Əlaqə Arxiv
news Image
2020.03.11
11:22
| A A A
Azərbayсan idxala daha az vəsait sərf edəсək
Bu il əmtəələrin qiymətində daha böyük ucuzlaşma olacağı gözlənilir

Neftin ucuzlaşmasının mühüm təsirlərindən biri də idxalın həcmində özünü göstərəcək. Əgər neft qiymətləri aşağı səviyyədə qalmaqda davam edərsə, idxalda azalma baş verəcək.

Neftin ucuzlaşmasının ümumi idxala azaldıcı təsiri onun qiymətinin digər əmtəələrin qiymətinə ciddi təsir imkanı ilə bağlıdır. Bütün əmtəələrin istehsalında az və ya çox nisbətdə neft məhsullarının payı olur. Məsələn, avtonəqliyyat vasitələrindən istifadə xərcləri və s. Bu, birbaşa təsirdir. Amma onunla bərabər dolayı təsirlər də var. Neft ucuzlaşdıqda təbii qaz da dəyərdən düşdüyünə görə elektrik enerjisinin qiyməti enir, təbii qazın satış qiyməti aşağı salınır. Bu əmtəələrin də ucuzlaşması şirkətlərin istehsal xərclərini azaldır. Digər dolayı təsir son məhsul istehsalçılarının xərclərinin azalması şəklində olur. Son məhsul istehsalçıları aldıqları alt məhsulları ucuz əldə etdiyinə görə onların istehsal xərcləri azalır. Sadalanan birbaşa və dolayası amillər göstərir ki, neft ucuzlaşdığında və qiymətlər uzun müddət aşağı səviyyədə qaldıqda bütün əmtəələrin ucuzlaşması üçün əsas yaranır.

Əmtəələrin ucuzlaşması idxalın azalmasına əsas yaradır. Xarici ticarətin həcmi anlayışı əslində, ticarət olunan əmtəələrin ümumi qiymətini ifadə edir. Bu səbəbdən qiymət dəyişikliyi ticarətin həcminə ciddi təsir göstərmək imkanı var. Əmtəə qiymətlərinin 10 faiz dəyişməsi belə idxalın və ya ixracın həcmində nəzərəçarpan dəyişiklik yaradır. Bu il əmtəələrin qiymətində daha böyük ucuzlaşma olacağı gözlənilir. Əmtəə qiymətlərində baş verən dəyişiklik ixracı azaltmaqla bərabər idxalın da ümumi dəyərinə təsir göstərəcək.

Oxşar hal 2009-cu ildə qeydə alınmışdı. 2008-ci ilin ikinci yarısından neftin kəskin ucuzlaşması 2009-cu ildə digər əmtəələrin də dəyər itirməsinə səbəb oldu. Əmtəələrin ucuzlaşması ümumən idxalın 14 faiz kiçilməsi ilə nəticələndi. Bir il əvvəl 7,17 milyard dollar olan idxal 2009-cu ildə 6,12 milyard dollara qədər gerilədi. İdxalın yenidən əvvəlki səviyyə qayıtması üçün 3 il vaxt lazım gəldi. Xatırladaq ki, həmin dövrdə dollar/manat məzənnəsi sabit qalmışdı.

Neftin ucuzlaşmasının idxala azaldıcı təsirini 2019-cu ildə də müşahidə etdik. 2018-ci ildə Azərbaycanın ixrac etdiyi neftin orta qiyməti 71,64 dollar olduğu halda 2019-cu ildə orta qiymət 65 dollar səviyyəsində olub. Neftin ucuzlaşması ilə əlaqədar olaraq ötən il Azərbaycanın idxalında demək olar ki, artım baş vermədi. Düzdür, ötəm il idxalın həcmi 13,667 milyard dollar olmaqla rekord səviyyə çatıb. Amma idxalın 2,15 milyard dollarlıq hissəsini strateji ehtiyat kimi qızıl alışı təşkil edib. Qızıl alışını nəzərə almasaq idxalın həcmi 11,5 milyard dollar olub ki, bu da 2018-ci ildəki göstərici ilə eynidir. 2019-cu ildə idxalın artması gözlənilirdi. Çünki ötən il sərt-pul kredit siyasəti tam aradan qaldırıldı, əmək haqqı, pensiya, müavinətlərdə ciddi artım oldu, əhalinin real gəlirləri yüksəldi, eyni zamanda kredit qoyuluşunda kəskin artım baş verdi və s.. Bunların müqabilində idxalın artmaması məhz neftin ucuzlaşması və onun əmtəə qiymətlərinə olan azaldığı təsiri ilə bağlı idi.

Dünya iqtisadiyyatında baş verənlər göstərir ki, neft 2020-ci ildə bir qədər də ucuzlaşacaq. Cari ildə orta qiymətin 40 dollar səviyyəsində olacağı proqnozlaşdırılır. Əgər proqnoz özünü doğruldarsa, əmtəə bazarlarında da ciddi qiymət azalmaları baş verəcək. İlin əvvəlindən mühüm əmtəələrin qiymətinə diqqət yetirdikdə görürük ki, qiymətli metallar istisna olmaqla ərzaq və qeyri-ərzaq bazarında ucuzlaşma prosesi müşahidə edilir. Bu vəziyyətdə 2019-cu ilə nisbətən idxalın bir qədər də azalması baş verəcək.

Artıq ilin birinci ayında idxalda azalma əlaməti var. 2020-ci ilin yanvar ayına olan məlumata əsasən, idxalın həcmi 2019-cu ilin yanvarına nisbətən 30 faiz azalıb. Azalma dinamikasının davam etməsi istisna deyil və böyük ehtimalla sonrakı aylarda da idxalın ən azından 15-20 faiz səviyyəsində azalması baş verəcək.

Neftin ucuzlaşması şəraitində idxalın azalması müsbət haldır. Çünki neft ucuzlaşdığından Azərbaycanın ixracında ciddi azalma yaşanacaq. Belə bir vəziyyətdə idxalın da azalması ixracda itirdiklərimizin müəyyən qədər kompensasiya edilməsinə şərait yaradacaq. İdxalın azalmasının digər müsbət nəticəsi ölkə daxilində xarici valyutaya tələbin də əlverişli səviyyədə olmasına kömək edəcək.

Azərbaycanın ixrac gəlirlərinin azalması müqabilində idxalın daha da azaldılması üçün hökumət də əlavə tədbirlər görə bilər. Bu məqsədlə bəzi idxal malları üzrə vergi və rüsumların artırılması, həmçinin qadağanedici tədbirlərin görülməsi mümkündür. Məsələn, ötən il Azərbaycan 1,05 milyard dollar dəyərində qara metallar və onlardan hazırlanan məmulatlar, 1,023 milyard dollarlıq elektirk maşınları idxal edib. Bu məhsul qrupları üzrə vergilərin və rüsumların artırılması idxalı azalda bilər. Bundan başqa ötən il avtomobil idxalına 927 milyon dollar xərclənib. Ölkəmizdə avtomobil idxalının azaldılması məqsədilə daha sərt tədbirlərin görülməsi səmərəli ola bilər. Qeyd edilənlərlə yanaşı ötən il Azərbaycan 830 milyon dollar həcmində neft məhsulları, əsasən də avtomobil yanacağı alıb. Ucuzlaşan neft həmin məhsulların dəyərinin xeyli aşağı düşməsinə səbəb olacaq.

Ümumən həm mövcud vəziyyətlə əlaqədar atıla biləcək adekvat tədbirlərə, həm də dünya əmtəə qiymətlərinin səviyyəsinə əsaslansaq deyə bilərik ki, 2020-ci ildə idxala xərclənən vəsait 2019 və 2018-ci ildən az olacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz