Əlaqə Arxiv
news Image
2020.04.08
10:19
| A A A
Neftin bahalaşma mərhələsi başlanır
Qiymətlərin ilk mərhələdə 40-50 dollar intervalında dəyişəcəyi güman edilir

Neftin qiymətində aprel ayının ilk günlərindən artım müşahidə edilir. Ayın 1-də “Brent” markalı neftin qiyməti 24,9 dollara, “Azeri Light” markalı neftin qiyməti 16,5 dollara endikdən sonra neft qiymətlərində artım əlamətləri var. Neftin bahalaşması mövcud qiymətlərin iri həcmdə neft hasil edən ölkələri qane etməməsi ilə bağlıdır. Bu ölkələrin sırasında ABŞ-da var. ABŞ-ın təşəbbüsü ilə OPEC və onunla əməkdaşlıq edən digər iri neft hasilatçıları arasında yenidən əlaqələr bərpa edilib və aprelin 9-da keçiriləcək video-konfransda gündəlik yeni neft hasilat kvotaları müəyyən ediləcək.

Neftin ucuzlaşması koronavirus pandemiyasının yaranması ilə bağlıdır. Dünyanın 200-dən çox ölkəsində virus yayılıb və ölkələr ona qarşı mübarizə məqsədilə karantin rejimi tətbiq edib. Karantin rejiminin tətbiqi iqtisadiyyatlarda aktivliyi aşağı salıb və nəticədə neft alışı kəskin şəkildə aşağı düşüb.

Koronavirusun yayılma arealının kiçildilməsi məqsədilə insanların hərəkətinə məhdudiyyət qoyulduğundan nəqliyyat vasitələrindən istifadə xeyli azalıb. Buna görə neftə tələb də kifayət qədər azalıb. Çünki hasil edilən neftin təxminən 80 faizi nəqliyyat vasitələri üçün yanacaq istehsalında istifadə edilir. Beynəlxalq Enerji Agentliyinin məlumatına əsasən, koronavirus pandemiyasına qədər dünyada hər gün 100 milyon barel neft alınırdısa, hazırda bu göstərici 80 milyon barelə, qarşıdakı aylarda isə hətta 70 milyon barelə enəcək. Qısa müddətdə neft istehlakı 20 faiz azaldığı halda neft hasilatı 96-97 milyon bareldə sabit qalıb. Neft istehlakının azalması fonunda onun hasilatının azalmaması neft qiymətlərinin kəskin enməsinə səbəb olub.

İndi istehsalçılar nefti sata bilmək üçün onu daha aşağı qiymətə təklif edirlər. Azərbaycan da eyni vəziyyətlə üzləşib. Əvvəllər Azərbaycanın ixrac etdiyi “Azeri Light” markalı neft “Brent” markalı neftdən daha baha satıldığı halda son günlərdə yaranmış yeni bazar şərtləri ilə əlaqədar olaraq daha ucuz satmağa məcburdur. Məsələn, aprelin 1-də “Brent” neftinin qiyməti 24-25 dollara satıldığı halda “Azeri Light” markalı neftin bir bareli 16,5 dollara satılıb. Halbuki, əvvəllər “Brent” nefti 55 dollara satılanda “Azeri Light” markalı neft 57 dollara alıcı tapırdı.

Aprelin 1-dən sonra neftin qiyməti xeyli yüksəlib. “Brent” neftinin qiyməti 33-34 dollara “Azeri Light” markalı neftin qiyməti 23-24 dollara çatıb. Əgər aprelin 9-da keçiriləcək görüşdə gündəlik hasilatın daha çox azaldılması ilə bağlı razılıq əldə edilərsə neft qiymətləri 40 dolları keçə bilər. Bu məqsədlə sadəcə OPEC+ölkələrinin deyil, həm də ABŞ, Kanada, Brazilya kimi iri hasilatçı ölkələrin də gündəlik hasilatı azaltması lazımdır.

ABŞ Prezidenti Donald Tramp bunun mümlün olduğunu söyləyib. O deyib ki, ABŞ lazım gələrsə, gələcəkdə neft hasilatını azaltmaq barədə qərar qəbul edə bilər.  “Bu, qəbul etməli olduğumuz bir qərardır. Bəlkə də qəbul edəcəyik, bəlkə də yox” - deyə, o bildirib. Tramp, belə bir qərar üçün müraciətin edilmədiyini də qeyd edib:  “Bunun avtomatik olaraq baş verəcəyinə inanıram. Çünki bazarda sadəcə olaraq tələb yoxdur”.

Rusiya da neft qiymətlərinin artırılmasını və bu məqsədlə hasilatın tənzimlənməsini istəyir. Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampla görüşəndən sonar belə bir açıqlama verib ki, Səudiyyə ABŞ-ın şist istehsalçılarını bazardan çıxarmaq üçün bu addıma getdi, amma Rusiyanın tərəfdaşlarına qarşı hansısa planı yoxdu. Əlavə edib ki, ABŞ qarışıq bazardakı bütün oyunçu-tərəfdaşların marağına uyğun qərar qəbuluna dəstək verməyə hazırdır, amma bir şərtlə - neftin onlara sərf eləyən qiyməti, yəni 42 dollar səviyyəsi təmin edilsin. Bu qiymətdə Rusiya ehtiyatlarını büdcədəyə cəlb etmədən büdcəsini icra edə bilir. Putin əmindir ki, bazarda satışa çıxarılan neftin həcmi 10 milyon barrel çəkilsə, tarazlıq yaranacaq.

ABŞ özü də bu məsələdə qızıl ortanı tapmağa məhkumudr. Çünki son 75 ildə görmədiyi nəhəng işsizlər ordusu və sənaye istehsalında kəskin düşüşlə üzləşib. Bir tərəfdən ucuz yanacaqla iqtisadiyyatın mühərriki olan istehlak xərcləri hesabına iqtisadiyyatı ayaqda saxlamalıdır, o biri tərəfdən də sərfəli bir qiymətlə şist neft istehsalçılarının kütləvi müfilsləşməsinin və özünün dominant enerji istehsalçısı mövqeyini qorumalıdır.

Hər halda OPEC+-un aprelin 9-dakı görüşü və onun qərarlarına dünya iqtisadiyyatatının reaksiyası çox maraqlı olacaq. Dünya iqtisadiyyatındakı mövcud tələbi nəzərə alsaq, neftin hasilatının azaldılması qaçılmazdır. Amma azalma nə qədər çox olsa da, qlobal iqtisadiyyat daha böyük qiymətləri həzm edə bilməyəcək. Çünki iqtisadiyyat böyük xərclərə hazır deyil. Buna görə də qiymətlərin ən yaxşı halda 40-50 dollar intervalında dəyişəcəyi güman edilir.

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz