Əlaqə Arxiv
news Image
2020.04.10
10:26
| A A A
Yerli məhsulların çeşid və həcminə tələb artır
İdxaldan asılılığın azaldılması təhlükəsizliyimizin artırılmasına xidmət edəcək

Tibbi maska ilə təminatda yaranan çətinlik göstərdi ki, mühüm məhsulların idxaldan asılılığının azaldılması vacibdir. Azərbaycan əvvəllər tibbi maska istehsalı ilə məşğul olmurdu. Bu məhsul qoruyucu vasitə kimi daha çox xəstə olan insanlar, xəstəxanalarda çalışan tibb işçiləri tərəfindən istifadə edilirdi. Buna görə də ölkəmizdə tibbi maskaya tələb aşağı idi və həmin məhsullarla təminat idxal hesabına ödənilirdi. Gün ərzində ölkəmizdə tibbi maska alışı 10-20 min ədəd həddini keçmirdi. Lakin koronavirus pandemiyasının yaranması tibbi maskaya tələbi kəskin artırdı. Bu məhsula tələb dünyada da kəskin artdığına görə həmin məhsulun ölkəmizə idxalında çətinlik yarandı. Yalnız idxalda çətinlik yarandıqdan sonra ölkəmizdə də tibbi maska istehsalına qərar verildi və qısa müddətdə istehsalın təşkili təmin edildi.

Bu təcrübə göstərdi ki, ölkəmizdə əksər məhsulların istehsalını təşkil etmək mümkündür. Sadəcə bunun üçün iqtisadi təşəbbüs və zəruri maliyyə dəstəyi lazımdır. Tibbi maska vacib əmtəədir və belə məhsulların hər birinin yerli istehsalının təşkili vacibdir. Əvvəllər tibbi maskanın bazarı kiçik olması onun istehsalına marağı azaldırdı. Amma son aylarda baş verənlər göstərdi ki, bu cür məhsulların istehsalı əhəmiyyətlidi və onların istehsalının təşkilinə dövlətin daha əsaslı iqtisadi dəstək verməsi lazımdır.

Tibbi maska fonunda məlum oldu ki, Azərbaycan bir çox məhsullara tələbi yerli istehsal hesabına təmin etməklə daha təhlükəsiz mövqeyə çıxır. Buna görə də digər bir sıra idxal məhsullarının da bu fonda yerli istehsal hesabına təmin edilməsi yaxşı olardı.

Kənd təsərrüfatı məhsulları ilə təminatda ciddi çətinlik yoxdur. Bəzi məshulların təminatında xaricdən asılılır yüksək olsa da, ümumən vəziyyət qənaətbəxşdir. Sənaye istehsalından keçən qida məhsulları ilə təminat da yaxşı vəziyyətdədir. Amma bəzi məhsullar var ki, burada vəziyyət yaxşı deyil. Ölkəmiz düyüyə olan ehtiyacın 80 faizini, bitki yağlarının 73 faizini, şəkər istehsalı üçün xammalın 90 faizini, çayın 63 faizini idxal hesabına ödəyir.

Ümumən, Azərbaycanda yerli istehsalın təşkilini zəruri edən sahələr əczaçılıq və bir çox gündəlik istehlak mallarının istehsalı sahələridir. Ölkəmiz mühüm əczaçılıq məhsullarının 95 faizindən çox hissəsini idxal edir. Gündəlik istehlak mallarının da 60 faizindən çoxu xaricdən alınır. Bunun nəticəsidir ki, pərakəndə ticarətdə idxal mallarının payı 40 faiz səviyyəsindədir.

Bu məqsədlə ölkəmizdə hökmən qeyri-neft sənayesi inkişaf etdirilməli, bütün sahələr üzrə sənaye müəssisələri yaradılmalıdır. Ölkədə ilk növbədə daha çox idxal edilən məhsullardan asılılığın azaldılması istiqamətində tədbirlər həyata keçirilməlidir. Həmin məhsulların adları məlumdur.

Prezident İlham Əliyev regionların sosial-iqtisadi inkişaf məsələlərindən danışanda qeyd edib ki, sahibkarlar ilk növbədə xaricdən daha çox idxal edilən məhsulların istehsalına diqqəti artırmalıdır. Bunun sayəsində ölkəmizin idxal etdiyi məhsullardan asılılığı xeyli azala bilər.

Sahibkarlar ilk növbədə dövlət qurumları ilə birlikdə ölkəmizdə hansı məhsulların idxalında asılılığının olduğunu müəyyən etməlidir. Müəyyən oldunduqdan sonra həmin məhsulların Azərbaycanda istehsalının təşkili istiqamətində çalışmaq lazımdır.

Bəzi sahibkarlar mühüm əmtəələrin ölkəyə idxalını yüngülləşdirilməsini istəyirlər. Tibbi maska təminatı məsələsində də oxşar təkliflər səsləndirildi. Amma hökumət idxalın yüngülləşdirilməsini təşviq etməli deyil. Hökumət daha çətin yol olan məhsulların yerli istehsalının təşkilini dəstəkləməlidir. Sahibkarlara bununla bağlı niyyət çatdırılmalıdır.

Bu məqsədlə İqtisadiyyat Nazirliyi ilə sahibkarların birgə müzakirələri, araşdırmaları güclənməlidir. İdxaldan daha çox asılı olduğumuz mühüm məhsulların istehsalı ilə bağlı sahibkarlar təşviq edilməlidir. Məsələn, Azərbaycan şəkər xammalının 90 faizindən çoxunu idxal edir və bunun üçün 200 min tondan artıq məhsula 200-300 milyon dollar məbləğin vəsait ödəyir. Əgər xaricdə olan şəkər istehsalçıları problemlə üzləşsə, Azərbaycan xam şəkərin idxalında çətinliklə üzləşəcək. Xam şəkərin istehsalını özümüz həyata keçirsək, sadəcə idxala xərclənən vəsait Azərbaycanda qalmır, həm də ölkəmizin ərzaq təhlükəsizliyi yaxşılaşmış olur.

Buna görə də sahibkarlar ilk öncə strateji yol kimi daxili istehsalın inkişafına stimullaşdırılmalı, onlara ucuz vəsait verilməli, əlverişli şərtlər təmin edilməlidir.

Vasif CƏFƏROV

Sizin Reklam Yeriniz