Əlaqə Arxiv
news Image
2020.03.13
09:56
| A A A
Postneft dövrünə keçid sürətləndirilir
Ruslan Atakişiyev: “Inhisarçılığın bütün əlamətlərinə qarşı qəti mübarizə aparılmalıdır”

Neft qiymətlərinin kəskin şəkildə enməsi bir daha postneft dövrünə ciddi hazırlaşmağın vacib olduğunu təsdiqlədi. Ölkəmizdə aparılan islahatlar bir qədər də dərinləşdirilməli, sənayedə, ixracda qeyri-neft sektorunun payı artırılmalı, qeyri-neft sektoru üzrə büdcə gəlirlərinin yüksəldilməsi istiqamətində tədbirlər gücləndirilməlidir.
Xatırladaq ki, hələ bir müddət öncə Prezident İlham Əliyev çıxışında Azərbaycan iqtisadiyyatının bundan sonra qeyri-neft sektoru hesabına inkişafının əsas prioritet olacağını bildirmişdi. Dövlət başçısı qeyd etmişdi ki, Azərbaycan iqtisadi inkişafını qeyri-neft sektoru üzərində qurmalı və iqtisadiyyatımız dayanıqlı olmalıdır: “İndiki iqtisadi artım templəri məni qane etmir. Düzdür, bunun obyektiv səbəbləri var. Hazırda neftin hasilatının bir qədər aşağı düşməsi nəticəsində ümumi daxili məhsulda müəyyən dərəcədə yavaşıma var. Biz elə etməliyik ki, bu inkişaf dayanıqlı olsun. Buna nail olmaq üçün bundan sonra da çox ciddi islahatlar aparılmalıdır”.
Prezident söyləyib ki, ölkənin iqtisadi inkişafı bundan sonra da qeyri-neft sektoru hesabına davam etdirilməlidir: “Buna nail olmaq üçün son illər böyük işlər görülüb, sənaye zonaları yaradılıb, orada xüsusi vergi rejimi tətbiq olunur. Aqroparklar yaradılıb və orada da məhsuldarlıq daha yüksəkdir. Ancaq bütün bu işləri biz, ilk növbədə, biznesin inkişafı prizmasından həll etməliyik”.
Hazırda qeyri-neft sektorunun iqtisadiyyatda payı neft sektorundan yüksəkdir. 2019-cu ilin yekunlarına əsasən ÜDM istehsalının təxminən 60 faizi qeyri-neft sektorunun payına düşüb. Müqayisə üçün bildirək ki, 2018-ci ildə ÜDM istehsalında qeyri-neft sektorunun payı 58,5 faiz idi. Həyata keçirilən işlər nəticəsində 2013-cü ildən sonra ÜDM istehsalında real artım məhz qeyri-neft sektorunun hesabına təmin edilib. Bəzi illərdə neft-qaz sahəsi üzrə yaradılan əlavə dəyrin həcmi azaldığı halda qeyri-neft sektorunda baş verən yüksək artım sayəsində ümumən iqtisadiyyatda böyümə baş verib.
Qeyri-neft sektorunun inkişafının təmin edilməsi növbəti illərdə də əsas iqtisadi prioritetlərdən biri olmağa davam edəcək. 2023-cü ildə ÜDM-in tərkibində qeyri-neft sektorunun payının 66,8 faizə yüksələcəyi proqnozlaşdırılır.
Amma son 3 ildə qeyri-neft sektorunda artım sürətində zəifləmə müşahidə edilir ki, bu da cəmi məhsul istehsalındakı artımı zəiflədib. Artıq Azərbaycan iqtisadiyyatının böyük hissəsi qeyri-neft sektorunda formalaşdığına görə bu sahədə əldə ediləcək daha güclü nəticələr hesabına ÜDM artımını sürətləndirmək mümkün olacaq.

Hazırda qeyri-neft sektoru ilə bağlı Azərbaycanın qarşısında dayanan əsas hədəf sənayedə, ixracda və dövlət büdcəsinin gəlirlərində bu sektorun payının artırılmasıdır. Azərbaycanın ixracının 93 faizi neft, təbii qaz və neft məhsulları təşkil edir. Qeyri-neft məhsullarının ixrac payı azdır. Qeyri-neft sektoru üzrə ixracın artırılması sənaye istehsalının artırılmasından asılı olacaq. Hazırda sənaye dəyərinin böyük hissəsi neft-qaz sahələrində formalaşır. Qeyri-neft sənayesinin inkişafı üçün tədbirlər artırılıb. Bu məqsədlə ölkəmizdə sənaye parkları, sənaye məhəllələri yaradılır, dövlət buralarda vergi və gömrük güzəştləri tətbiq edir. Dövlətin bu sahəyə dəstəyinin nəticəsidir ki, qeyri-neft sənayesində iqtisadi artım 10 faizdən yüksəkdir.
Dövlət büdcəsinin də neft-qaz sektorundan asılılığının azaldılması, əvəzində qeyri-neft sektorundan daxil olan vergi və digər gəlirlərin artması əsas hədəflərdən biridir. Qlobal enerji qiymətlərinin volatilliyi fonunda iqtisadiyyatın neft sektorundan asılılığının azaldılması hədəflərinə uyğun olaraq, büdcənin qeyri-neft gəlirlərinin artırılması ortamüddətli dövrdə gəlir siyasətinin əsas istiqamətlərindən biri olmalıdır.


Bizim üçün vacib olan hədəflərə nail olmaq məqsədilə sahibkarlığın daxili imkanlar hesabına inkişaf etdirilməsi böyük əhəmiyyət kəsb edir. Bu məqsədlə biznes şəraitinin daha da sağlamlaşıdırılması vacibdir. İqtisadi Resursların Öyrənilməsi Mərkəzinin rəhbəri, iqtisadçı-ekspert Ruslan Atakişiyev hesab edir ki, iqtisadiyyatda ilk növbədə tam rəqabət mühiti formalaşdırılmalıdır, inhisarçılığın bütün əlamətlərinə qarşı qəti mübarizə aparılmalıdır. Ekspertin fikrincə, dövlət tenderlərində şirkətlərin iştirakı şəffaflaşdırılmalıdır. Tenderdə qalib olan şirkətin hər dəfə qalib olmasına icazə verilməməlidir. Məhdudiyyət tətbiq edilməlidir ki, bir şirkət bir tenderdə bir dəfə qalib olsun. R.Atakişiyev söylədi ki, bu cür məhdudiyyət tətbiq etməklə digər şirkətlərin də qalib olmasına şərait yaradılmalıdır: “Belə bir məhdudiyyətin tətbiqi bazarda rəqabəti artırar və inkişaf imkanlarını yaxşılaşdırar”.
Ekspert düşünür ki, vacib məsələlərdən biri də daxili investisiyaların təşviq edilməsi və idarəetmənin təkmilləşdirilməsidir: “Bu məqsədlə maliyyə amnistiyası verilməlidir, daxili investisiyaların qorunması haqqında kompleks sənədlər hazırlanmalıdır. Daxili investisiyalar qorunarsa, böyük vəsaita sahib olan insanlar sərmayə qoyuluşunu artırar.
İdarəetmə, xüsusilə də regionlarda təkmilləşdirilməlidir. Stimullaşdırıcı tədbirlər görülməlidir ki, gənclər regionlarda idarəetmə qurumlarında işləsinlər. Eyni zamanda regionlarda çalışanların peşəkarlıq səviyyəsi artırılmalıdır”.
R.Atakişiyev qeyri-neft ixracının artırılması iqtiqamətində tədbirlər gücləndirilməsini da vacib olduğunu qeyd etdi. Onun sözlərinə görə bunun üçün dövlətin dəstəyi ilə bərabər sahibkarların özü də bizneslərini yüksək standartlara uyğun qurmalıdır: “İstehsal edilən məhsulun qablaşdırılması, anbarlarda saxlanılması inkişaf etmiş ölkələrin müəyyənləşdirdiyi yüksək standartlara cavab verməlidir. Bu istiqamətdə atılan addımlar sistem xarakterli olmalıdır. Əgər zəruri tədbirlər görülərsə, biznes mühiti sağlamlaşdırılarsa, təxminən 10-15 ildən sonra qeyri-neft ixracının həcmi neft sektorunun ixracının həcmindən çox ola bilər”.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz