Əlaqə Arxiv
news Image
2020.04.10
10:15
| A A A
Pomidor ucuzlaşacaq
Qadir Bayramlı: “Qiymətlər aşağı düşsə, pomidorun daxildə alışı artacaq”

Rusiyanın RİA Novosti agentliyi ölkənin Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir ki, nazirlik ölkəyə pomidor idxalının məhdudlaşdırılması təklifini nəzərdən keçirir. Təklifi nazirliyə Rusiyanın Meyvə və Tərəvəz İstehsalçıları Milli Birliyi verib. Milli Birlik təklifində qeyd edib ki, son günlər ölkədə tələbin azalması ilə əlaqədar pomidorun qiyməti 50 faizə qədər aşağı düşüb. Bu səbəbdən Rusiyada pomidor istehsalı ilə məşğul olan istixana sahibləri zərərlə üzləşiblər. Milli Birlik hesab edir ki, Rusiyada olan istehsalçıları qorumaq üçün qiymətlərin artırılması vacibdir və bu məqsədlə də idxalın məhdudlaşdırılması zəruridir.

Rusiya qonşu olduğu ölkələrin bir çoxundan pomidor idxal edir. Amma bu ölkəyə daha çox pomidoru Azərbaycan satır. Buna görə də əgər Milli Birliyin təklifi keçərsə, Azərbaycan pomidorunun Rusiyaya ixracı çətinləşəcək.

Statistikaya əsasən, 2020-ci ilin yanvar-fevral aylarında Azərbaycan 19,1 min ton pomidor ixrac edib. Bu ilin iki ayında pomidor ixracı ötən ilin eyni dövrünə nisbətən 3,8 min ton artıb. İxrac edilən pomidorun dəyəri 24,7 milyon dollar olmaqla ötən ilin eyni dövründən 39 faiz çoxdur.

Bəs, Rusiya Kənd Təsərrüfatı Nazirliyi ölkəyə pomidor idxalının məhdudlaşdırılması təklifini qəbul edərsə, bu, qərar Azərbaycan istehsalçılarına necə təsir edəcək? Bu halda bütün məhsulu ölkə daxilində realizə etmək mümkün olacaqmı?

Kənd təsərrüfatı sahəsi üzrə ekspert Qadir Bayramlının fikrincə, Rusiya Azərbaycandan pomidor idxalını tamamilə dayandıra bilməz. O xatırlatdı ki, iki ölkə arasında son dövrlərdə müxtəlif razılaşmalar əldə edilib, o cümlədən ticarətin asanlaşdırılması ilə bağlı razılaşmalar var. Ekspert əmindir ki, Azərbaycan hökuməti bu razılaşmalara istinad edərək Rusiya tərəfi ilə görüşüb məsələləri yoluna qoyacaq.

Digər tərəfdən Q.Bayramlı hesab edir ki, Rusiya uzun müddət pomidor idxalına qadağa tətbiq edə bilməz. Çünki Rusiyanın əhalisi çoxdur və yerli istehsal o tələbatı ödəmək imkanına sahib deyil. Buna görə də ekspert əmindir ki, qadağa tətbiq edilsə də qısa müddətdən sonra Rusiya yenidən idxalı bərpa etməlidir. Əks təqdirdə Rusiyada qiymətlər xeyli yüksələcək.

Q.Bayramlı deyir ki, bu kimi hallar ixrac coğrafiyasının şaxələndirilməsinin önəmli olduğunu bir daha təsdiqləyir. Ekspert bildirdi ki, ticarətdə ən önəmli məsələ bazarların şaxələndirilməsidir və Azərbaycan bu məsələnin əhəmiyyətini diqqətə almalıdır: “Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracında şaxələnmə zəifdir. Kənd təsərrüfatı məhsullarının ixracında uzun müddətdir ki, sadəcə Rusiya bazarlarına yönəldiyimiz üçün belə məsələlərlə üzləşirik.

Azərbaycan ixrac bazarının coğrafiyasını genişləndirməlidir. Ən azından keçmiş sovet respublikalarına və Şərqi Avropa ölkələrinə ixrac artırılmalıdır. Ölkəmizdə istehsal edilən kənd təsərrüfatı malları ekoloji cəhətdən təmiz məhsullar olduğununa görə onları Qərbi Avropa və digər qeyri-ənənəvi bazarlara da çıxartmaq olar. Bu məqsədlə həmin ölkələrə ixraca başlanılması və ya artırılması yolları araşdırılmalıdır”.

Q.Bayramlının firkincə, pomidor ixracında çətinlik yaranarsa, məhsullar əsasən daxili bazara yönələcək. O hesab edir ki, bu halda daxildə pomidorun qiymətində ciddi enmə baş verəcək: “Azərbaycanda qış dövründə istixanalarda yetişdirilən məhsulların satış həcmi az olur. Bunun əsas səbəbi istixana məhsullarının baha satılmasıdır. Əgər bu dəfə qiymətlər aşağı düşsə, onun daxildə alışı da artacaq. Həm də nəzərə almaq lazımdır ki, istixanalarda yetişdirilən pomidorun miqdarı, yay aylarında yetişdirilən tarla pomidorunun miqdarı qədər çox deyil. Pomidor yayda ona görə ucuz olur ki, bazarda satışa çıxarılan məhsul çox olur. Bu dəfə satışa çıxarılan pomidorun miqdarı artarsa, qiymət enəcək və onun alışı artacaq”.

Əlavə edək ki, Azərbaycanda bir ildə 620 min ton pomidor istehsal edilir. İstehsal edilən pomidorun 20 min tonu ərzaq məhsullarının istehsalında, 380 min tonu emal edilmədən ərzaq məhsulu kimi istifadə edilir. Pomidorun 180 min tona qədəri ixraca yönəldilir, daha 40 min ton pomidor isə itkiyə gedir.

Statistika göstərir ki, Azərbaycan pomidor ixracını azaltdıqda daxildə qiymətlər enir və pomidor istehlakı artır. Məsələn, 2013-cü ildə qiymətlərin əlverişli olması səbəbindən pomidor istehlakı 417 min ton olub. 

 

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz