Əlaqə Arxiv
news Image
2020.03.19
09:55
| A A A
Hökumət sahibklarlara antiböhran dəstəyi verəcək
Azərbaycan koronavirusun iqtisadi təsirlərini neytrallaşdıracaq

Azərbaycan hökumətinin koronavurusla bağlı önləyici tədbirləri iqtisadi sferada da həyata keçirilir. Martın 17-də Prezident İlham Əliyevin tapşırığı ilə Baş Nazir Əli Əsədovun yanında keçirilən hökumətin iclası bunun əlamətidir. Həmin iclasda koronavirus pandemiyasının qlobal miqyasda yaratdığı neqativ mühitin Azərbaycan iqtisadiyyatına mümkün təsirləri və qabaqlayıcı tədbirlər haqqında müzakirələr aparılıb. Müzakirələrin nəticəsi olaraq hökumətə tapşırılıb ki, bir həftə ərzində ticarət, ictimai iaşə və nəqliyyat sahələrində tətbiq edilən məhdudlaşdırıcı tədbirlərin təsiri nəticəsində sahibkarlara dəyə biləcək itkilərin minimuma endirilməsi üçün dövlət tərəfindən müxtəlif formalarda dəstək verilməsi də daxil olmaqla təkliflər paketi hazırlasın.

Qeyd edək ki, bu cür dəstək paketləri digər ölkələrdə də hazırlanıb tədricən tətbiq edilir. İndiki dövrdə sahibkarlara kömək edilməsi onların iqtisadi imkanlarının daha çox zəifləməsinin qarşısını alacaq. Bu baxımdan hökumətin dəstək mexanizmini işə salması böyük fayda verəcək.

Bəs, dəstək paketində hansı tədbirlər, güzəştlər öz əksini tapmalıdır. Millət vəkili, iqtisadçı alim Vüqar Bayramov bununla bağlı öz təkliflərini hazırlayıb. V.Bayramov hesab edir ki, ilk növbədə həm sahibkarlar, həm də vətəndaşlar üçün kredit ödənişlərində güzəştin verilməsi məqsədəuyğundur. O bildirdi ki, Mərkəzi Bank tərəfindən banklara belə tövsiyyə xarakterli müraciət edilməsi mümkündür: “Bizə olan müraciətlərdə də bəzi vətəndaşlarımız koronavirus səbəbindən gəlirinin azaldığını və kredit ödəməkdə çətinlik çəkdiyini bildirirlər. Məsələn, Almaniyadan avtomobil idxal etməklə gəlir əldə edən vətəndaşımız artıq maşın satışı ilə məşğul ola bilmir, amma onun ipoteka kredit borcu var. O, borcunu ödəməkdə çətinlik çəkir. Bu baxımdan, kommersiya bankları tərəfindən növbəti 3 ay müddətində kredit ödənişlərində zaman güzəştinin verilməsi və yubanmalara görə cərimə və peniyaların hesablanmasının dayandırılmasını məqsədə uyğundur. Koronavirus ilə qlobal mübarizənin nəticəsindən asılı olaraq bu müddətə yenidən baxıla bilər”.

Millət vəkili koronavirusun onlayn ticarətin inkişafını daha da aktuallaşdırdığını xatırladıb. Onun sözlərinə görə sosial təcrid tədbirlərinin həyata keçirildiyini nəzərə alsaq onlayn ticarətin təşviq edilməsi üçün güzəştlərin tətbiq olunması məqsədəuyğun olardı: “ABŞ daxil olmaqla bir sıra inkişaf etmiş ölkələrdə onlayn ticarət satış vergisindən azaddır. Oxşar praktikanın bizdə də tətbiq olunması məqsədəuyğun olardı”.

İqtisadçı digər təklif kimi sahibkarların, xüsusən də rayonlarda çalışan iş adamlarının güzəştli kreditlərə çıxış imkanlarının artırılmasını tövsiyə edir: “Xüsusən rayonlarda çalışan sahibkarların girov təklif edərək güzəştli kreditdən yararlanmaqda çətinlikləri var. Banklar girov üçün paytaxtdan əmlak tələb etdikləri üçün onların bir sıra hallarda bu imkandan faydalanmaqda çətinlikləri olur. Bu baxımdan girov mexanizminin təkmilləşdirilməsinə və xüsusən də rayonlarda yaşayan sahibkarlarımız üçün daha güzəştli sistemin formalaşdırılmasına ehtyac var”.

İqtisadçı-ekspert Samir Əliyev isə hesab edir ki, hökumətlə bərabər həm də özəl sektor və əhali iqtisadi dəstəyini göstərməlidir. Onun fikrincə, dövlət turist şirkətlərinə, ictimai iaşə obyektlərinə və mehmanxanalara vergi tətili verməli, 2020-ci ilin I rübü üzrə vergi hesabatlarının verilməsində qanunvericiliyin pozulması hallarına görə cərimələrin tətbiqinin dayandırılmalı, vergi yoxlamalarının 1-2 ay müddətinə dayandırılmalı, banklara verilən likvidliyin gücləndirilməsi üçün Mərkəzi Bank tərəfindən keçirilən depozit hərraclarında cəlb edilən depozitlərin həcmi artırılmalıdır. Bunlardan başqa ekspert düşünür ki, kommunal ödənişlərin (işıq, qaz, su) ilkin olaraq 1-2 ay dayandırılması, eyni zamanda kommunal xidmətlərlə təminatda fasiləsizliyin təmin edilməsi vacibdir. O təklif edir ki, iqtisadi aktivliyin təmin edilməsi üçün yanacağın (Aİ-92, dizel və s.) qiyməti aşağı salınsın. Bunlarla bərabər ərzaq və dərman ləvazimatlarının idxalına yaşıl dəhliz verilsin, otellər və ictimai iaşə obyektlərinin illik əmlak vergisindən azad olunsun, lüks əşyaların idxalına tətbiq edilən gömrük rüsumları artırılsın, Kiçik və Orta Biznesin İnkişafına Agentliyinin (KOBİA) üzvü olan KOS-ların ödədikləri verginin məbləği əsasında dərəcələndirilməsi və ona uyğun birdəfəlik yardımın edilməsin.

S.Əliyev özəl sektorun iqtisadiyyata dəstəyinin də önəmli olduğu qənaətindədir. Onun qənaətincə, banklar 2 ay müddətinə kredit faizlərinin ödənilməsini dayandırmalı, mobil operatorlar abunəçiləri üçün aylıq internet və danışıq limitini artırmalı, otellər və ictimai iaşə obyektləri illik əmlak vergisindən azad olduğu üçün sahibkarın icarəyə verdiyi obyekti bir müddət icarə haqqından azad etməlidir.

O bunlarla bərabər əhalinin ərzaq məhsullarının izafi alışından çəkinməsinin yaxşı olacağını da dedi.

S.Əliyev dövlətin və özəl sektorun öhdəliklərini maliyyələşdirmək üçün dövlət tərəfindən ilkin olaraq 100 milyon manat həcmində Antiböhran Fondu yaradılmasının zəruri olduğunu bildirir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz