Əlaqə Arxiv
news Image
2020.04.03
14:47
| A A A
Biznes kreditlərinin qaytarılmasına verilən dəstək, iqtisadiyyata yeni sərmayə olacaq

Koronavirus pandemiyasının Azərbaycan iqtisadiyyatına vurduğu zərəri azaltmaq üçün hökumətin nəzərdə tutduğu dəstək tədbirlərindən biri də bankların sağlamlaşdırılması və biznes kreditlərinə verilən təminatla bağlı olacaq. İqtisadiyyat Nazirliyinin açıqladığı məlumata əsasən, dövlət bu məqsədlə 1,5 milyard manat həcmində dəstək verməyi planlaşdırır.

Bank sektoruna və kredit götürənlərə veriləcək dəstək 2 proqramda öz əksini tapacaq. Birinci proqram 500 milyon manatlıq dəstəkdən ibarətdir. Bu proqramda pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi göstəriləcək. Yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə dövlət zəmanəti veriləcək. Bunun üçün şərtlərdən biri kreditlərin maksimal faiz dərəcəsinin 15%-dən yuxarı olmaması, kreditlərin müddətinin 3 ilədək olmasıdır. Zəmanət verilən kreditlər üzrə faizlərin yarısının (15%-in 7,5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Bu məqsələ həm də Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsaitin ayrılacaq.

İkinci proqram da pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanəti nəzərdə tutur. Önun həcmi 1 milyard manatdır. Burada dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) nəzərdə tutulur.

Bunun üçün xüsusi vəsait ayrılacaq. Subsidiyalaşma Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçiriləcək.

Bunlardan başqa ipoteka və kredit zəmanət mexanizminə maliyyə dəstəyi proqramı da tətbiq ediləcək. Bu proqram çərçivəsində əlavə vəsaitlərin ayrılması planlaşırılır.

Biznes krediti götürənlərə dövlətin maliyyə dəstəyi verməsinin əhəmiyyəti böyükdür. Əgər kredit götürənlər biznes fəaliyyətinin məhdudlaşması səbəbindən borclarını qaytara bilməsə, banklar da öz öhdəliklərini yerinə yetirə bilməyəcək. Bu vəziyyətdə banklara pul yerləşdirən şəxslər, o cümlədən əhali qrupundan olan şəxslər öz pullarını ya gecikmə ilə əlacaq, ya da ümumiyyətlə aldə edə bilməyəcək. Belə bir hal yaranarsa, o zaman maliyyə bazarında durğunluq yaranması ehtimalı artacaq. Dövlət bunu nəzərə alaraq biznes krediti götürənlərə dəstək vermək haqqında qərar qəbul edib.

Bu haqda danışan İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı bildirib ki, dövlətin dəstəyi hesabına real kredit faizlər aşağı düşəcək. Onun fikrincə, bu, əslində iqtisadiyyata qoyulan sərmayədir: “Pul siyasətinin lövbəri tədriclə pul bazasından qısamüddətli faizlərin üzərinə keçirilməlidir. Çünki qısamüddətli faizlər nə qədər aşağı olsa, investisiya da bir o qədər çox olacaq. Azərbaycanda verilən kreditlər üzrə real faiz dərəcəsi inflyasiya da nəzərə alınmaqla 11,1%-dir. İndiki halda mövcud biznes kreditlərinin yükünün 10%-nin dövlətin subsidiyalaşdırması, yeni kreditlərin isə faizlərinin yarısının və zəmanətinin 60%-in dövlətin öz üzərinə götürməsi, əslində real faizin biznes üçün əhəmiyyətli dərəcədə aşağı salınmasıdır. Bu iki proqram çərçivəsində veriləcək 1,5 milyar manatlıq dövlət dəstəyi biznes kreditləri formasında iqtisadiyyata qoyulacaq sərmayədir”.

O həmçinin vurğulayıb ki, pul multiplikatorunu da nəzərə alaraq, 1,5 milyard manat dəstək daha da böyüyə bilər: “Dünya üzrə özəl sektora verilən kreditlər ÜDM-in 129,7%-ni təşkil etdiyi halda, Azərbaycanda bu göstərici 20,8% olub (2018-ci il üçün). Beləliklə, özəl sektorun kreditləşməsi üçün daha böyük potensial var. Biznes kreditlərinin dövlət tərəfindən subsidiyalaşdırılması və zəmanət verilməsi kommersiya banklarının risklərlə bağlı ənənəvi arqumentlərini aradan qaldırır. Dövlətin dəstək proqramı bank sektorunu da xilas edir. Bunun əvəzində bank sektoru ona uzadılan kömək əlini qiymətləndirməlidir və özəl sektorun maliyyələşdirilməsində daha fəal iştirak etməlidir”.

Qeyd edək ki, qlobal şokların təsiri altında kredit ödənişlərində yarana biləcək çətinliklərin aradan qaldırılması üçün bütün ölkələrdə biznes kreditlərinə dəstək verilməsi planlaşdırılır. Azərbaycanın bu istiqamətdə fəaliyyəti daha da genişlənə bilər. Bu karantin dövrünün müddətindən və onun  iqtisadi subyektlərə verəcəyi zərərdən asılı olacaq.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz