Əlaqə Arxiv
news Image
2020.04.08
11:29
| A A A
Qiymət möhtəkirlərinin fəaliyyətinə son qoyuldu
Deputat: “Hesab edirəm ki, bu yöndə ölkə rəhbərinin xəbərdarlıq mesajları möhtəkirlik yolunu seçən və belə bir xəyalda olan insanlar üçün çox ciddi siqnal olmalıdır”

Nəhayət, Azərbaycanda tibbi maska və dezinfeksiya vasitələrinin istehsalına start verildi. Aprelin 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılışında iştirak ediblər.
Mərasimdə çıxış edən Prezident İlham Əliyev müraciətində bildirdi ki, əsas məsələlərdən biri apteklərdə və digər ticarət yerlərində süni qiymət artımına yol verməməkdir: “Bildiyiniz kimi, koronavirusla mübarizədə maskalardan istifadə xüsusi əhəmiyyət daşıyır. Qeyd etdiyim kimi, indi dünyanın bir çox ölkələrində bu sahədə problemlər yaşanır. Azərbaycanda da qıtlıq yaranmışdır və bəzi hallarda apteklərdə tibbi maskalar yoxdur. Ona görə bu istehsal bizə imkan verəcək ki, özümüzü təmin edək və koronavirusla mübarizə başa çatandan sonra da Azərbaycan artıq idxaldan asılı olmayacaq.
İndi əsas məsələlərdən biri də odur ki, apteklərdə və digər ticarət yerlərində süni qiymət artımı olmasın. Çünki maska qıtlığı artıq süni qiymət artımına da gətirib çıxarmışdır və bəzi hallarda maskaları altdan satırdılar. Bu hallara qətiyyən yol vermək olmaz və müvafiq dövlət qurumları çox ciddi nəzarət mexanizmi tətbiq etməlidirlər. Əgər süni qiymət artımı olarsa, bu işdə əli olan şəxslər ciddi cəzalandırılacaq. Çünki indiki pandemiya şəraitində belə addımlar xəyanət kimi qəbul ediləcək”.
Qeyd edək ki, müəssisədə İSO beynəlxalq standartlarına uyğun xammaldan istifadə olunmaqla birinci mərhələdə hər gün 120 min tibbi maska istehsal ediləcək. Maskalar qablaşdırıldıqdan sonra xüsusi avadanlıqla əlavə olaraq sterilləşdiriləcək. Yaxın günlərdə daha bir istehsal xətti qurulacaq və ikinci mərhələdə istehsal həcmi 2 dəfə artırılaraq gündəlik istehsal 200-250 min tibbi maskaya çatdırılacaq. Bu fonda süni qiymət artımı prosesinə son qoyulacağını demək olarmı?
Milli Məclisin deputatı Elman Nəsirov bildirdi ki, tibbi maska istehsalına başlanılması bu məhsul üzrə süni qiymət artımına gedənlərə ciddi siqnal olmalıdır. Onlar bu əməllərindən ya əl çəkəcək, ya da çirkin əməllərini davam etdirsələr qanun çərçivəsində ciddi cəzalara məruz qalacaqlar: “Hesab edirəm ki, tibbi maskalar və dezinfeksiya vasitələri istiqamətində süni qiymət artımlarına son qoyulması məsələsi artıq kifayət qədər aktual məsələdir. Ölkə Prezidenti İlham Əliyev öz çıxışlarında bir neçə dəfə süni qiymət artımı məsələsinə toxunub. Xüsusilə də cənad Prezident tibbi maskaların qiymətinin süni şəkildə şişirdilməsi, kimlərinsə möhtəkirliklə məşğul olması, xalqın ağır günündən istifadə edib şəxsi varlanmaq niyyətinə düşməsini öz çıxışlarında dəfələrlə qaldırıb. Prezident həmçinin belə möhtəkirlərə qarşı ciddi cəza tədbirləri görülməsi tapşırığını verib.  Yeri gəlmişkən, Prezidentin tapşırığından sonra bu çirkin işdə əli olan müəyyən insanlar da saxlanılıb və hüquqi müstəvidə onların hərəkətinə qiymət verilib. Ancaq başqa bir həqəqət də var ki, bütövlükdə koronavirus panmemiyası təhlükəsilə bağlı ölkədə tibbi materiallara tələbat kəskin şəkildə artdı. Belə olan vəziyyətdə, hətta möhtəkirlik halları olmasaydı da belə, onların çatışmamazlığı özünü göstərirdi.  Apteklərə konkret saatda və konkret miqdarda maskalar gəlirdi. Aptekdə işləyənlərin söylədiyinə görə də maksimim 30 dəqiqə ərzində gələn maskalar da satılır. Belə olan vəziyyətdə maska istehsalı məsələsi olduqca böyük aktuallıq kəsb edən məsələyə çevrildi. Prezidentin tapşırığı ilə Sumqayıt Kimya Sənaye Parkında “Bakı Tekstil Fabriki” MMC tərəfindən yaradılan tibbi maska istehsalı müəssisəsinin açılması bu mənada heç şübhəsiz, olduqca vacib addım oldu.  Qısa zaman kəsiyində belə bir istehsal sahəsinin yaradılması, onunla bağlı müvafiq texnologiyanın Türkiyədən alınıb gətirilməsi və onun sürətlə quraşdrılması, maskaların kütləvi istehsalına başlanılması indiki şəraitdə çox böyük qiymətə və dəyərə malik bir hadisədir.  İndiki reallıq fonunda da kimlərsə yenidən süni şəkildə maska qıtlıq yaradıb, təkrarən bu çirkin yolla varlanmaq eşqinə düşəcəklərsə, sözün həqiqi mənasında Vətənə xəyanət edəcəklər. Ona görə də onlar ən ağır şəkildə cəzalandırılmalıdır.  Hesab edirəm ki, bu yöndə ölkə rəhbərinin xəbərdarlıq mesajları həmin möhtəkirlik yolunu seçən və belə bir xəyalda olan insanlar üçün çox ciddi siqnal olmalıdır. Onlar özlərini yığışdırmalıdırlar.  Bilməlidirlər ki, cəzadan yan keçə bilməyəcəklər və bu cəza olduqca sərt olacaq”.
R. SOLTANOV

 

Sizin Reklam Yeriniz