Əlaqə Arxiv
news Image
2020.04.11
07:33
| A A A
Ərzaq məsələsində də Azərbaycan işini ehtiyatlı tutub
Ölkədə bu sahədə vəziyyət istehlakı tam təmin etməyə imkan verir

Koronavirusun yayılması ilə əlaqədar görülən ciddi karantin tədbirlərinə görə yeyinti sənayesinin bir sıra sahələri fəaliyyətini dayandırıb. Bu da əhali arasında bəzi şayiələrin yayılmasına səbəb olub. Əslində, xarici qara qüvvələrin də bu işdə müəyyən rolu var. Belə ki, bəzi internet resurslarında kimlərsə çıxış edir, əhalini ehtiat görməyə, loru dildə desək, “mağazaları boşaldıb ərzağı evə daşımağa” təhrik edirlər. Yox, söhbət quldurluq əməlindən getmir. Sadəcə, deyilir ki, aclıq ola bilər, nə pulunuz varsa, undan, makarondan, yağdan, düyüdən alıb yığın evə, yoxsa sonra gec olar. Bu doğrudanmı gözlənilən problemdir?

Nazirlər Kabinetinin mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov deyib ki, “bu gün 3 aylıq ərzaq tədarükümüz var. Hətta özümüzü 6 aya kimi sığortalamışıq”. Onun sözlərinə görə, kənd təsərrüfatı sahəsində çalışanlara sərbəst hərəkət azadlığı da verilib: “Bu da ölkəni ərzaqla təmin edəcək. Müəyyən dalğalanma ola bilər və bu da indiki vəziyyətlə əlaqəli ola bilər”.

Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev isə bildirib ki, ərzaq tədarükü ilə bağlı tapşırıqlar verilib: “Azərbaycan Respublikası tərəfindən görülən tədbirlər kompleks və qabaqlayıcı xarakter daşıyır. Hətta yanvar ayının erkən dövrlərində dövlət başçımızın rəhbərliyi və tapşırıqları altında Azərbaycan Respublikası tərəfindən bütün sahələrdə, o cümlədən də ölkəmizin ərzaq tədarükü və təzchizatının müəyyən bir dövr ərzində davamlı şəkildə təchizi ilə əlaqədar zəruri tapşırıqlar verilib. Ona görə də zəruri ehtiyatlar təmin olunmuşdur. Yenə də hər şey müqayisədə gözəldir. Biz bəzi ölkələrdə panik bir əhval-ruhiyyənin yaşanmasını, həmçinin supermarketlərdə boşluqların olması kimi halları gördük. Amma Azərbaycanda hər birimiz şahidi olduq ki, bu kimi halların heç biri baş vermədi. Bu da zəruri tədarüklərin görülməsinin nəticəsi idi”.

Bütün bunlar faktdır və əhali də bunu görür. Üstəlik, bir amilə daha diqqətli yanaşmaq lazımdır ki, kənd təsərrüfatında işlər dayanmayıb. Payızlıq buğda əkini uğurla gedib və iyun ayında artıq taqxıl biçini başlayacaq. Yəni, nəinki 3 aylıq, hətta gələn il üçün də taxıl ehtiyatımız bol olacaq. Digər tərəfdən, bir faktı da nəzərdə saxlamaq lazımdır. Regionlardan həm rəsmi, həm də fərdi qaydada süd və süd məhsulları, bostan-tərəvəz məhsulları fiziki şəxslər tərəfindən satmaq üçün mərkəzi şəhərlərə, o cümlədən paytaxt Bakıya gətirilirdi. Hazırkı xüsusi rejimli karantin şəraitində də müvafiq virusdanqorunma qaydaları sərt şəkildə gözlənilməklə həmi məhsullar istehlakçılara çatdırılır. Supermarketlər, məhəllə mağazaları, şükürlər olsun ki, ağzına kimi doludur və bunu hamımız görürük. Yəni, 10 il əvvəlki böhrandan sonra Azərbaycanda qeyri-neft sektorunun inkişafının iqtisadi siyasətdə prioritet sahə elan edilməsi və xüsusi proqranmlarla bu sahənin irəliləməsinin təşviq edilməsi bu gün ölkəmizin ərzaq təminatının xeyli dərəcədə yerli məhsullarla təmin edilməsinə şərait yaradıb.

Xüsusi karantin rejimində restoran və kafelərin, iaşə müəssisələrinin bağlanması məntiqi surətdə ölkədə ərzağa qənaət edilməsinə gətirib çıxarıb. Əgər insan işləmirsə, demək enerji də sərf etmir və məntiqi surətdə istehlakı azaldır. Bu da bnir faktordur: ərzaq israfı xeyli dərəcədə azalıb. Başqa sözlə, anbarlarda olan məhsullarımız azalmayıb, əksinə, istehsal və idxal nəticəsində daha da artıb. Bu mənada əhalinin təşvişə düşməsinə heç bir əsas yoxdur. Başlıcası isə Azərbaycanın əməksevər kəndlisi, sənaye əsasında çalışan iri aqrosənaye kompleksləri əhalinin ərzaq məhsulları ilə təminatında oynadıqları mühüm rolu uğurla davam etdirirlər. Həyat davam edir və bir-iki aya həyatımızı tərk edəcək koronavirusdan sonra hər şey əvvəlkindən də yaxşı vəziyyətdə öz yoluna düşəcək.

N.NOVRUZ

Sizin Reklam Yeriniz