Əlaqə Arxiv
news Image
2020.03.12
10:16
| A A A
Azərbayсan iqtisadi təhlükələrdən uzaqdır
Nazirlət Kabinetinin son mesajı maraqlı məqamları ehtiva edir

Martın 10-da Nazirlər Kabinetində neft bazarındakı vəziyyət, onun Azərbaycana təsirləri və qabaqlayıcı tədbirlərlə bağlı keçirilən müşavirə ölkəmizə müsbət mesaj oldu. Adətən bu cür məqamlarda əhali arasında valyuta bazarında kəskin dəyişikliklərin olacağına dair narahatçılıq yaranır. Nazirlər Kabineti qəti mövqe ortaya qoyaraq bəyan etdi ki, hökumət bütün ssenarilərə hazırdır və makroiqtisadi sabitliyin qorunması ilə yanaşı, əhalinin sosial müdafiəsi diqqət mərkəzində olacaq.

Ölkə iqtisadiyyatının kifayət qədər yüksək maliyyə immuniteti və təhlükəsizlik “yastığı” olması Azərbaycan iqtisadiyyatının mümkün risklərə qarşı daha dayanıqlı edir. Nazirlər Kabinetinin verdiyi mesajdan o da anlaşılır ki, indi iqtisadiyyatımız 2014-2015-cü illərə nisbətən daha güclü və dayanıqlıdır, xarici şoklara qarşı dözümlülüyü yüksəkdir. 

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan iqtisadiyyatında baş verən müsbət dəyişikliklər ölkəmizin imkanlarının yaxşı olduğunu göstərir. Yanvar-fevral aylarında Azərbaycanın ümumi daxili məhsulunun (ÜDM) həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,8% artaraq 12,578 milyard manat olub. Bu dövrdə qeyri neft-qaz ÜDM-si 6,7% artaraq 7,554 milyard manata çatıb. Əhalinin hər nəfərinə düşən ÜDM 1 265 manata bərabər olub və bu göstərici əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,9% artıb.

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda 7,706 milyard manatlıq sənaye məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 0,9% çoxdur.

Qeyri neft-qaz sektorunda məhsul istehsalı 2019-cu ilin eyni aylarına nisbətən 21,7% artaraq 1,966 milyard manata çatıb. Qeyri-neft sektorunun ümumi sənaye istehsalında olan payı 25,5% təşkil edib.

Bu dövrdə Azərbaycanda 656,4 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3,6% çoxdur. Hesabat dövründə heyvandarlıq məhsullarının payı 95,8% və ya 629 milyon manat təşkil edib və istehsal 2019-cu ilin analoji ayları ilə müqayisədə 3,2% artıb. Bitkiçiliyə gəldikdə isə hesabat dövründə 27,4 milyon manatlıq məhsul istehsal olunub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.

Bu ilin yanvar-fevral ayında Azərbaycanın iqtisadi və sosial sahələrinin inkişafı üçün bütün maliyyə mənbələrindən əsas kapitala 1,965 milyard manat vəsait yönəldilib.

Sərmayə olunan vəsaitin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 12,7% çoxdur.

Vəsaitin 1,028 milyon manatını qeyri-neft-qaz sektoruna yönəldilən vəsaitlər təşkil edib. Bu isə öz növbəsində ötən ilin eyni dövrü ilə müqayisədə bu sahəyə sərmayə qoyuluşunun 1,8% artması deməkdir. O cümlədən  qeyri-neft sənayesinə yönəldilən sərmayənin həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 21% artaraq 154,9 milyon manata çatıb.

Bu ilin yanvar-fevral aylarında Azərbaycan ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrünə nisbətən 8,9% artaraq 8,301 milyard manat olub. Əhalinin hər nəfərinə orta hesabla 834 manatlıq gəlir düşüb. Bu da illik müqayisədə 8% çoxdur.

2020-ci ilin yanvar-fevral aylarında dövlət büdcəsinin vəziyyəti də yaxşı olub. Büdcənin gəlirləri 3,613 milyard manat, xərcləri 3,33 milyard manat təşkil edib.

Dövlət büdcəsinin gəlirləri ötən ilin eyni dövrü ilə müqayisədə 2,3%, xərcləri isə 12,1% artıb. Büdcənin icrasında 283 milyon manatlıq və ya ÜDM-in 2,25%-i qədər profisit yaranıb.

2020-ci ilin yanvar-fevral aylarında Azərbaycanda istehlak qiymətləri indeksi 2019-cu ilin analoji dövrünə nisbətən 2,8% artıb ki, bu da müsbət göstəricidir.

İndiki vəziyyətdə hökumət xarici neqativ təsirlərin iqtisadiyyatımıza təsirini minimumlaşdırmağa çalışır. Neftin kəskin ucuzlaşması Azərbaycandan asılı deyil. Amma onun həddən artıq dəyər itirməsi ölkəmizin iqtisadiyyatına mənfi təsir göstərir. 

Mənfi təsir 2014-2015-ci illərdə olduğu qədər güclü deyil. Çünki o zaman həm dövlət büdcəsinin gəlirlərində, həm də ÜDM istehsalında neft sektoru daha böyük paya sahib idi. Eyni zamanda dollar/manat məzənnəsi elə bir səviyyədə idi ki, o, ölkədən valyuta axınını stimullaşdırırdı.

Azərbaycan həmin dövrdə üzləşdiyi ağır vəziyyətdən nəticə çıxarıb. Buna görə də ötən dövrdə qeyri-neft sektorunun inkişafına daha çox diqqət ayrılıb, iqtisadiyyatın şaxələnməsi tədbirləri gücləndirilib. Bunun nəticəsində iqtisadiyyatın neftdən asılılır səviyyəsi aşağı düşüb. İndi dövlət büdcəsinin gəlirinin 55 faizi, iqtisadi dəyərin 40 faizi neftdən asılıdır.

Eyni zamanda ötən müddətdə ölkəmizin strateji valyuta ehtiyatlarındakı itki aradan qaldırılıb. Hazırda ehtiyatlarımız 51 milyard dollar səviyyəsindədir ki, bu da 2014-cü ildəki göstərici ilə eynidir. Amma o zaman strateji ehtiyatlar ÜDM-nin 68 faizi qədərində olduğu halda, indi ÜDM-nin dəyərindən çoxdur. 

Dünya iqtisadiyyatında və neft bazarında baş verən təlatümlər fonunda hökumətin iqtisadi islahatları bir qədər də dərinləşdirəcəyi yəqindir. İqtisadiyyatda şaxələnmə sürətləşdiriləcək, neft sektorunun iqtisadiyyatda payının azaldılması istiqamətində tədbirlər gücləndiriləcək. Bu istiqamətdə kölgə iqtisadiyyatına qarşı mübarizə daha tez müsbət nəticələr əldə etməyə imkan yaradacaq. 2019-cu ildə kölgə iqtisadiyyatına qarşı mübarizə dövlət büdcəsinə əlavə 1 milyard manat vəsaitin daxil olmasına şərait yaratdı. Bu ilin ilk 2 ayında 252 milyon manat həcmində proqnozdan artıq vəsait büdcəyə daxil olub. Əlavə vəsaitlərin hamısı qeyri-neft sektorunda şəffaflaşma hesabına təmin edilib.

Beləliklə, iqtisadiyyatın hazırkı vəziyyəti onu göstərir ki, Azərbaycan xarici iqtisadi şoklara qarşı indi daha güclüdür və neft qiymətindəki kəskin enmələrin iqtisadiyyatımıza, əhalinin sosial vəziyətinə mənfi təsirləri güclü olmayacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz