Əlaqə Arxiv
news Image
2020.04.07
10:25
| A A A
Banklar kredit götürənlərə güzəştlər edəcək?!
Daha əvvəl bank rəsmiləri dəfələrlə izafi likvidlikdən əziyyət çəkdiklərini, kredit vermək üçün daha çox müştəri axtardıqlarını bəyan ediblər

Koronavirus epidemiyasının Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması üçün iqtisadiyyatin müxtəlif sahələrinə, o cümlədən sahibkarlığa dövlət dəstəyinin göstərilməsi ilə bağlı proqramlar hazırlanıb. Həmin proqramlardan ikisi bank sektoruna və biznes kreditlərinə dəstəyin verilməsi ilə bağlıdır. Dövlət bu istiqamətdə 1,5 milyard  manat dəyərində dəstək verəcək.

Pandemiyadan zərər çəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə yeni verilən bank kreditləri üzrə kredit-zəmanət dəstəyi olacaq. Bu dəstəyin dəyəri 500 milyon manat səviyyəsində qiymətləndirilir. Dövlət yeni verilən 500 milyon manat həcmində kreditlərin 60%-nə zəmanət verəcək. Zəmanət ala bilmək üçün kreditlərin maksimal faiz dərəcəsi 15%-dən yuxarı olmamalı, kreditlərin müddəti 3 ili ötməməlidir.

Zəmanət verilən kreditlər üzrə faizlərin yarısı (15%-in 7,5%-i) dövlət büdcəsi hesabına subsidiyalaşdırılacaq. Sahibkarlığın İnkişafı Fonduna əlavə vəsait ayrılacaq. Digər bir proqrama əsasən pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin mövcud kredit portfeli üzrə kredit-zəmanət veriləcək. Bu məqsədlə 1 milyard manat dəstək nəzərdə tutulub. Proqrama əsasən, dövlət zəmanəti olmayan həcmi 1 milyard manat olan mövcud bank kreditləri üzrə birinci il üçün faiz dərəcəsinin 10% bəndinin subsidiyalaşdırılması (kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq) planlaşdırılır. Bunun üçün xüsusi vəsait ayrılacaq. Subsidiyalaşmanın Sahibkarlığın İnkişafı Fondu vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur.

Dövlətin sözügedən 2 fərqli proqramı hesabına bankların maliyyə vəziyyətinin sabitliyi təmin ediləcək, sahibkarların kredit öhdəliyini yerinə yetirməsində çətinlik yaranmayacaq.

Dövlətin banklara maliyyə dəstəyi zəruridir. Dövlət çətin dövrdə banklara kömək etdiyi kimi, gərək banklar da kredit götürənlərə güzəştlər tətbiq etsin.

Hamıya bəllidir ki, pandemiyanın yaratdığı çətinliklərlə əlaqədar iqtisadiyyatda ümumi aktivlik zəifləyib. Aktivliyin zəifləməsi elə bir haldır ki, ondan yalnız bir sahə deyil, əksər sahələr əziyyət çəkəcək. Buna görə də istər-istəməz məhdudiyyət tətbiq edilən sahələr olsun və ya olmasın, hamısında gəlirlərin azalması baş verəcək, insanlar öz maliyyə öhdəliklərini yerinə yetirməkdə çətinliklə üzləşəcək. 

Belə bir vəziyyətdə bankların öz təşəbbüsləri ilə vətəndaşlara müəyyən güzəşt tətbiq etməsi vacibdir.

Güzəşt bir neçə formada ola bilər. Birincisi, kreditlər üzrə aylıq ödənişlərin təxirə salınması mümkündür. Karantin müddətinə uyğun olaraq kredit ödənişləri iki və ya üç ay ertələnməlidir. Bununla bank müştərisinə kömək etməklə yanaşı, öz borcunu daha etibarlı şəkildə geri alacaq. Çünki tətbiq olunan güzəşt kredit götürənin maliyyə vəziyyətinin pisləşməsinin qarşısını alacaq və onun sonradan gəlirinin artırılmasına əlavə kömək olacaq.

İkinci bir tədbir kimi banklar kredit faizini və kredit müddətini uzada bilər. İndiki çətin dövrdə aylıq ödənişin məbləğinin aşağı olması borcalan üçün daha əhəmiyyətlidir. Bu halda borcalanın ödəmə qabiliyyəti yaxşılaşır.

Qeyd edək ki, bu kimi tədbirlərdən artıq xarici ölkələrdə istifadə edilib. Məsələn, Türkiyədə 4 böyük bank kredit borcunu ödəyə bilməyənlərə 3 aylıq möhlət verib. Oxşar təcrübə Avropa və ABŞ-da da tətbiq edilib.

Azərbaycanda olan bankların əksəriyyətinin belə imkanı var. Bank rəsmiləri dəfələrlə izafi likvidlikdən əziyyət çəkdiklərini, kredit vermək üçün daha çox müştəri axtardıqlarını bəyan ediblər. Deməli, banklar hazırda da 2-3 ay öz müştərilərinə möhlət verə və ya faizləri azalda bilər. Sadəcə, bunun üçün banklarda strateji yanaşma olmalıdır. Banklar nəzərə almalıdır ki, ölkədə yenidən problemli kreditlərin həcmi arta bilər, eyni zamanda müştərilərin kredit tarixçəsi pisləşə bilər. Bu halların təkrarlanmaması üçün kredit öhdəliyinin yüngülləşdirilməsi vacibdir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz