Əlaqə Arxiv
news Image
2020.04.02
11:57
| A A A
Pandemiyanın özəl sektora təsiri minimuma endirilib
Dövlətin dəstəyi bu işdə əsas mənbə rolunu oynayır

 

Azərbaycanda gözəl bir məsəl var: “Elliklə gələn dərd-bəla toy bayramdır”. “COVİD-19” adlı virusun həyatımıza nüfuz etməsi ilə əlaqədar üstümüzə gələn dərd-bəlanın dəf edilməsi üçün dövlətimizin və ictimaiyyətin əlbir fəaliyyəti cəmiyyətimizin əhval-ruhiyyəsinin qorunub saxlanmasına böyük stimul yaradıb.

Dövlət başçısı daxili siyasətdəki strategiyasına sadiqliyini yüksək səviyyədə nümayiş etdirir. Bütün qüvvələr xalqın sağlamlığının və ölkənin iqtisadi strukturunun qorunub saxlanmasına və qarşıya çıxan çətinliklərin dəf edilməsinə səfərbər olunub. Baş verənlər və hadisələrin inkişafı diqqətlə izlənilir, təhlil edilir və müvafiq qərarlar sürətlə qəbul edilir. Prezident İlham Əliyev İqtisadiyyat naziri Mikayıl Cabbarovu qəbul edəndə bu istiqamətdə görüləcək işlər barədə deyib: “Təbii ki, bu pandemiya bütün dünyanın iqtisadi inkişafına böyük zərbə vurub. Artıq dünyanın aparıcı maliyyə qurumları açıq bəyan edirlər ki, pandemiya nəticəsində yaşana biləcək böhran 2008-2009-cu illərin böhranından daha da ağır olacaqdır. Eyni zamanda, dünya bazarlarında neftin qiymətinin kəskin aşağı düşməsi, demək olar ki, 2 dəfədən çox aşağı düşməsi, bizim iqtisadiyyatımıza da böyük problemlər yarada bilər və təbii ki, bizim gəlirlərimiz azalır. Buna baxmayaraq, bu ilin dövlət büdcəsinin icrası ilə bağlı bir daha demək istəyirəm ki, heç bir problem olmamalıdır”.

Dövlət iqtisadiyyata dəstəyini əsirgəmir və bütün sahələr üzrə lazım olan bütün yardımları artıqlaması ilə göstərir. Bu sahələrdən biri də özəl sektordur. İndi ölkədə 44 min sahibkarlıq subyektinin 304 min əməkdaşı ciddi rejimli karantin səbəbindən işləmir. Vətəndaşların aylıq maaşlarını almaması və sahibkarlıq subyektlərinin gəlirlərini itirməsi dövlətin sosial mahiyyətinə zidd olmaqla bərabər həm də böhran şəraitində böyük iqtisadi zərbədir. Obrazlı desək, zərbə bu gün endirilsə də onun səsi uzun müddətli rezonans yaradacaq. Buna yol vermək olmaz. Bu səbəbdən pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən 292 min fərdi mikrobiznes subyektinə və fərdi sahibkarlara maliyyə dəstəyi proqramı yaradılıb.  Məqsəd iş yerlərinin azaldılmaması, işçilərə və sahibkarlara birbaşa maliyyə dəstəyinin təmin edilməsidir.

Adıçəkilən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə vergi güzəştləri, imtiyazları və tətilləri proqramı, sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit zəmanəti dəstəyi proqramı da bu sıradandır. Proqramın həcmi yarım milyard manatdır. Bundan əlavə  pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit zəmanət dəstəyi proqramı da bu qəbildəndir. Bu, obyektlərin fəaliyyətini davam etdirməsi üçün geniş üfüqlər açan bu proqrama isə 1 milyard manat vəsait ayrılıb. Çünki, böhran zamanı gözlənilən fəsadlar ağırdır və bunların aradan qaldırılmasına dövlət dəstəyi olmazsa, maneələri dəf etmək müşkülə düşər.

Göründüyü kimi, dövlət maddi və mənəvi dəstəyi hərtərəfli göstərir. 2008-2009-cu illər böhranından sonra qeyri-neft sektorunun vüsətli inkişafı və geniş miqyaslı ərzaq təhlükəsizliyi proqramları sayəsində indi Azərbaycanın özəl sektoru iqtisadi tərəqqidə özünəməxsus sanballı çəkiyə malikdir. Bu çəkini qoruyub saxlamaq və gələcək inkişafa təkan vermək çox lazımdır. Dövlət də lazım olanı edir. Bununla da pandemiyanın vuracağı zərər minimuma endirilir. Şübhəsiz ki, görülən tədbirlər bu böhranı da uğurla dəf etməyə imkan verəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz