Əlaqə Arxiv
news Image
2020.04.02
14:01
| A A A
Dövlət iqtisadi artımı və sahibkarlığı dəstəkləyəcək

 

Koronavirus pandemiyasının iqtisadiyyatlarda və əhalinin gəlirlərində yaratdığı neqativ təsirləri aradan qaldırmaq və ya minimuma endirmək məqsədilə dövlətlər tərəfindən müxtəlif güzəştlər və dəstək tədbirləri həyata keçirilir. Azərbaycanda da dövlət dəstək alətlərindən istifadəyə hazırdır.

Dəstəyin nədən ibarət olacağına dair ilkin məlumatlar açıqlanıb. İqtisadiyyat Nazirliyi tərəfindən açıqlanan məlumata əsasən, iqtisadi artıma və sahibkarlığa dəstək məqsədilə 2,5 milyard manat ayrılması nəzərdə tutulur. Bu məbləğ ümumi daxili məhsulun (ÜDM) 3 faizinə bərabərdir.

Dünyanın bir çox ölkələrində sahibkarlara və əhaliyə iqtisadi dəstəyin göstərilməsinə çalışılsa da hər ölkədə Azərbaycanda olduğu qədər yüksək dəstək nümayiş etdirilmir. Azərbaycanın yüksək dəstək nümayiş etdirməsi onun maliyyə imkanlarının geniş olması ilə bağlıdır.

Dövlətin dəstəyi ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılmasına kömək edəcək. Ümumilikdə, 600 minə yaxın muzdlu işçiyə maddi dəstək göstəriləcək.

Məlumdur ki, ölkəmizdə pandemiyanın qarşısının alınmaması məqsədilə bəzi sahələrdə əmək fəaliyyətinə tam qadağa gətirilib. Bunlar ticarət sahələri, ictimai iaşə müəssisəsələri, nəqəliyyat, sənaye və digər sahələrdir. Bu sahələrdə ümumilikdə 304 min muzdlu işçi çalışır. Həmin işçilərin əmək haqlarının ödənilməsi üçün işəgötürənlərə maliyyə dəstəyi veriləcək. İşəgötürənlərə veriləcək dəstək hesabına bu sahələrdə iş yerlərinin azaldılmasının qarşısı alınmış olacaq.

Adıçəkilən sahələrdə çoxlu sayda mikro sahibkar da fəaliyyət göstərir. Onların sayı 292 mindir. Mikro, yəni fərdi sahibkarlara maliyyə dəstəyi veriləcək ki, bu da onların iş yerlərinin qorunmasına kömək edəcək. Fərdi sahibkarlıq sahələrində muzdlu işçilər də var. Onların sayı 57 mindir. Dövlətin maliyyə dəstəyindən həmin işçilər də faydalanacaq.

Birbaşa maliyyə dəstəyi ilə yanaşı dövlət pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə dolayı dəstək də göstərəcək. Dolayı dəstək 3 formada, vergi güzəştləri, imtiyazları və tətillər şəklində olacaq.

Bu istiqamətdə mikro sahibkarlıq subyektlərinə müvafiq müddətdə sadələşdirilmiş vergi üzrə güzəştin veriləcək, əmlak və torpaq vergisindən azadolmalar tətbiq olunacaq, mənfəət vergisinə müvafiq məbləğdə və müddətə azadolmalar tətbiq ediləcək, ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslər üçün sadələşdirilmiş verginin azaldılması, mənfəət vergisi ödəyicilərində isə mənfəət vergisindən azad edilməsi nəzərdə tutulub. Bunlardan başqa bəzi vergi ödəyicilərinin müvafiq müddətə ƏDV-dən azad edilməsi, güzəştlər veriləcək fəaliyyət sahələri üzrə müvafiq müddətə cari vergi ödəmələrindən azad edilməsi, 2019-cu ilin nəticələrinə görə mənfəət vergisinin verilməsi müddətinin uzadılması, vergi hesabatlarının verilməsi müddətinin, habelə vergilərin ödənilməsi müddətinin uzadılması planlaşdırılır.

Əhalinin ərzaq və tibbi ehtiyacları üçün zəruri olan bəzi məhsulların ƏDV-dən müddətli azad edilməsi (bəzi məhsulların idxalının və satışının ƏDV-dən azad edilməsi), əhalinin ərzaq, tibb və digər zəruri məhsullara olan tələbatının qısa müddətdə və daha çevik tənzimlənməsi məqsədilə həmin məhsulların istehsalı ilə bağlı xammal və materialların ƏDV-dən azad edilməsi nəzərdə tutulub. Bu tədbirlər hesabına ölkəmizdə əsas ərzaq məhsullarının ucuzlaşması gözlənilir.

Fiziki və hüquqi şəxslər tərəfindən Koronavirusla Mübarizəyə Dəstək Fonduna köçürülən ianələrin mənfəət (gəlir) vergisi məqsədləri üçün gəlirdən çıxılması, epidemiyanin qarışının alınması ilə əlaqədar vergi ödəyicisi tərəfindən göstərilən əvəzsiz xidmətlərin göstərilməsinə görə ƏDV-nin sıfır (0) dərəcə ilə tutulması da nəzərdə tutulub.

Dövlət bu çətin günlərdə bankların sağlamlaşdırılmasına da xüsusi diqqət ayırıb. Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi proqramı qəbul ediləcək. Bu proqramın ümumi dəyəri 0,5 milyard manat təşkil edəcək.

Həmçinin pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət dəstəyi proqramı qəbul olunacaq ki, onun da dəyəri 1 milyard manatdır.

Karantin dövründə əhalinin maddi vəziyyətinin dəstəklənməsi üçün sosial paket də hazırlanaraq icra olunacaq. Bu istiqamətdə işsizlik müavinətinin, sosial yardımın və digər sosial dəstək tədbirləri görüləcək. 

Bunlarla yanaşı, sosial baxımdan həssas əhali qrupuna aid edilən ailələrin üzvü olan tələbələrin təhsil haqqı xərclərinin ödəniləcək, ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi göstəriləcək, əhalinin elektrik enerjisinin istehlakı üzrə limit artırılacaq, həyati vacib sərnişindaşıma fəaliyyəti sahələrinə dəstək olacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz