail ola bilmir. 2020-ci ilin yanvarından neftin ucuzlaşması prosesi gedir və OPEC+ ölkələrinin bütün səylərinə baxmayaraq onun qarşısını almaq mümkün deyil. Yanvarın 5-də Brent neftinin qiyməti 69 dollara yüksəldikdən sonra sürətlə azalma mərhələsinə keçib. Fevralın 10-da qiymətlər 53 dollara qədər gerilədikdən sonra bir müddət yüksəldi, hətta fevralın 20-də 60 dollara çatdı. Amma sonradan neft yenidən ucuzlaşdı və bu proses hələ də davam edir. Son məlumata əsasən neftin qiyməti 49 dollardan da aşağı düşüb.

Neftin ucuzlaşmasının əsas səbəbi koronavirusun Çinə və daha sonra dünya iqtisadiyyatına vurduğu mənfi təsirdir. Virus insanlarda ölüm qorxusu yaratdığından onlar başqaları ilə təmasa girməkdən, ticarət yerlərində olmaqdan, turist səfərlərinə getməkdən mümkün olduğu qədər imtina edirlər. İnsanların aktivliyinin azalması onların xərclərində ciddi azalma yaradıb. Bu hal ona gətirib çıxarıb ki, son aylarda əksər ölkələrdə istehlak xərcləri azalıb və nəticə etibarilə dünyada tələbin zəifləməsi baş verib. Tələb zəiflədiyindən bütün əmtəələrin, o cümlədən neftin ucuzlaşması prosesi gedir. ABŞ və onunla bərabər hərəkət edən dünyanın böyük maliyyə imkanlarına sahib olan ölkələri tələbi gücləndirmək məqsədilə ucuz pul siyasətinə keçiblər. Hələlik bunun müsbət nəticələri yoxdur, amma əgər bu siyasət bir qədər də dərinləşdirilərsə, əmtəə qiymətlərinin, eynilə neftin qiymətinin bir qədər artması ehtimalı var.

Hazırda neftin qiymətinə ən güclü təsir etmə qabiliyyəti OPEC+ ölkələrindədir. Bu ölkələr neftin qiymətinin əlverişli səviyyədə tutmaq üçün bir neçə dəfə hasilatı azaldıb. Hasilatın azaldılması neftin qiymətinin 60 dollar səviyyəsində qərar tutmasına imkan yaradıb ki, bu da neft ixrac edən ölkələrə sərf edir. Lakin son hadisələr vəziyyətin bir qədər ağır olduğunu göstərir. Buna görə də OPEC+ gündəlik neft hasilatının daha da endirilməsini məqbul hesab edir.

OPEC+ ikinci rübdən neft hasilatını ilin sonunadək gündəlik olaraq 1,5 milyon barel azaltmaq haqda kommunike qəbul edib. Bu məsələ OPEC+ ölkələrinin nazirlərinin toplantısında baxılmalıdır. Niyyət ortaya qoyulandan sonra neft bahalaşmaya doğru deyil, ucuzlaşmağa başladı. Bunun bir səbəbi odur ki, Çin fevral ayında ölkədə gündəlik emal həcmlərinin 2,9 milyon barelədək azalması ilə bağlı hesabat yaydı. Məlumdur ki, Çin dünyada ən böyük neft idxalçısıdır və onun neftə olan tələbi dünyada neft qiymətlərinə birbaşa təsir gücünə sahibdir.

Neftin ucuzlaşmasına Rusiyanın OPEC+ ölkələrinin təklifinə müsbət yanaşmadığına dair xəbərlər də təsir edib. Təklif edilib ki, Rusiya və digər kənar ixracatçılar hasilatın 500 min barel azaltsın. Bu təklif Rusiyanı qane etmir.

OPEC+ effektiv fəaliyyət göstərən təşkilatdır və son 3 ilin təcrübəsi göstərir ki, onun neft qiymətlərinin formalaşmasında ciddi təsiri var. Bu qurum yaradılan zaman Azərbaycanın tövsiyələri nəzərə alınıb. OPEC+ ölkələrinin bütün ortaq qərarları neftin qiymətini əlverişli səviyyədə tutmağa imkan verib. Bu dəfə də OPEC+ ölkələrinin səmərəli fəaliyyət göstərəcəyi yəqindir. Əks halda neftin qiymətinin 55-65 dollar intervalına qaldırmaq çətin olacaq.

Azərbaycan üçün neft qiymətlərinin 55 dollar olması əlverişlidir. Qiymətlərin 55 dollar həddinə qayıdacağına dair proqnozlar çoxdur və böyük ehtimalla, ən geci apreldə qiymətlər yenidən 60 dollar səviyyəsinə çatacaq. Təbii ki, burada koronavirusa qarşı mübarizənin müsbət nəticələrindən də çox şey asılı olacaq.

Azərbaycan hər zaman neftin proqnoz qiymətini müəyyənləşdirən zaman mühafizəkar yanaşma tətbiq edib. Hökumət beynəlxalq təşkilatların neftin proqnozlaşdırılan qiymətindən də aşağı qiymət götürərək həm Dövlət Neft Fondunun, həm də dövlət büdcəsinin gəlirlərini qiymətləndirir. Əvvəlki illərin təcrübəsi göstərir ki, Azərbaycan hökumətinin mühafizəkar yanaşması ölkənin ciddi maliyyə itkilərindən yayınmasına imkan verib. 2020-ci il üçün neftin orta illik qiyməti 55 dollardan götürülüb.

Hazırkı qiymətlər may ayına aid olan qiymətlərdir. Birjalarda bir qayda olaraq 2,5-3 ay sonrakı dövrə müqavilələr bağlanılır. Bu qayda ilə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti yanvar ayında 63-64 dollar, fevralda 59-60 dollar səviyyəsində olub. Geridə qalan iki ay ərzində ixrac edilən neftin orta qiyməti 60 dollardan aşağı deyil. Deməli, yanvar və fevralda Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti proqnoz olunan qiymətdən yüksək olub. Buna görə də həm Dövlət Neft Fondunun gəlirlərində, həm də dövlət büdcəsinin gəlirlərində proqnoz özünü doğruldub, hər hansı problem yaranmayıb.

Əgər neftin qiyməti mövcud səviyyədə daha uzun müddət qalarsa, o halda dövlətin və neft sektorunun proqnozlaşdırılan gəlirləri olmayacaq. Çünki neftin orta qiyməti 55 dollardan aşağı düşəcək. Son məlumatlara əsasən, dünya bazarında "Azeri Light" (CIF) markalı neftin qiyməti 50-51 dollara qədər düşüb. Bu səviyyə proqnoz qiymətdən (55 dollar) aşağıdır və mövcud qiymətlərin qalması gəlirlərin gözləniləndən az olması deməkdir.

Lakin bu qiymətlə də iqtisadiyyat zərər görməyəcək, sadəcə olaraq proqnoz gəliri əldə edə bilməyəcəyik. Belə ki, neftin qiymətinin 50 dollar olması da Azərbaycanın tədiyə balansının müsbət olmasına imkan verir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz