Əlaqə Arxiv
news Image
2020.03.14
09:57
| A A A
Valyuta ehtiyatlarımız iqtisadi tarazlığı 20 il qoruya bilər
İqtisadiyyatımızın ucuz neftə qarşı immuniteti güclüdür

Beynəlxalq birjalarda neftin proqnozlaşdırılandan çox ucuzlaşmasının Azərbaycan iqtisadiyyatına təsir imkanları 2014 və 2015-cı illərdə olduğu qədər ağır ola bilməz. Çünki ötən müddətdə iqtisadiyyatda baş verən müsbət proseslər, həyata keçirilən islahatlar, manatın məzənnə mövqeyinin yaxşılaşdırılması, qeyri-neft sektorunun inkişafı, strateji valyuta ehtiyatlarının həcminin ÜDM-yə nisbətinin yüksəlməsi və s. amillər iqtisadiyyatımızın xarici qiymət şoklarına qarşı daha dayanıqlı olduğunu göstərir. Eyni zamanda Azərbaycan iqtisadiyyatının dollara olan tələbi 5 il əvvələ nisbətən xeyli azdır. 2014 və 2015-ci illərdə həm əhali, həm də biznes dairələri kifayət qədər dollar alıb. Onlar sahib olduqları dolların ən yaxşı halda 30 faizini manata dəyişiblər. İndinin özündə də əhalinin və biznesin yığımlarında dollarlaşma səviyyəsi yüksəkdir. Bu amil də ölkəmizdə dollara tələbin 5 il əvvəlki dövrə nisbətən xeyli az olduğunu göstərir.

Bunu konkret statistik məlumatlar da təsdiqləyir. 2014-cü ildə banklarda ümumən 19,6 milyard dollar dəyərində depozit olub. Bunun 9,8 milyard dolları, yəni yarısı dollarla idi. Hazırda isə əhali və şirkətlərin manatda olan vəsaitləri 18 milyard manat təşkil edir. Bu vəsaitin təxminən 10 milyardı nağd vəsaitdir. Bu vəsaitin də bəlli bir hissəsi var ki, heç vaxt azala bilməz. Ona görə ki, mal və xidmətlər alınır, müəyyən ödənişlər edilir, müəssisələr ödənişlər edir və s. Onu çıxandan sonra qısa bir müddətdə xarici valyutaya çevrilə bilən çox az miqdarda vəsait qalır. Son günlər həmin dəyişdirilə bilən vəsait mübadilə məntəqələrinə yönəldilib və dollara dəyişdirilir. Bu vəsaitin məbləği 4,7 milyard dolları ötmür. Lakin nəzərə alaq ki, dollara dəyişdirilə bilən vəsaitin hamısı uzun müddət xarici valyutada qala bilməz. Çünki tələbatla əlaqədar olaraq onun bir hissəsi yenidən manata dəyişdirilməlidir.

Azərbaycanın strateji ehtiyatlarının ÜDM-yə nisbətinin də həcmi kifayət qədər əlverişlidir. 2014-cü ildə strateji valyuta ehtiyatlarının manatla dəyəri 41 milyard manat idi. 2020-ci ilin yanvarında strateji valyuta ehtiyatlarının manatla dəyəri 88 milyarda yaxındır. Buna görə də 5 il əvvəlki dövrdən fərqli olaraq indi ehtiyatlarımız xarici valyutaya olan tələbi bir neçə il qarşılamaq imkanı var. Bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov qeyd edib. Mövsümov 2014-2016-cı illərdə neftin qiymətində müşahidə olunan volatilliyə nəzər salaraq deyib ki, o zaman neftin qiymətinin 140 dollardan 30 dollara qədər düşməsi qeydə alınmışdı. "Bu, kəskin volatillik idi. Buna nisbətdə bu gün müşahidə edilən dəyişiklik o qədər də böyük deyil", - söylən Ş.Mpvsümov bu illər ərzində Azərbaycan iqtisadiyyatının neftin qiymətindən asılılığının kəskin şəkildə azaldığını qeyd edib: "Bu, əlbəttə ki, dövlətimizin başçısı İlham Əliyevin düşünülmüş siyasətinin nəticəsində mümkün olub. Bu gün Azərbaycan iqtisadiyyatı kifayət qədər dayanıqlıdır. Valyuta məzənnəsi ilə bağlı təzyiq də daha çox psixoloji amillərə əsaslanır. Azərbaycan bu gün heç bir dəyişiklik etməsə belə, ehtiyatlarımız bizə növbəti 20 ildə də dayanıqlı fəaliyyət göstərməyə imkan verəcək. Hesab edirəm ki, hər hansı narahatlığa əsas yoxdur".

Ş.Mövsümovun vurğuladığı kimi indi neftin qiymətindəki dəyişiklik 2014-2015-ci ildəki dəyişiklikdən kəskin fərqlənir. Əvvəlki dövrdə neftin icmal büdcədə proqnoz qiyməti 90 dollardan götürülmüşdü və o, 70 manat dəyərində idi. 2020-ci ilin büdcəsində isə neftin orta qiyməti 55 dollardan götürülüb və o, 93 manat dəyərindədir. Məzənnənin əlverişli olması daha aşağı neft qiymətlərində icmal büdcəsinin kəsirinin daha az olmasına imkan verir.

Nəhayət, 5 il əvvələ nisbətən indi kölgə iqtisadiyyatının payı xeyli azalıb. Həmin dövrdə devalvasiyanı zəruri edən amillərdən biri də məhz kölgə iqtisadiyyatında böyük məbləğdə vəsaitin cəmləşməsi və onların idarə olunmasına təsir imkanının məhdud olması idi. Bu vəsaitin böyük hissəsi qısa müddətdə xarici valyutaya çevrildi və tələb o qədər böyük oldu ki, devalvasiya zərurətə çevrildi. Kölgə iqtisadiyyatının valyuta bazarında yaratdığı neqativ təsiri aradan qaldırmaq məqsədilə son illərdə iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində ciddi tədbirlər görüldü. Maliyyə bazarında monitorinq tədbirləri gücləndirildi, xarici valyutaya dəyişdirilən və dəyəri 20 min manatdan artıq olan vəsaitin mənbəyinə dair izahat tələb edildi. Eyni tələb dəyəri 15 min dollardan artıq olan və xaricə köçürülən vəsaitlərdə də qoyuldu. Bu cür tədbirlər nəzarətdən kənar vəsait dövriyyəsinin həcmini xeyli azaltdı.

Buna görə də son günlərdə neft qiymətlərində baş verən kəskin enmələrə qarşı Azərbaycan iqtisadiyyatının immunitet qabiliyyəti xeyli güclüdür və icmal büdcədəki tarazlığı 5 il əvvələ nisbətən daha uzun müddət təmin etmək olar.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz